EN

Çindən Avropaya yola salınan qatar Azərbaycandan keçəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov Çinə səfəri zamanı Sian quru limanı və Qazaxıstan–Çin birgə terminalı ilə tanış olub, Avropaya konteyner blok qatarının yola salınması mərasimində iştirak edib. 

ADY-dən redaksiyamıza bununla bağlı verilən məlumata görə, V.Aslanovun Çin, Qazaxıstan və Gürcüstandan olan həmkar­ları ilə görüşündə artan yük həcminə uy­ğun infratruktur işlərinin icrası, qatarların qrafik üzrə hərəkətinin reallaşdırılması məsələləri müzakirə edilib. Toplantıda Çin–Avropa marşrutu üzrə blok qatarın yola düşməsi isə Azərbaycan və Çin ara­sında qarşılıqlı əlaqələrdə insanları və iqti­sadiyyatları birləşdirən addım kimi dəyər­ləndirilib. Eyni zamanda, Siandan Orta Dəhlizlə yola salınan blok qatarın multi­modal marşrutunun dəmir yolu şəbəkələri ilə yanaşı, Qazaxıstanın Altınkol və Ak­tau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Bolqarıstanın Burqas, Serbiyanın Belqrad, Macarıstanın Budapeşt, eləcə də Almani­yanın Duysburq və Hamburq limanlarını əhatə etdiyi vurğulanıb. 

Qeyd edilib ki, yeni marşrutun əhəmiy­yəti bundan əvvəl Hamburq istiqamətinə alternativ nəqliyyat dəhlizləri ilə göndə­rilən konteyner yüklərinin Orta Dəhlizə cəlb edilməsi ilə yük həcminin artırılma­sından ibarətdir.

Ekspertlərin sözlərinə görə, blok qata­rının 20-25 günə təyinat məntəqəsinə çat­ması gözlənilir. Ümumilikdə Orta Dəhliz vasitəsilə bu ilin yanvar ayından etibarən Sian-Avropa istiqamətində mütəmadi ola­raq gündəlik 1-2 qatar yola salınır.

ADY rəsmisi isə bildirib ki, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan dəstəkləyir, ölkənin tranzit potensialının gücləndirilməsi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, infrastruktur layihələrinə investisiya yatı­rılması davam etdirilir və atılan addımla­rın Çin–Avropa–Çin marşrutu üzrə tranzit yük həcminin artmasına daha böyük töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, Çində səfərdə olan ADY-nin sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Beynəlxalq İpək Yolu Sərgisi və Şərqi və Qərbi Çin arasında İnvestisiya və Ticarət Forumunda iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
21
xalqqazeti.az

10Sources