EN

Azərbaycanda “Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi” yaradılacaq VİDEO

Azərbaycanda

Bakı, 25 sentyabr, AZƏRTAC

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandum Azərbaycanda ilk dəfə təşkil olunmuş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində imzalanıb.

Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqəsdilə ölkəmizdə “Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi” fəaliyyətə başlayacaq. Tvinniq mərkəzi tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi, rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirməyi nəzərdə tutur.

Anlaşma Memorandumuna uyğun olaraq XRİTDX tərəfindən tvinniq mərkəzinin fəaliyyəti üçün inzibati və strateji dəstək veriləcək və təlimlərin keçirilməsi üçün təlimçilər cəlb ediləcək. İnkişaf və Diplomatiya İnstitutu birgə elmi nəşrlərin hazırlanmasına, akademik əməkdaşlığın həyata keçirilməsinə dəstək göstərəcək və kiberdiplomatiya mövzusunda təlimlərin təşkilində iştirak edəcək. “ICI Buxarest” tvinniq mərkəzdə elmi-tədqiqat, tədris proqramlarının hazırlanması, həyata keçirilməsində, birgə layihələrin koordinasiya edilməsində, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində iştirak edəcək.

İmzalanma mərasimində tərəflər növbəti illər üçün nəzərdə tutulan planlarından danışıb, memorandum əsasında yaradılacaq “Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi” tərəfindən həyata keçiriləcək tədbirlər və layihələr haqqında müzakirələr aparıblar. Tərəflər kiberdiplomatiya və informasiya təhlükəsizliyi üzrə birgə təhsil proqramlarının, seminarlar və təlim kurslarının hazırlanması, eləcə də, kiberdiplomatiya sahəsində bilik və təcrübə mübadiləsi aparacaqlarını vurğulayıblar.

Anlaşma Memorandumu XRİTDX-nın rəis müavini general-mayor Allahverən İsmayılov, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, “ICI Buxarest” Universitetin elmi rəhbəri Dr. Carmen-Elena Cirnu tərəfindən imzalanıb.

Qeyd edək ki, ötən ilin aprel ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın keçirilməsi üçün regional təmsilçilik eksklüziv olaraq Azərbaycana verilib.

11.46

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında üçtərəfli anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək üçün ölkəmizdə “Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi” fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçirilən 1-ci beynəlxalq Kiberdiplomatiya konfransında çıxışı zamanı deyib.

“Mərkəz həm də tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq, qarşılıqlı əlaqəni genişləndirməyi hədəfləyir. Bununla yanaşı, xidmətin Azərbaycan Texniki Universiteti ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində universitetdə müvafiq olaraq “Zərərvericilərin Analizi Laboratoriyası” və Bakı Ali Neft Məktəbi ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində təhsil ocağında “İnformasiya Təhlükəsizliyi Testləri Laboratoriyası”nın qurulması işlərinə başlanılıb. Bu layihələr tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsullarını hazırlayıb tətbiq etmək, birgə tədqiqatlar və təcrübə mübadiləsi aparmaq, real layihələrdə iştirak etmək kimi fürsətlər yaradacaq”, - deyə İlqar Musayev bildirib.

Chosen
1
8
azertag.az

10Sources