EN

Azərbaycan və Ermənistan XİN başçıları New Yorkda görüşür

Cümə axşamı günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naizri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antony Blinken ABŞ-ın Nyu-York şəhərində görüşür.

Bundan əvvəl eyni təkibdə görüş iyul ayının 10-da baş tutub.

Bakıda siyasi təhlilçi Əhməd Əlili BBC News Azərbaycancaya deyib ki, nazirlərin ABŞ-da görüşündən xüsusi bir gözləntisi yoxdur, çünki görüş ölkə rəhbərləri səviyyəsində deyil.

Amma təhlilçiyə görə, Azərbaycan XİN başçısının görüşə qatılması onu göstərir ki, Bakı Qərbi, Ermənistanı silahlandırmaqda günahlandırsa da, ABŞ vasitəsi ilə danışıqlara razıdır və bu platformaya qatılır.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən BMT-də keçirilən debatda deyib ki, onun hökuməti Cənubi Qafqazda münaqişənin bitməsində maraqlıdır.

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Erməni tərəfi sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrini Bakıda COP29-a qədər imzalamağı təklif edib ki, bununla da sülh prosesinin irəliləməsi üçün əlverişli mühit yaradılsın". Nikol Paşinyan bildirib.

Bakı və Yerevan son vaxtlar sülh müqaviləsi üzrə danışıqlarda dalana dirənib. Digər tərəfdən, iki ölkənin sərhədlərinin delimitasiyası sahəsində irəliləyiş var.

Ermənistan Konstitusiyası Azərbaycanla sülhə niyə maneədir?Ermənistanda niyə konstitusiyanı dəyişdirmək istəyirlər?Paşinyanın “Sülh Qovşağı” xəritəsində Azərbaycanın indiyə qədərki tələblərindən fərqli nə var? İlham Əliyev danışıqlar barədə nə deyib?

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Milli Məclisdə sülh danışıqları barədə deyib ki, "Ermənistan bu məsələni süni şəkildə uzadır".

Onun sözlərinə görə, Ermənistan sonuncu dəfə 70 gün sonra sülh sazişi layihəsinin mətninə öz cavabını göndərib.

"Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq", - İlham Əliyev deyib.

Prezident yekunda deyib ki, Azərbaycanın şərtləri yerində qalır.

"Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır".

Tərəflər sülh sazişində müddəaların 80 faizini razılaşdırdığını bəyan edib, amma detallar ictimaiyyətə bəlli deyil.

Chosen
13
bbc.com

1Sources