EN

Azərbaycanda quru sərhədlər yenə bağlı qaldı

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 1-dək uzadılıb.

Bununla bağlı Nazirlər Kabineti çərşənbə günü qərar verib.

Bu qərara görə, Naxçıvan-Türkiyə istisna olmaqla, ölkənin quru sərhədləri daha bir müddət bağlı qalacaq.

Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında vurğulayıb ki, quru sərhədlərin bağlı qalması daha çox təhlükəsizlik səbəbləri ilə bağlıdır.

O, bazar ertəsi yeni parlamentin ilk iclasındakı çıxışında da deyib ki, sərhədlərin bağlı olması ölkəni "çox böyük fəlakətlərdən" xilas edib.

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”, - İlham Əliyev deyib.

Ancaq İlham Əliyev hansı təhlükəli hərəkətlərin baş verdiyini açıqlamayıb və detallara varmayıb.

Azərbaycan 2020-ci ilin martından bəri koronavirus pandemiyasına görə, ölkənin quru sərhədlərini gediş-gəlişə bağlayıb. Quru sərhədlər yalnız yük daşımalarına və Türkiyə istiqamətində Naxçıvan qeydiyyatında olanlara açıqdır.

Ölkə müxalifəti və ictimai fəallar quru sərhədlərin hələ də bağlı qalmasına görə hakimiyyəti tez-tez tənqid edir.

BBC News Azərbaycanca Bakı sakinlərinin quru sərhədlərin hələ də bağlı qalması və Prezident İlham Əliyevin təhlükəsizlik haqqında dedikləri ilə bağlı fikirlərini öyrənib.

Videonu Youtube kanalımızda izləyin.

Chosen
10
bbc.com

1Sources