EN

"Əsrin neft müqaviləsi" üzərində əsrin "Sərbəst təbii qaz" sazişi də imzalandı...

Image

İlham Şaban: “3 ildən sonra bu yataqlar hesabına ildə 3-4 milyard kubmetr daha çox qaz hasil edilə biləcək"

Azərbaycan iqtisadiyyatında aparıcı mövqeyə malik olan neft-qaz sənayesi beynəlxalq şirkətlərlə bağlanmış saziş əsasında inkişaf etməkdədir. Artır bu il 1994-cü ildə bağlanmış, həcminə və əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanan 30 illik müqavilənin müddəti başa çatdı. Ona görə də sentiyabrın 14-də həmin müqavilənin yenilənməsi mərasimi keçirildi. Yenilənmənin əsas səbəbi odir ki, 30 il əvvəl qiymətləndirilən həcm qədər Xəzərdə potensial neft, üstəlik, 3-4 trilyon kubmetr də qaz aşkarlanib. Bununla da dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan arasında daha 25 il ərzində icra ediləcək neft və qaz müqaviləsi bağlandı.

Qeyd edək ki, "Əsrin müqaviləsi"ndə o vaxt qaz nəzərdə tutulmamışdı. Həmin dövrdə - 1994-çü ildə Xəzərin Azərbaycan sektorunda çox az miqdarda qaz hasil edilirdi. Hətta ölkənin daxili tələbatını ödəmək üçün əsasən Rusiyadan, qismən isə İrandan "mavi yanacaq" idxal edilirdi. Elə "Əsrin müqaviləsi" əsasında aparılan kəşfiyyatlar nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng qaz yataqları aşkarlandı. Bir neçə il ərzində Azərbaycan qaz idxal edən ölkədən, qaz ixrac edən ölkəyə çevrildi. Bu il həmin yataqlarda qaz hasilati və yeni qaz yataqlarının kəşfiyyatı müqaviləsinin də vaxtı bitdi. Ona görə də bu günlərdə qaz hasilatı üzrə yeni müqavilələr imzalandı.

Aparılan ilkin qiymətləndirməyə görə, Xəzərin Azərbaycan sektorunda 30 il əvvəl bağlanmış müqavilədə nəzərdə tutulandan daha çox, yəni daha  511 milyon ton neft ehtiyatı, 3-4 trilyon kubmetr arası qaz ehtiyatları var. Lakin bu hələ ilkin qiymətləndirmə nəticələridir, gələcəkdə bu ehtiyatların yenidən qiymətləndirilməsi nəticələrinin daha yüksək olması qaçılmazdır.

Bu müqavilələr Azərbaycan iqtisadiyyatına yeni nəfəs verəcək, azalan neft hasilatının yenidən bərpa olunmasına imkanlar yaradacaq. Belə ki, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) BP, MOL, INPEX, “Equinor”, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh” şirkətləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” və “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavənin imzalandığını elan edib.

BP-nin yaydığı məlumata görə, bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilir. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmlərdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Qeyd edək ki, hasilatı nəzərdə tutulan AGÇ qaz yataqları Xəzər dənizinin daha dərin qatlarında yerləşir. Hansıki, on il əvvəl həmin yataqlardan qaz hasilatı iqtisadi cəhətdən səmərəli hesab edilmirdi. Lakin elmin və texnikanın inkişafı nəticəsində artıq bu qaz yataqlarının kəşfiyyatı və hasilatını mümkün edir. Ehtimal edilir ki, gələcəkdə daha dərin qatlarda qaz yataqlarının kəşfiyyatı və işlənməsi mümkün olduqca Xəzərin təbii qaz ehtiyatlarının daha genış olduğu üzə çıxacaq.

Neft sənayesinin araşdırması ilə məşğul olan iqtisadçı ekspert İlham Şaban bizimlə söhbətində vurğuladı ki, bu müqavilənin əsas dividendi Xəzərin daha dərin qatlarında indiyə qədər qalan təbii qaz laylarının işlənməsi olacaq. Mütəxəssis qeyd etdi ki, 3 ildən sonra bu yataqlar hesabına ildə 3-4 milyard kubmetr daha çox qaz hasil edilə biləcək, sonrakı illərdə isə bu göstərici daha da artacaq.

Qeyd edək ki, AGÇ yatağından bundan əlavə kondensat və səmt qazının çıxarılması da nəzərdə tutulub. Əvvəlki müqavilə şərtlərinə sadiq qalaraq, yenə konsorsium səmt qazını, neftlə birlikdə çıxan qazı Azərbaycan hökumətinə hədiyyə edəcək.

Müqavilələr nəticəsində Azərbaycan iqtisadiyyatına 12 milyard dollar həcmində investisiya qoyulacaq.

Bundan əlavə, muqavilənin icrasına başlanan kimi konsorsium iştirakçıları müqavilə şərtləri çərçivəsində Azərbaycan hökumətiinə 3,6 milyard ABŞ dolları bonus ödəyəcək.

Sonda onu da qeyd edək ki, hər iki müqavilə Azərbaycanın neft-qaz sənayesinin inkişafına çox ciddi töhfə verəcək. Son 30 il ərzində Azərbaycanda neft hasilatı ildə 55 milyon ton pik hasilatdan ildə 30 milyon ton hasilata qədər azalıb. Qarşıdakı 3 il ərzində bu müqavilə əsasinda hasilatın yenidən ildə 50 milyon tonu keçə biləcəyi gözlənilir. Çünki "Əsrin müqaviləsi" bağlananda neft ehtiyatlarının həcmi 500 milyon ton qiymətləndirilirdisə, yenilənən müqavilədə potensial ehtiyatların həcmi 511 min ton göstərilir.

Akif NƏSİRLİ





Chosen
21
baki-xeber.com

1Sources