EN

BRİCS və G7: qlobal enerji qaynaqları uğrunda mübarizə

Birinci qrup ölkələrdə iqtisadi artım daha sürətlidir

2024-cü ildə BRICS-ə yeni üzvlər qəbul edildi. İran, Misir, Efiopiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bloka qoşulmaqla onu bir az da gücləndirdilər. Bu yaxınlarda quruma üzv və namizəd ölkələr Rusiyanın Kazan şəhərinə toplaşacaqlar. 

Gündəmdə təbii ki, kluba üzvlük­lə bağlı müzakirələr də aparılacaq. Neçə müddətdir ki, BRİCS-ə can atan Malayzi­ya bu görüşdə böyük ehtimalla məqsədinə çatacaq. Azərbaycan, Tayland, İndoneziya, Türkiyə və Vyetnam da beynəlxalq quruma üzvlüyü hədəfə alıb.

NATO-ya üzv olan Türkiyənin bu niy­yəti hamını təəccübləndirib. 2024-cü ilin iyununda Ankara BRİCS-ə qoşulmağa ha­zır olduğunu bəyan edib. Xarici işlər naziri Hakan Fidan Ankara ilə BRİCS arasında xeyli müddətdir danışıqlar aparıldığını qeyd edib və bu bloka üzvlüyü yüksək qiy­mətləndirib. O, BRİCS-in müxtəlif mədə­niyyətlərə və sivilizasiyalara aid dövlətlə­ri birləşdirməsi faktını xüsusilə bəyənib. Bəli, bu geniş platforma qurumu başqa ölkələr üçün daha cəlbedicidir. BRİCS ilə G7 arasında rəqabəti gücləndirir. Sonda kim qalib gələcək? 

G7 BRİCS-ə qarşı

Dünya dəyişir, lakin hay-küylə deyil, yavaş-yavaş. Qlobal şahmat taxtasında iki oyunçu var: qızıl–valyuta ehtiyatlarını ələ keçirmiş G7 və onlara rəqib olmağa cəhd edən BRİCS. 

Qeyd edək ki, G7 qlobal iqtisadi nəhənglərin klubudur. Onlar dünyanın ümumi daxili məhsulunun 43 faizinə nə­zarət edirlər və düşünürlər ki, bu, əbədi olaraq davam edəcək. Lakin Qərb öz do­minatlığından həzz aldığı bir vaxtda BRİ­CS ölkələrinin əsas iqtisadi göstəriciləri qlobal iqtisadiyyatda qurumun payının sürətlə artmasından xəbər verir. Proq­nozlara görə, G7 ölkələrində illik ümumu daxili məhsulun artımı 1–2 faiz ətrafında gözlənilir. BRİCS ölkələrində isə iqtisadi artım daha yüksəkdir. Bu göstərici orta hesabla 5-6 faiz təşkil edir. 2050-ci ilə qədər BRİCS üzvləri öz iqtisadiyyatları­nı 189-205, G7 ölkələri isə cəmi 50 faiz artıracaqlar. Bu, artıq qısa məsafəli yarış deyil, BRİCS tərəfindən uzun illərə he­sablanmış marafondur. Qurum üzvlərinin payı artıq bu gün qlobal ÜDM-də 31,5 faizə çatıb. Proqnozlara görə, 2028-ci ildə BRİCS ölkələri qlobal ÜDM-in 33,6 faizini istehsal edəcək. G7 ölkələrinin hə­min dövrdə ÜDM-dəki payı isə 27,7 faizə qədər azalacaq. 

BRİCS ölkələri arasında ticarət döv­riyyəsi də sürətlə artır. Təkcə son 5 ildə ti­carətin həcmi 56 faiz artıb və bu, son hədd deyil. İran, Səudiyyə Ərəbistanı və Misir kimi ölkələr qurumu daha da gücləndirib­lər. Bu, bütün iştirakçılara daha çox resurs və bazarlara çıxış imkanı verib. 

Qızıl

G7 ölkələri daha çox qızıl ehtiyatları­na sahibdirlər. Öz anbarlarında 12 min ton qızıl saxlayırlar. Qiymətli metal ehtiyatı­nın 8 min 133 tonu ABŞ-a məxsusdur. Bu, onlara “rahatlıq verir”. BRICS-də isə cəmi 5 min 263 ton qızıl var. Bəli, bu çox şey­dir, amma hardasa, yaxın illərdə rəqəmlər arasında fərq azalacaq, hətta BRİCS qızıl ehtiyatına görə önə çıxa bilər. 

Neft

Əslində, 2 div arasında rəqabətdə önəmli olan neftdir. Və burada BRİCS söz sahibidir. Quruma üzv ölkələr dünya neft hasilatının 43 faizinə nəzarət edirlər. G7 bütün sərvətlərinə baxmayaraq, dünya nef­tinin yalnız 9 faizini təklif edə bilir. Bəli, pul yaxşıdır, amma resurslar, xüsusən də bu miqyasda fərq gələcəkdə güc balansı­nı BRİCS-in xeyrinə dəyişə bilər. Qurum dünya ticarətinin dörddə birinə və neft ba­zarının böyük bir hissəsinə nəzarət edir.

Minerallar və “yaşıl enerj”i

Bəs, yaşıl enerji? BRİCS təkcə neft hasil etmir, onlar nadir torpaq metalları­nın zəngin yataqlarına sahibdirlər. Dünya ehtiyatlarının 72 faizi onlara məxsusdur. Nadir torpaq metalları isə gələcəyin açarı­dır. Onlarsız nə bir elektrik avtomobili, nə də bir günəş paneli “yararlı” deyil. Təkmil batareyalar üçün platinin 83 faizi BRİCS ölkələrində hasil edilir.

G7 texnologiyalara sərmayə qoyduğu halda, BRİCS xammala nəzarət edir və bunsuz yaşıl inqilab səmərəsizdir. Çin artıq günəş panelləri bazarında liderdir və onla­rın planları iddialıdır – 2026-cı ilə qədər günəş enerjisinin gücünü 1 teravatta (1000 giqabayta (GB) bərabər ölçü vahidi) çat­dırmaq. Bəs, elektriklə işləyən avtomobil­lər? 2035-ci ilə qədər BRİCS ölkələrində bütün yeni avtomobillərin 60 faizdən çoxu elektriklə işləyəcək. Və bu fərziyyə deyil, reallıqdır.

Vahid valyuta çətinliyi

BRİCS vahid valyutada rəqibinə udu­zur. Qərb bu quruma üzv ölkələr üçün va­hid valyutanın yaradılması ilə bağlı prob­lemləri önə çəkir. Vahid valyutaya mane olan nədir? Çin və Hindistan bu qurumun bir hissəsi olsalar da, fərqli iqtisadi ma­raqlara malikdirlər. Bu, onların koordina­siyasını çətinləşdirir. Yuan (Çin) regional ticarətdə çəkisini artırsa da, qlobal səviy­yədə konvertasiya olunmur və bu, qlobal ehtiyat valyuta kimi istifadəni çətinləşdirir. Ona görə də hazırda dollar Qərbin güclü təsir vasitəsi olaraq qalır. ABŞ və Avropa İttifaqı Rusiya, İran, Venesuela və s. kimi dollar sistemindən çıxmaq istəyən ölkələrə qarşı sanksiyalardan fəal şəkildə istifadə edirlər. Sanksiyalara məruz qalan ölkələr isə alternativ yollar axtarmaq məcburiy­yətindədirlər. Bu da tezliklə BRİCS-də dollarsızlaşdırmaya gətirib çıxaracaq. “Asia times” və “China daily” kimi Asiya mənbələri tədricən dollarsızlaşmanın qa­çılmaz olduğunu vurğulayırlar. Məsələn, Çin və Rusiya ödənişlər üçün artıq öz milli valyutalarından fəal şəkildə istifadə edirlər. Məsələn, Rusiya dollardan asılılı­ğını azaltmaq üçün bir sıra ölkələrlə rubl ticarətini inkişaf etdirir və dollar ehtiyat­larına alternativ olaraq qızıl toplayır. İran da öz növbəsində Asiyadakı tərəfdaşları ilə milli valyutalarla ticarəti artırmağa çalışır və sanksiyalardan yayınmaq üçün kripto­valyutalardan istifadəni nəzərdən keçirir. Sanksiyalar həmçinin BRİCS ölkələrini qızıldan ehtiyat kimi istifadə etməyə və mərkəzi bankların rəqəmsal valyutalarını yaratmaq naminə öz maliyyə mexanizm­lərini inkişaf etdirməyə təşviq edir. Bu da “mBridge” kimi platformalar sayəsində mümkün olub.

BRICS-in ən böyük iştirakçısı olan Çin beynəlxalq ödənişlər üçün “blokçeyn” texnologiyalarını da fəal şəkildə inkişaf etdirir. “mBridge” sistemi ənənəvi dollar marşrutlarından yan keçərək SWIFT-dən asılılığı azaltmaqla milyardlarla dollar əməliyyatlar həyata keçirməyə imkan ve­rir. 

Bundan başqa, Səudiyyə Ərəbistanı “mBridge” layihəsinə qoşulub ki, bu da yuanın mövqeyini gücləndirəcək, neft də daxil olmaqla beynəlxalq ödənişləri sürət­ləndirəcək və xərcləri azaldacaq. Belə ki, bir vaxtlar neft dollarını dəstəkləyən ölkə indi Çinlə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir ki, bu da gələcəkdə dolların qlobal neft ticarətində rolunun azalmasına səbəb ola bilər.

Qurum tərəfindən atılan bu addımlar dolların bünövrəsini sarsıdır, dünya iqti­sadiyyatını dollarsızlaşmaya aparır. Bil­dirildiyinə görə, Kazanda vahid valyuta və ödəmə sisteminin yaradılması müzakirə ediləcək, çıxış yolları axtarılacaq.

BRİCS-in gələcəyi

Niyə hamı BRİCS-ə qoşulmağa bu qə­dər həvəslidir? Cabab sadədir. Bu blok Qər­bin rəhbərlik etdiyi qlobal maliyyə nizamı­na alternativdir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi maliyyə qurumları in­kişaf etməkdə olan bir çox ölkələrdə ABŞ və onun müttəfiqlərindən həddən artıq asılı görünürlər. Lakin BRİCS yeni iqtisadi im­kanlar axtaranlar üçün fərqli, daha ədalətli və cəlbedici bir model təklif edir. İkinci­si, ölkələr Qərbdən necə yaşamaq, ticarət etmək və demokratiya qurmaq haqqında sonsuz tövsiyələrdən yorulublar. 

Beləliklə, iqtisadi müharibələr səs-küy­lü döyüşlərdənsə, sakit ofisləri üstün tutan­ların meydanıdır. BRİCS uzunmüddətli oyun oynayır və onların resursları rəqa­bətdə önəmli rol oynayacaq. Nadir torpaq metalları, neft, yaşıl enerji – bütün bu üs­tünlüklər uzun sürən şahmat oyununu xa­tırladır, burada gedişlər bir neçə onilliklər əvvəldən düşünülür. BRICS oyunun qələ­bə ilə bitməsini təmin etmək üçün lazım olan hər şeyə malikdir.

Pünhan ƏFƏNDİYEV
XQ

Chosen
23
43
xalqqazeti.az

10Sources