EN

Keçmişdən bu günə suverenliyimiz

Azərbaycan prezidentinin sərəncamı ilə Dövlət Suverenliyi günü təsis edilib. 20 sentyabr Dövlət Suverenliyi günü kimi rəsmi bayramdır artıq. Bu tarixdə Azərbaycanın Qarabağ iqtisadi rayonunda lokal antirerror tədbirləri uğurla yekunlaşıb. Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları üzərində, eləcə də, Şuşa rayonunun bir sıra kəndlərində dövlət suverenliyi bərpa olunub. Beləliklə, Azərbaycan Ermənistan hərbi birləşmələrinin qalıqlarından və erməni separatçı, terrorçu qruplarından tamamilə təmizlənib. Ölkənin bütün ərazisində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edilib. 20 sentyabr həm də "Əsrin müqaviləsi"nin - 1994-cü ildə imzalanmış neft kontraktlarının 30 illiyidir. Əslində bu iki hadisə bir-biri ilə sıx bağlıdır. 1994-cü ilin may ayının 12-də Azərbaycan Ermənistanla atəşkəs sazişi imzaladı. Həmin ilin sentyabrında isə xarici neft şirkətləri ilə "Azəri" və "Çıraq" yataqlarından neftin hasilatı və pay bölgüsü ilə bağlı kontraktlar imzalandı. 1999-cu ildə Bakı-Ceyhan neft kəməri işə düşdü. Neftin satışından gələn gəlirlərlə ordu quruculuğu sürətləndi. Müasir silahlarla təchiz edilmiş ordu quruldu. Nəticəsi isə 44 günlük Vətən müharibəsində və lokal antiterror əməliyyatında qazanılmış zəfərlərdir. Bu qələbələrlə Azərbaycan daha da gücləndi, təkcə bölgədə deyil, dünyada yerini möhkəmləndirdi. Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizə hələ 80-ci illərin sonlarında başlamışdı. Hələ Sovet İttifaqının tərkibində ikən - 1989-cu ildə Azərbaycan SSR Ali Soveti milli-azadlıq hərəkatının təzyiqi ilə "İqtisadi suverenlik haqqında" Konstitusiya qanunu qəbul etdi. Bu qanuna görə Azərbaycan öz sərvətləri üzərində sərəncam vermək hüququnu özünə qaytarırdı. Bu il həmin qanunun qəbul edilməsindən 35 il ötür. Bu qanunun qəbul edilməsi o zamankı superdövlətin - Sovet İttifaqının ictimai-siyasi həyatında görünməmiş bir hadisə, tarixi dönüş nöqtəsi idi. Müstəqilliyə can atan başqa xalqlar üçün mühüm presedent oldu. Baltikyanı respublikalar Azərbaycanın qəbul etdiyi bu qanunu nümunə, model olaraq götürmüşdülər. Bu hadisə Azərbaycanın müstəqilliyinin və suverenliyinin ilk hüquqi sənədi, istiqlal uğrunda hüquqi müstəvidə mübarizənin başlanğıc nöqtəsi oldu. Odur ki, bu gün Dövlət Suverenliyi gününü bayram edərkən, "Əsrin müqaviləsi"nin 30 illiyini qeyd edərkən, dönüb həm də 35 il əvvələ baxmaq lazımdır. Bugünkü günə Azərbaycan birdən-birə gəlib çıxmayıb. P.S. Yeri gəlmişkən, Azərbaycanın "suverenliyi haqqında ilk qanunun əsas müəllifi, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının xarici işlər naziri olmuş Tofiq Qasımov mühacirətdə vəfat edib və xarici ölkədə dəfn olunub. Onun nəşinin Azərbaycana gətirilib, ehtiramla doğma torpağa verilməsi millət olaraq üzərimizdə borcdur. Ümid edirəm ki, bu məsələ dövlət səviyyəsində həll olunacaq. Bahəddin Həzi Bahəddin Həzi, Bizimyol.info

Chosen
5
bizimyol.info

1Sources