EN

Kağızdan qandallar... - So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Misir Mərdanov, professor:

- Əziz dostlar, sentyabrın 18-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Sevil İrəvanlının "Kafkaslardakı Kıyım ve Sürgünler" (Qərbi Azərbaycanda rus və ermənilərin törətdiyi soyqırım) kitabının təqdimat mərasimində iştirak etdim.

Qeyd edək ki, "Kafkaslardakı Kıyım ve Sürgünler" kitabı İstanbulda Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən çap olunub. Nəşrin ön hissəsində İrəvan xanlığının Alay Bayrağı, arxa hissəsində isə İrəvan qalasının çar Rusiyası orduları tərəfindən mühasirəsi təsvir edilib. Bu təsvirlər fransız əsilli rus rəssam Frans Roubaud tərəfindən 1827-ci ildə yaradılıb.

Kitabda Qərbi Azərbaycanın tarixi, coğrafiyası, əhalisi, etnik və dini vəziyyəti, xanlıqlar dövrü, Qacarın İrəvan xanlığına yürüşü, vətəndaş müharibələri, çar I Pyotrun dövründə rus ordusunun Xəzər sahillərini işğalı, İrəvan xanlıq və digər xanlıqların Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri açıqlanıb. Eləcə də Rusiya-İran müharibələri və Osmanlı-Səfəvi müharibələri zamanı insanların etnik statusuna təsir edən köçlərdən söz açılıb. Əsərdə İrəvan xanlığının siyasi tarixi haqqında məlumatlarla bağlı çar Rusiyası dövründə nəşr olunan "Kavkazskiy sbornik" ("Qafqaz toplusu") jurnalına və İsrafil Məmmədovun əsərlərinə istinad edilib.

 

Afət Yaqubova, jurnalist:

- Mənə görə, COP29 Azərbaycan diplomatiyasının BMT Təhlükəsizlik Şurasının illərlə əlimizdə bayraq tutub, istinad etdiyimiz 4 qətnaməsi səviyyəsində bir uğurudur. 44 günlük müharibədən sonra adımızı çəkməyə, haqq olduğumuzu dilə gətirməyə qorxan, çəkinən beynəlxalq təşkilatlar və xarici dövlətlər COP29-un Azərbaycanda keçiriləcəyini eşidər-eşitməz, ağız-ağıza verib, "Biz Azərbaycanın iqlim öhdəlikləri, yaşıl dünya naminə fəaliyyətində yanındayıq!" - dedilər və deyirlər.

Amma COP29-un nə qədər böyük iş olduğunu ölkə vətəndaşına nə dərəcədə anlada bildilər, kommunikasiya nə dərəcədə düzgün quruldu - bu, başqa məsələdir. Azərbaycan vətəndaşı üçün COP29 qlamurların danışdığı tədbir olmamalı idi və olmamalıdır. COP29 F1 deyil, COP29 Avropa Oyunları deyil. COP29, əgər planlaşdırılan kimi, iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyə məsələsi Bakıda razılaşdırılarsa, hələ uzun illər Azərbaycanın adının çəkiləcəyi çox vacib tədbir olacaq...

 

Qismət Rüstəmov, şair:

- Sənəd-sünəd işlərində radikal dərəcədə optimallaşmaya ehtiyac var. Adi bir iş üçün nəyə lazım olduğu bilinməyən min dənə sənəd istəyirlər. Kafkanın dediyi kimi, kağızdan qandallar...

 

Elxan Şahinoğlu, politoloq:

- Rusiyada ermənilərdən təşkil olunan "Arbat" silahlı qruplaşması Ermənistanın Baş naziri Nikol Paşinyanın başını hələ çox ağrıdacaq. Keçmiş "Vaqner" muzdulusu olan Ayk Qasparyan Rusiyada yaşayan ermənilərdən ibarət "Arbat" qruplaşmasını yaratdıqdan sonra Kremlin yeni əmrlərini yerinə yetirməyə başlayıb. Əlbəttə, "Arbat" Ukraynada işğalçı müharibədə iştirak üçün təsis edilib, ancaq qruplaşmaya Ermənistan vətəndaşları ilə keçmiş Qarabağ separatçılarının cəlbi ondan xəbər verir ki, Ayk Qasparyan başqa tapşırığı da yerinə yetirməyə hazırdır. Nikol Paşinyanı Ermənistandakı radikallar yıxa bilmədilər, ümid qalır "Arbat" qruplaşmasına. Ermənistanın radikal müxalifət nümayəndələrinin bu günlərdə işğal altındakı Donbasa ziyarəti də təsadüfi deyil. Onlar Donbasda yerli separatçılarla danışıqlar aparıblar. Həmin radikallar Donbasa getmişkən Ayk Qasparyanla görüşüb ondan dəstək istəyə bilərdilər. Amerikalılar hələ ki, Nikol Paşinyanı yaxşı qoruyurlar, Ermənistanın Baş nazirinə qarşı sui-qəsd planının ifşasıyla bağlı əməliyyatın hazırlanmasında Mərkəzi Kəşfiyyat İdarəsinin rolu istisna deyil.

 

İlqar Altay, hüquqşünas-politoloq:

- Bu nədir, İran kəskin dönüşmü edir?

İranın yeni prezidenti Pezeşkian, ilk mətbuat konfransında təəccüblü çıxış edərək bildirib ki, İran, yeni demokratik prezident gələndən bəri Rusiyaya silah verməyib. Məsud Pezeşkian öz çıxışında ABŞ-dan İrana qarşı sanksiyaları tam dayandırmağı xahiş edib. Bildirib ki, Amerikaya qarşı hirsi ədavəti yoxdur və onu qardaş hesab edir. Rusiyanı isə, sadəcə "dost ölkə" adlandırıb.

Prezident olandan sonra ilk səfərini ABŞ-ın və Avropanın dəstəklədiyi İraq Kürdüstanına edən Pezeşkian, ABŞ-la bilavasitə danışıqlara hazır olduğunu bəyan edib. İsrailə qarşı da, ənənəvi İran prezidentlərinin sərt çıxışları kimi etməyib. Açıq hiss olunur ki, Qərblə yumşalma tərəflidir.

Reformator yeniliyini ortaya qoymağa çalışan Pezeşkian İranın xarici siyasətlə bərabər, ölkə daxilində də köklü dəyişiklər edəcəyi mesajını verməyə çalışıb. Ölkənin ağır, iqtisadi çətinlikli problemləri, korrupsiyanın kökünün kəsilməsi, sosial bərabərlik vacibliyindən, tibb və təhsilin geriliyi barədə xeyli danışıb. İranda şəriət polisi ləğvi və örtülmə kimi suallara yumşaq yanaşıb.

Nəhayət, Moskvaya, BRİKS yığıncağına səfəri barədə Pezeşkian bildirib ki, bu, öncə ABŞ-a BMT Baş Assembleyasına sentyabrda edəcək səfərdən, orada ABŞ rəsmiləri ilə görüşündən sonra baş tutacaq. Ümumiyyətlə, İranın rəsmi və eynilə, ictimai dairələrində Kamala Harrisin prezident seçilməsinə maraq xeylidir, nədirsə.

Hansı nəticələri çıxarmaq olar, Pezeşkianın bu siyasi addımlarından? O aydındır ki, İranın dini lideri və mütləq hakimiyyət sahibi Xameneinin razılıq və planlı qərarı olmadan Pezeşkian, ya kimsə, bu ölkədə prezident ola bilməz. Və belə halda, prezident Pezeşkian da, ölkənin sahibi Xameneinin plan və tapşırığı olmadan, əsla bu addımları atmaz, çıxışları etməz. Bu halda belə çıxır ki, İran dövləti Xameneinin iradəsi ilə artıq Rusiya qütbündən bir şey çıxmadığını görərək, həm də qarşıdakı təhlükəli dönəmi hiss edərək ölkədə siyasi dönüş, xarici-daxili reformalar ilə Qərbə doğru meyllənmək istəyir. Bu adla ki, yeni prezident yeni siyasət aparır. Çox yəqin ki, yol molla rejiminin ləğvinə və türk mili çoxluğu amilinin güclənməsinə doğru gedir... Getsin də, dində də deyilir ki: tövbə qapısı həmişə açıqdır.

 

Ərşad Hüseynov, nəqliyyat eksperti:

- COP29 Azərbaycan Əməliyyat Şirkəti, AYNA və Bakı şəhər DYP idarəsi sürücülər üçün maraqlı bir məlumat yayıb. Deyilir ki, Bakının bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb. COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar yalnız konfrans zamanı (yəni 11-22 noyabr tarixlərində) ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub. Həmin günlərdə bu zolaqlarda başqa nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək. 

Konfransa qədər isə müvafiq yol nişanları quraşdırılmayan COP29 zolaqlarından bütün nəqliyyat vasitələri istifadə edə bilər. Bu o deməkdir ki, COP29 loqosu olan zolaqda 5.9 avtobus zolağı nişanı yoxdursa, həmin zolaqda konfransa qədər hərəkət sərbəsdir və orada hərəkətə görə hər hansı cərimə yazıla bilməz. Özü də qeyd edilir ki, məhz nişan olmaması əsasdır...

Şəhərdə belə zolaqlar artıq var. Məsələn, onlardan biri A.Şaiq küçəsinə, N.Nərimanovun heykəlinin yaxınlığına çəkilib (son günlər sürücülər həmin yerdə bu zolaqla bağlı yaranan tıxacdan çox şikayətlənirlər). Əgər orada 5.9 nişanı yoxdusa, hələlik hər kəs o zolaqla da hərəkət edə bilər.

Amma bu məlumat yetərli deyil, çünki sürücülər arasında qeyri-müəyyənlik yaranacaq ki, bu zolaqlardan hansı COP29, hansı avtobus zolağıdır? Hər şeyin tam aydın olması üçün AYNA və DYP-nin COP29 zolaqları olan küçələrin siyahısını ictimailəşdirməsi zəruridir. Ona görə də bu qurumlardan xahiş edirəm ki, COP29 zolaqlarının olduğu konkret küçələrin adlarını da yayımlasınlar.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Məktəblilərimiz 8-12 sentyabr tarixlərində, ilk dəfə olaraq keçirilən beynəlxalq Süni İntellekt Olimpiadasında 2 gümüş medal qazanıblar.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən bu olimpiadada Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev olimpiadanın gümüş medalını əldə ediblər.

Olimpiadada 25 ölkədən 90 məktəbli iştirak edib.

Qalibləri, müəllimlərini, repetitorlarını və məktəb rəhbərliyini, valideynlərini və olimpiadaya hazırlıq üzrə komandanı təbrik edirəm.

Sponsor olan "Azercell" şirkətinə də təşəkkürlər.

P.S. ETN-ə də buradan sorğu göndərirəm ki, belə yüksək nəticəyə görə görəsən, bu uşaqlar və onların müəllimləri hökumət tərəfindən hansı mükafata layiq görüləcəklər?

Nə qədər pul mükafatı veriləcək onlara?

 

Murad Köhnəqala, şair:

- Yaxşı, indiki nəsil qadınları başa düşdük, İran mollalarının fitvasına uyub hicaba girib başlarını işıqlı dünyadan məhrum ediblər. Bəs sovetdənqalma köhnə qadınlara nooldu, onlar niyə təzədən hicab taxırlar? Sovetin o dəftər-kitabından, verdiyi təhsildən ayıb deyil? Qabağı cızıqlı kərpic dəftərlər, ucu perolu qələmlər, bəzəkli çernil qabları, qarşısı açılıb-örtülən partalar vardı haa, heç olmasa onları yada salıb utansınlar!

 

Şamil Paşayev, hüquqşünas:

- SSRİ qurulanda Avropaya uğurlu model kimi təqdim olunurdu.

ll Dünya müharibəsində ABŞ və İngiltərənin yardımı ilə SSRİ-nin almanlar üzərində qələbəsindən sonra sol görüş Avropada məşhurlaşdı.

CİA Avropa və SSRİ-də olan sol düşüncəni vahid mərkəzdən idarə edilməsinin qarşısını almaq üçün günümüzdə aktual olan solçuluğun təməlini atdı.

Şərqi Avropa tamamilə kommunizmlə idarə olunurdu, artıq bolşevizm Qərbi Avropanın içinə nüfuz edirdi.

Bərabərlik, xalqçılıq, sosial rifah kimi sol yanaşmanın, yəni "Marks solçuluğunu" inkar edən yeni dəyərlər yaratmaqla, Avropanın "öz solu" olmalı idi. Bu, sovet və Avropa solçularını birləşməyə qoymayacaqdı, adları eyni olsa da, daşıdıqları dəyərlər fərqlənəcəkdi. Belə də etdilər. 

Xalq, bərabərlik, sosial rifah qaldı kənarda, Avropa solu üçün priotitetlər - heyvan haqları, LGBT, separatizm, iqlim-enerji məsələləri oldu. Bu siyasət ilkin mərhələdə özünü doğrultdu və SSRİ ilə Avropa solu arasında qütbləşmə yarana bildi.

Şərqdə də kommunist olmaq istəyənlər az deyildi. Şərqlə SSRİ və sol Avropa arasına isə "green belt" "inşa edildi". Bu yaşıl zolaq İslam dünyasında "Resilamizasyon"la, yəni yenidən islamlaşdırma və islami düşüncəni gücləndirməklə həyata keçirildi.

Türkiyədə Menderes, Necməddin Ərbakan, İranda Xomeyni, Misirdə Müsəlman qardaşları, Pakistan, Əfqanıstanda Taliban bu proyektin tərkib hissəsi idi.

Bunu birmənalı deyirəm ki, bizim ölkəmizdə də islamlaşma və reislamizasyon düşüncəsini Qərb yayır, çünki "green belt" bir az daha uzanmalı, bu coğrafiyada tərəqiyyə ünvanlı arzulara maneə yaradılmalıdır.

Yəni tarixin və proseslərin təhlili bunu göstərir.






















Bizi İnstagramda izləyin

Chosen
11
525.az

1Sources