EN

27 sentyabr həm də fəxr, iftixar günüdür ŞƏRH

27 sentyabr Azərbaycan xalqının tarixində çox önəmli bir yer tutur. Azərbaycan xalqı bu günü şəhidlərimizin anım günü-milli qürur günü kimi qeyd edir. 44 günlük Vətən müharibəsi zamanı igid əsgər və zabitlərimiz ölkəmizin ərazi bütovlüyü və suverenliyi uğrunda canlarından keçərək, 30 ildən çox düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmancasına döyüşdülər, şəhid oldular. Üçrəngli bayrağımızla məsud yaşamağımız üçün əsgər və zabitlərimiz “səndən ötrü can verməyə cümlə hazırız”, səndən ötrü qan tökməyə cümlə qadiriz” deyərək öz canlarını Vətən uğrunda fəda etdilər.

Azərbaycan ordusu əlverişli strateji yüksəkliklərin və mövqelərin düşmən tərəfində olmasına baxmayaraq duşmənin minalanmış müdafiə-istehkam xətlərini canı və qanı bahasına yararaq ərazilərimizi işğaldan azad etdi. Əsgər və zabitlərimiz 44 günlük vətən müharibəsi zamanı hər gün böyük zəfərə doğru addımlayır, kəndlərimiz və şəhərlərimizi işğaldan azad edirdilər. Çətin tapşırıq olmasına baxmayaraq, ordumuzun əsas hədəfi Şuşa şəhərinin erməni işğalından azad edilməsi idi. Müzzəffər Ali baş Komandan İlham Əliyevin də dediyi kimi “Şuşasız işimiz yarimcıq qala bilərdi”. Şuşanın böyük strateji əhəmiyyəti var idi. Şuşa şəhəri mühasirədə olarkən, ermənilər deyirdilər ki, “kim Şuşaya nəzarət edirsə, bütün Dağlıq Qarabağa da nəzarət edir”. Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi. Şuşa azad edildikdən sonra Ermənistan ordusu cəmi bir gün döyüşə bildi və təslim oldu. Ermənistan kapitulyasiya aktına imza atdı. Bu gün Şəhidlərimizin qanı və canı hesabına Şuşada və işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır və əbədi dalğalanacaq. Ordumuzun sayəsində itirilmiş qürurumuzu və ləyaqətimizi geri qaytardıq. Azərbaycan ordusu bugün də düşmənin təxribatlarının qarşısını layiqincə alır və alacaq. Azəbaycan xalqının milli həmrəyliyi 44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında xüsusi rol oynamışdır. Beləcə Azərbaycan xalqı güclü iradəsini, əzmini, birlik və bərabərliyini bütün dünyaya göstərmiş oldu.

Vətən müharibəsi zamanı şəhid olmuş əsgər və zabitlərimiz dövlətimiz tərəfindən müxtəlif medal və ordenlərlə təltif olunmuşdur. Onların ailələrinə və yaxınlarına daima diqqət və qayğı göstərilmişdir. Şəhidlərimizin xatirəsi əbədiləşmişdir. Rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə almaqla insanlıq əleyhinə cinayətlər törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşdur. Ermənistan ordusu tərəfindən Gəncə, Mingəçevir (Su Elektrik stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonları ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Eləcə də Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, Bərdə rayonunda 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmışdır. Gəncə şəhəri və Bərdə rayonunda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

"Dəmir yumruq" əməliyyatı nəticəsində qazanılmış bu qələbə həm də birliyimiz, qürurumuz, zəfərimiz kimi tarix oldu Bu gün ölkəmizin qarşısında duran əsas məsələ işğaldan azad olmuş ərazilərdə böyük quruculuq-bərpa işlərinin sürətlə davam etdirilməsi, nəqliyyat ifrastrukturunun və kommunikasiya xəttlərinin yenidən qurulmasıdır. Görülən işlər “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında həyata keçirilir. 27 sentyabr fəxr günü, iftixar günüdür. Bu gün qələbəyə gedən yolumuzun başlanğıc günüdür. Bu gün müqəddəs bir gündür. Azərbaycan xalqı bu günü həm Anım Günü kimi, həm də qürur günü kimi qeyd edir. 27 sentyabr xalqımızın özünün özünə qayıtdığı gündür. Bu tarixi gün xalqımızın milli mənlik şüurunun inkişafında, vətənpərvərlik tərbiyəsinin güclənməsində müstəsna rol oynadı. Bu qələbə Azərbaycana sadəcə torpaqlarını qaytarmadı. Bu qələbə Azərbaycana vətənin timsalında həm də milli qüruru, özünəinamı qaytardı.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Chosen
16
41
sesqazeti.az

10Sources