EN

Karbon vergisi tətbiqi imkanları araşdırılır - Mikayıl Cabbarov

Azərbaycanda "yaşıl iqtisadiyyat"ın inkişafı və "yaşıl" layihələrin həyata keçirilməsi təkcə iqtisadi səmərəliliyə deyil, həm də ekoloji təhlükəsizliyin qorunmasına yönəlib.

Fins.az xəbər verir ki, bu barədə Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, “Yaşıl biznes”in inkişafı üçün əlverişli normativ baza formalaşdırılır və bu istiqamətdə bir sıra dəstək mexanizmləri tətbiq olunur:

"Son illərdə həyata keçirilən vergi siyasətində "yaşıl iqtisadiyyat"ın dəstəklənməsi məqsədilə qanunverici təşəbbüslər irəli sürülüb. Bu tədbirlər sırasında ətraf mühitin qorunması üçün vergi güzəştləri, köhnə avtomobillərin idxalının məhdudlaşdırılması, avtomobillərin utilizasiyası, elektrik və hibrid avtomobillərin idxalının stimullaşdırılması, alternativ enerji sahəsində güzəştlər xüsusi yer tutur. Bu tədbirlər ölkənin "yaşıl enerji" gündəmi ilə əlaqədardır".

Nazir əlavə edib ki, ortamüddətli perspektivdə ölkəmizin vergi siyasətində yaşıl enerjinin dəstəklənməsi istiqamətində işlər davam etdiriləcək:

"İqlim dəyişikliyinə qarşı mübarizə və yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl" vergilərin tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində işlər aparılır. Eyni zamanda, beynəlxalq təcrübə öyrənilərək karbon emissiyasının azaldılması məqsədilə "karbon vergisi" və ya analoji verginin tətbiqi imkanları qiymətləndirilir. "Yaşıl iqtisadiyyat"ı dəstəkləyən mühüm tədbirlərdən biri kimi, tullantıların təkrar emalı sahəsində ixtisaslaşmış Balaxanı Sənaye Parkını qeyd etmək olar. Bu park, Azərbaycanda yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalını genişləndirməklə yanaşı, qeyri-neft sektorunun inkişafına və Bakı şəhəri ilə ətraf qəsəbələrin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Sahibkarlar yaradılmış bu imkanlardan istifadə edərək, innovativ istehsal sahələri yarada bilərlər.Sahibkarların “yaşıl layihə”lərini Sahibkarlığın İnkişafı Fondu maliyyələşdirir. İndiyədək Fondun güzəştli kreditləri ilə dəstəklənən "yaşıl layihələr" arasında təkrar emal, alternativ enerji mənbələrinə keçid və elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətlər var.

Bundan başqa, "yaşıl layihələr" KOBİA tərəfindən qrantlar, "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmaları, təlimlər, sərgilər və maliyyə imkanlarına çıxış kimi alətlərlə də dəstəklənir.

M.Cabbarov, kiçik və orta biznes subyektlərini innovativ təşəbbüslərlə yaradılmış imkanlardan və dövlət dəstəyindən daha fəal istifadə etməyə çağırıb. O bildirib ki, "Yaşıl enerji” layihələri iqtisadi, ekoloji və enerji təhlükəsizliyi baxımından həm regional, həm də qlobal əhəmiyyət kəsb edir.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
16
fins.az

10Sources