EN

Toy karvanında dəhşətli qəza: ölənlərin sayı 5-ə çatıb – YENİLƏNİB 2

Biləsuvar, 24 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi MAN markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, daha bir nəfər - 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.

16:26

Biləsuvarda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub. Belə ki, Bəhrəmtəpə-Biləsuvar yolunda toy karvanında olan “LADA-012” markalı minik avtomobili MAN markalı yük maşınına çırpılıb.

AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib. Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

15:24

Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

Chosen
14
7
azertag.az

10Sources