EN

Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu onun artan nüfuzunun, sözünün imzası qədər dəyərli olmasının göstəricisidir. Xarici siyasətimizin əsas istiqamətlərindən biri bütün ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə  münasibətlərin yeni istiqamətlər üzrə inkişafı və strateji tərəfdaş səviyyəsinə yüksəlməsidir. 

Türk dünyasının birliyi dövrün əsas çağırışlarındandır

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, türk dünyasının birliyi, həmrəyliyi hazırkı dövrün əsas çağırışları sırasındadır. Dünya hər zaman Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında türk dünyasının birliyinin şahidinə çevrilib və bu gün də şahidlik edir.  vakansiya

Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində  nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiya  ölkələrinə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.

Şərqlə Qərbi bir araya gətirən körpü… 

Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu iqtisadi imkanlar əlaqələrin inkişafında stimulverici amildir. Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşməklə ölkələri, xalqları bir araya gətirən körpü rolunu oynayır. Hazırkı dövrün çağırışlarında bu mühüm məqam xüsusi vurğulanır  ki,  yeni körpulər qurmalıyıq. Təbii ki, burada söhbət yeni yolların, korpülərin tikintisi, çəkilişi ilə yanaşı, yeni əməkdaşlıq formatlarının yaradılmasından gedir. 

 Prezident İlham Əliyev dost ölkələrin işğaldan azad edlimiş ərazilərdə aparılan bərpa işlərinə dəstəyini daim yüksək dəyərləndirir və bildirir ki, Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. 

İtaliya ilə əlaqələr və yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu

Azərbaycanın bu gün dünya və ölkə mətbuatında əsas müzakirə mövzularından biri dövlət başçısı İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə sayca üçüncü səfəri, keçirdiyi görüşlər, həmçinin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Forumdakı çıxışında səsləndirdiyi fikirlərdir.

Prezident İlham Əliyevin çıxışında diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi oldu. “Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının hüquqi öhdəlik yaradan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğuladı. Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifi, son dörd ilə yaxın müddətdə onun reallaşdırılması istiqamətində atılan addımlar da geniş şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Bir daha vurğulandı ki, sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb. Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olunub.  On üç kilometrlik hissə demarkasiya edilib. Azərbaycanın  Ermənistanla 1000 kilometrlik sərhədi var. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək.

Göründüyü kimi, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü qətiyyətlə deyən ölkəyə çevrilib. 

Vüqar Rəhimzadə,

“İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
388
yenisabah.az

1Sources