EN

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqinə dair

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı

21 sentyabr 2024-cü il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdulla­yev (sədr), Sona Salmanova, Rövşən İsma­yılov (məruzəçi-hakim), Ceyhun Qaraca­yev, Rafael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (mə­ruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibləri Fəraid Əliyev və Vüqar Zeynalo­vun,

Azərbaycan Respublikası Mərkəzi Seç­ki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Rövzət Qasımov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov, üzvləri Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Nailə Əsgəro­va, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Eti­bar Quliyev və İlkin Şahbazovun, 

ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov və həmin kafedra­nın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülşən Cəbinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Fərid Əhmədov və Sevil Allahverdiyeva­nın iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq ola­raq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Res­publikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkə­nar seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.

Hakimlər K.Şəfiyev və R.İsmayılovun məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pə­nahovun çıxışını, ekspertlər N.Şükürov və G.Cəbinin, F.Əhmədov və S.Allahverdiye­vanın rəylərini dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

M Ü Ə Y Y Ə N E T D İ:

Azərbaycan Respublikası Konstitusiya­sının (bundan sonra – Konstitusiya) 981-ci maddəsinin I hissəsinə və 109-cu maddə­sinin 1-ci bəndinə uyğun olaraq Azərbay­can Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə altıncı çağırış Azərbaycan Respublikasının Milli Məcli­si (bundan sonra – Milli Məclis) buraxıl­mış, Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmiş və həmin gün seçkilər keçirilmişdir. 

Azərbaycan Respublikası Seçki Məcəl­ləsinin (bundan sonra – Seçki Məcəlləsi) 171.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissi­yası (bundan sonra – Mərkəzi Seçki Ko­missiyası) səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun ola­raq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəmə­sinə (bundan sonra – Konstitusiya Məh­kəməsi) təqdim edir. 

Konstitusiyanın 86-cı maddəsinə görə, Milli Məclis deputatlarının seçkilərinin nə­ticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəmə­si haqqında” Qanun) 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, Milli Məclis depu­tatlarının seçkilərinin nəticələrinin yoxla­nılması və təsdiq edilməsi qaydaları Seçki Məcəlləsi ilə müəyyən edilir. Bu qaydala­ra uyğun olaraq Konstitusiya Məhkəmə­si Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Mə­cəlləsinə uyğunluğunu yoxlayır (Seçki Mə­cəlləsinin 171.3-cü maddəsi).

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə müvafiq olaraq, Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-də ke­çirilmiş Milli Məclisə seçkilərin yekunları­nın yoxlanılması və təsdiq edilməsi məsələ­sinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında protokolunu və dairə seçki komissiyalarının protokollarını onla­ra əlavə edilmiş sənədlərlə birlikdə Konsti­tusiya Məhkəməsinə təqdim etmişdir.

2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunları­na dair Mərkəzi Seçki Komissiyasının pro­tokoluna əsasən:

1. Seçki siyahılarına daxil edilmiş seçi­cilərin ümumi sayı – 6 433 184 (altı milyon dörd yüz otuz üç min yüz səksən dörd); 

2. Səsvermədə iştirak edən seçicilərin sayı – 2 395 510 (iki milyon üç yüz doxsan beş min beş yüz on);

3. Dairə seçki komissiyalarının sayı – 125 (bir yüz iyirmi beş);

4. Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı – 125 (bir yüz iyirmi beş);

5. Mərkəzi Seçki Komissiyası protoko­lunun tərtib edilməsi üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı – 125 (bir yüz iyirmi beş);

6. Səsvermənin nəticələri etibarsız he­sab edilmiş seçki dairələrinin sayı – 0 (sı­fır);

7. Səsvermənin baş tutmadığı seçki da­irələrinin sayı – 0 (sıfır);

8. Səsvermənin nəticələri etibarsız he­sab edilmiş seçki məntəqələrinin sayı – 46 (qırx altı) olmuşdur. 

Mərkəzi Seçki Komissiyasının səsver­mənin ümumi yekunlarına dair 2024-cü il 16 sentyabr tarixli protokoluna əsasən 125 seçki dairəsindən bütün dairələr üzrə səs­vermənin nəticələri etibarlı hesab edilmiş və həmin seçki dairələri üzrə deputat seçil­miş namizədlər müəyyən olunmuşdur.

Konstitusiya Məhkəməsinə təqdim edilmiş materiallardan göründüyü kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən qanun pozuntuları ilə bağlı daxil olmuş şikayət və müraciətlər üzrə araşdırmalar aparılmış, müxtəlif məlumat mənbələri, o cümlədən veb-kamera görüntüləri və digər materiallar əsasında 46 seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozul­ması müəyyən edilmiş və həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.

Materiallardan həmçinin görünür ki, 2024-cü il sentyabrın 1-də Milli Məclisə seçkilərin hazırlanması, keçirilməsi və nə­ticələrinin müəyyən olunması zamanı fəa­liyyətlərində yol verdikləri nöqsanlar səbə­bindən ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmışdır. 

Seçki Məcəlləsinin 100.12-ci maddə­sinə əsasən, seçki komissiyasının protokolu seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki ko­missiyasının həlledici səs hüquqlu üzvləri­nin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. 

Həmin Məcəllənin 28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə — azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

Konstitusiya Məhkəməsinə təqdim edil­miş səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu Mərkəzi Seç­ki Komissiyasının 18 həlledici səs hüquqlu üzvlərindən 18-i tərəfindən imzalanmışdır.

Konstitusiya Məhkəməsi Seçki Mə­cəlləsinin 171.3-cü və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən təq­dim edilmiş sənədlərin Seçki Məcəlləsinə uyğunluğunun yoxlanılması üçün ekspert və mütəxəssisləri cəlb etmiş, Bakı, Sumqa­yıt, Gəncə, Şirvan, Şəki apellyasiya məh­kəmələrindən, Naxçıvan Muxtar Respub­likasının Ali Məhkəməsindən, Azərbaycan Respublikasının Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Prokuror­luğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir.

Ekspertlər qismində cəlb edilmiş Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti N.Şükürov və həmin kafedranın müəllimi G.Cəbinin rəyinə müvafiq olaraq, Mərkə­zi Seçki Komissiyasının yekun protoko­luna əlavə edilmiş dairə seçki komissiya­larının protokollarına Seçki Məcəlləsinin 100.2, 107.2 və 107.3-cü maddələrində göstərilmiş bütün məlumatlar daxil edil­miş, Mərkəzi Seçki Komissiyasının yekun protokolu isə Seçki Məcəlləsinin 108.2-ci maddəsinə uyğun olaraq dairə seçki ko­missiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilmişdir.

Həmin ekspertlərin rəyinə əsasən, 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinə dair Mərkə­zi Seçki Komissiyasının 2024-cü il 16 sent­yabr tarixli protokolu və ona əlavə olunmuş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğundur.

Azərbaycan Respublikası Dövlət Sta­tistika Komitəsinin əməkdaşları F.Əhmə­dov və S.Allahverdiyevanın rəyinə əsasən, Mərkəzi Seçki Komissiyasının səsvermə­nin ümumi yekunlarına dair 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş 125 dairə seçki komissiyasının pro­tokolları Seçki Məcəlləsinin 100.2, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun tərtib edilmişdir. 

Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 3-6/2-662/2024 saylı, 2024-cü il 20 sentyabr tarixli 3-6/2-669/2024 saylı və 2024-cü il 21 sentyabr tarixli 3-6/2-671/2024 saylı məktubların­dan göründüyü kimi, seçkilərlə bağlı Bakı Apellyasiya Məhkəməsinə cəmi 22 ərizə daxil olmuş, onlardan 16 iş üzrə iddia tə­min edilməmiş, 4 iş aidiyyəti üzrə baxılma­sı üçün digər apellyasiya məhkəmələrinə göndərilmiş, 2 iş üzrə isə iddia mümkün sayılmamışdır. 

Sumqayıt Apellyasiya Məhkəməsi­nin 2024-cü il 19 sentyabr tarixli 3-8/1-4111/2024 saylı və 2024-cü il 20 sentyabr tarixli 3-8/1-4111/2024 saylı məktublarında göstərilmişdir ki, həmin məhkəməyə Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 8 ərizə daxil olmuşdur. Bunlardan 3 iş üzrə iddia təmin edilməmiş, 3 iş üzrə iddia müm­kün sayılmamış və 2 iş üzrə iddia ərizəsinin geri götürülməsi ilə əlaqədar icraata xitam verilmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 30-188/2024 saylı məktubuna əsasən məhkəmənin icra­atına 1 ərizə daxil olmuş və təmin edilmə­mişdir.

Şirvan Apellyasiya Məhkəməsi­nin 2024-cü il 19 sentyabr tarixli 3-9/2-549/2024 saylı və 2024-cü il 20 sentyabr tarixli 3-9/2-554/2024 saylı məktubların­dan məlum olduğu kimi, bu məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair 10 ərizəyə baxılmış, onlardan 9 iş üzrə ərizə rədd edilmiş, 1 iş üzrə isə ərizə mümkün sayılmamışdır. 

Şəki Apellyasiya Məhkəməsinin 2024-cü il 17 sentyabr tarixli 3-10/2-357/2024 saylı və 2024-cü il 20 sentyabr tarixli 3-10/2-361/2024 saylı məktublarından gö­ründüyü kimi, həmin məhkəməyə Milli Məclisə seçkilərlə bağlı 5 ərizə daxil ol­muş, 2 iş üzrə iddia təmin edilməmiş, 3 iş üzrə iddia mümkün sayılmamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 3-1/2-378/2024 saylı məktubuna əsasən, həmin məhkəməyə Milli Məclisə 2024-cü il sentyabrın 1-də keçirilmiş seç­kilərlə bağlı 1 ərizə daxil olmuş, iddia tə­min edilməmişdir.

Azərbaycan Respublikası Ali Məh­kəməsinin 2024-cü il 18 sentyabr tarixli 1-8-11/2-1804/2024 saylı və 2024-cü il 21 sentyabr tarixli 1-8-11/2-1845/2024 saylı məktublarından görünür ki, həmin məh­kəmə tərəfindən Milli Məclisə növbədənkə­nar seçkilərlə bağlı apellyasiya instansiyası məhkəmələrinin aktlarından verilmiş kas­sasiya şikayətlərinə əsasən 16 işə baxılmış, onlardan 12 iş üzrə apellyasiya instansiyası məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılmış, 1 iş üzrə apellyasiya instansi­yası məhkəməsinin qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış (apellyasiya instansiyası məh­kəməsinin 18 sentyabr 2024-cü il tarixli qərarı ilə ərizə təmin edilməmiş, qərardan kassasiya şikayəti verilməmişdir), 3 iş üzrə kassasiya şikayətləri mümkün sayılmaya­raq icraata qəbulundan imtina olunmuşdur.

Azərbaycan Respublikası Prokurorlu­ğunun 2024-cü il 19 sentyabr tarixli 2-2-040/2-132444/2024 saylı məktubundan göründüyü kimi, Milli Məclisə növbə­dənkənar seçkilər üzrə namizədlərin qey­diyyata alınması və təbliğat-təşviqat zama­nı Prokurorluğa 13 müraciət və məlumat daxil olmuşdur. Həmin müraciətlərdən 6-sı üzrə araşdırma aparılaraq Azərbaycan Res­publikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən ci­nayət işinin başlanması rədd edilmiş, digər müraciətlər aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndəril­mişdir. Seçkilərin keçirildiyi 2024-cü il sentyabrın 1-i tarixində prokurorluq orqan­larına 14 müraciət edilmiş, 4 müraciət üzrə seçki qanunvericiliyinin tələblərinin, eləcə də insan hüquq və azadlıqlarının pozulma­sı faktı aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, 10 müraciət isə ai­diyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilmişdir. 

Beləliklə, təqdim olunmuş məlumatla­ra əsasən, ərizə və müraciətlər üzrə məh­kəmələrdə baxılmış işlər və prokurorluq tərəfindən aparılmış araşdırmalar 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna heç bir təsir göstərməmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissi­yasının 2024-cü il 16 sentyabr tarixli pro­tokolu və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilməli və seçkilərin nəticələri təs­diq edilməlidir.

Azərbaycan Respublikası Konstitusi­yasının 86-cı maddəsini və 130-cu mad­dəsinin VIII, IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Res­publikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbay­can Respublikası Konstitusiya Məhkəməsi­nin Plenumu

Q Ə R A R A A L D I:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məcli­sinə növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sent­yabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçi­rilmiş 

1 saylı Şərur-Sədərək,

2 saylı Şərur-Kəngərli,

3 saylı Babək-Şahbuz-Kəngərli,

4 saylı Naxçıvan şəhər,

5 saylı Babək-Naxçıvan-Culfa,

6 saylı Ordubad-Culfa,

7 saylı Səbail,

8 saylı Binəqədi birinci,

9 saylı Binəqədi ikinci,

10 saylı Binəqədi üçüncü,

11 saylı Binəqədi-Qaradağ,

12 saylı Xəzər birinci,

13 saylı Xəzər ikinci,

14 saylı Xəzər-Pirallahı, 

15 saylı Yasamal birinci,

16 saylı Yasamal ikinci,

17 saylı Yasamal üçüncü,

18 saylı Nərimanov-Nizami-Binəqədi,

19 saylı Nərimanov birinci,

20 saylı Nərimanov ikinci,

21 saylı Nəsimi-Binəqədi,

22 saylı Nəsimi-Yasamal,

23 saylı Nəsimi-Səbail,

24 saylı Nizami birinci,

25 saylı Nizami ikinci,

26 saylı Sabunçu birinci,

27 saylı Sabunçu ikinci,

28 saylı Sabunçu üçüncü,

29 saylı Sabunçu dördüncü,

30 saylı Suraxanı birinci,

31 saylı Suraxanı ikinci, 

32 saylı Suraxanı üçüncü,

33 saylı Xətai birinci,

34 saylı Xətai ikinci,

35 saylı Xətai üçüncü,

36 saylı Xətai-Suraxanı,

37 saylı Qaradağ,

38 saylı Gəncə birinci,

39 saylı Gəncə ikinci,

40 saylı Gəncə üçüncü,

41 saylı Gəncə-Samux-Goranboy,

42 saylı Sumqayıt birinci,

43 saylı Sumqayıt ikinci,

44 saylı Sumqayıt üçüncü,

45 saylı Sumqayıt dördüncü,

46 saylı Sumqayıt beşinci,

47 saylı Sumqayıt-Abşeron-Qaradağ,

48 saylı Abşeron birinci,

49 saylı Abşeron ikinci,

50 saylı Abşeron üçüncü,

51 saylı Şirvan,

52 saylı Yevlax,

53 saylı Yevlax-Mingəçevir,

54 saylı Mingəçevir,

55 saylı Siyəzən-Quba-Xızı,

56 saylı Şabran-Xaçmaz,

57 saylı Xaçmaz şəhər,

58 saylı Xaçmaz kənd,

59 saylı Quba,

60 saylı Quba-Qusar,

61 saylı Qusar,

62 saylı Kürdəmir,

63 saylı Hacıqabul-Kürdəmir,

64 saylı Salyan,

65 saylı Salyan-Biləsuvar-Neftçala,

66 saylı Saatlı,

67 saylı Sabirabad,

68 saylı Sabirabad-Şirvan,

69 saylı Biləsuvar,

70 saylı Neftçala,

71 saylı Cəlilabad şəhər,

72 saylı Cəlilabad kənd,

73 saylı Masallı-Cəlilabad,

74 saylı Masallı,

75 saylı Yardımlı-Masallı,

76 saylı Lənkəran-Masallı,

77 saylı Lənkəran şəhər,

78 saylı Lənkəran kənd,

79 saylı Astara,

80 saylı Lerik-Astara,

81 saylı İmişli,

82 saylı İmişli-Saatlı,

83 saylı Beyləqan,

84 saylı Füzuli,

85 saylı Füzuli-Ağcabədi,

86 saylı Ağcabədi,

87 saylı Qobustan-Şamaxı-İsmayıllı,

88 saylı Şamaxı,

89 saylı İsmayıllı,

90 saylı Ağsu,

91 saylı Göyçay,

92 saylı Göyçay-Ağdaş,

93 saylı Ağdaş, 

94 saylı Ucar,

95 saylı Zərdab-Kürdəmir-Ucar,

96 saylı Goranboy-Naftalan,

97 saylı Tərtər-Ağdərə-Goranboy,

98 saylı Bərdə-Tərtər,

99 saylı Bərdə,

100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər,

101 saylı Samux-Şəmkir

102 saylı Şəmkir şəhər,

103 saylı Şəmkir kənd,

104 saylı Gədəbəy,

105 saylı Tovuz-Gədəbəy,

106 saylı Tovuz,

107 saylı Tovuz-Qazax-Ağstafa,

108 saylı Ağstafa,

109 saylı Qazax,

110 saylı Balakən,

111 saylı Zaqatala-Balakən,

112 saylı Zaqatala,

113 saylı Qax-Şəki,

114 saylı Şəki şəhər,

115 saylı Şəki kənd,

116 saylı Qəbələ,

117 saylı Oğuz-Qəbələ-Şəki,

118 saylı Ağdam-Xocalı,

119 saylı Ağdam,

120 saylı Cəbrayıl-Qubadlı,

121 saylı Laçın,

122 saylı Xankəndi,

123 saylı Kəlbəcər,

124 saylı Şuşa-Ağdam-Xocavənd,

125 saylı Zəngilan-Qubadlı

seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilsin. 

3. Qərar elan olunduğu andan qüvvəyə minir. 

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azər­baycan Respublikası Konstitusiya Məh­kəməsinin rəsmi internet saytında yerləş­dirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr Fərhad ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
xalqqazeti.az

1Sources