EN

Birinci sinfə qəbulda yaşanan problemlər: Uşaq çatmır, yoxsa yer və etibar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-25-ci tədris ili üzrə 132 261 nəfər təhsil almaq üçün birinci sinfə qədəm qoyub ki, bu da ötən tədris ili ilə müqayisədə 4 142 nəfər azdır.
Ümumilikdə bu tendensiya son səkkiz ildir ki, davam edir.
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2017-18-ci tədris ili üzrə 164 523, 2018-19-cu tədris ili üzrə 162 855, 2019-20-ci tədris ili üzrə 161 404, 2020-21-ci tədris ili üzrə 157 916, 2021-22-ci tədris ili üzrə 155 649, 2022-23-cü tədris ili üzrə 149 837, 2023-24-cü tədris ili üzrə 136 403 nəfər birinci sinfə qədəm qoyub.
Maraqlıdır, birinci sinfə gedənlərin sayının azalmasının səbəbi nədir?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil eksperti Elçin Murad bildirib ki, birinci sinfə gedənlərin sayının azalmasının başlıca səbəbi valideynlərin yaşadığı əraziyə yaxın məktəblərdə boş yer tapa bilməməsidir:
"Apardığım araşdırmalar nəticəsində onu deyə bilərəm ki, valideynlər bir çox səbəblərə görə övladlarının birinci sinfə qeydiyyatını aparmırlar. Bunun başlıca səbəblərindən biri yaşadıqları əraziyə yaxın məktəbin siniflərində boş yer tapa bilməmələridir. Valideyn işi və ya səhhəti ilə əlaqədar övladını uzaq məktəblərə apara bilmir.
Digər bir səbəb isə bəzi valideynlərin qeydiyyatın elektron sistemlə aparılması barəsində anlayışının olmamasıdır. Qeydiyyat başlayanda müraciət edə bilmir, gecikdiyi üçün isə övladını növbəti il üçün qeydiyyata salmaq məcburiyyətində qalır.
Bir qisim valideyn isə uşağı məktəb yaşına çatmasına baxmayaraq, onu bir yaş daha böyüdükdən sonra məktəbə yollayır. Bu mövzuda biz valideynlərin haqlı olduğunu görürük.
Bəzi valideynlər məktəblə maraqlandıqda neqativ halları, özbaşınalığı, böyük şagirdlərin kiçikləri incitdiklərini müşahidə edirlər. Beləliklə, geri addım ataraq, övladlarını məktəbə yollamırlar.
Qeyd olunan məsələlər üzrə maarifləndirici tədbirlər, valideynlərlə görüşlər təşkil edilməli, məktəbyaşlı övladı olanlarla stimullaşdırıcı danışıqlar aparılmalıdır".
Ekspertin sözlərinə görə, doğum sayında azalmanın olması da birinci sinfə başlayan şagirdlərin sayına təsir edir:
"Doğum sayının azalması daha çox sosial durum və müəyyən xəstəliklərlə bağlıdır. Valideyn övlad dünyaya gətirdikdən sonra dolandıra bilməməkdən ehtiyat edir. Bu gün hər hansı bir xəstəxanada araşdırma aparsaq, uşaq dünyaya gətirə bilmək üçün müalicə alan minlərlə pasiyentin olduğunu görə bilərik. Bu da təbii şəkildə növbəti illərdə birinci sinif şagirdlərinin sayının azalmasına səbəb olur".
Sosioloq Əhməd Qəşəmoğlu isə birinci sinfə gedənlərin sayının artması üçün üçuşaqlı ailə modelinə keçməyin vacib olduğunu vurğulayıb:
"Kiminsə maddi vəziyyətinə, kasıblığa görə övladını dərsə göndərməməsi inandırıcı deyil. Burada əsas səbəb doğulanların sayının az olmasıdır. Vətəndaşlar daha çox bir uşaq dünyaya gətirməyin tərəfdarıdırlar. Bu da özlüyündə həm əhali sayının azalmasına, həm də birinci sinfə gedən şagirdlərin sayına təsir edir. Ona görə də Azərbaycanda üçuşaqlı ailə modelinə keçmək lazımdır. Bunun üçün lazımi hüquqi baza, sosial müdafiə sistemi hazırlanmalı, maarifləndirmə aparılmalıdır.
Ailədə beş-on uşağın olmasına da ehtiyac yoxdur. Bu qədər uşağı olub, onları savadsız, kriminal aləmə meyilli fərd kimi yetişdirməkdənsə, üç uşağı sağlam, düzgün yetişdirmək daha yaxşıdır. Əsas məsələ odur ki, uşaqlar fiziki cəhətdən sağlam, mənəvi cəhətdən zəngin, əməksevər olsunlar. Bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin xüsusi diqqəti və ümumi ortaq fəaliyyət proqramı olmalıdır".
Aytac Qasımova
Chosen
4
50
oxu.az

10Sources