EN

İsveçli qapıçı: Azərbaycanlı hücumçunun penaltini hansı tərəfə vuracağını bilirdim -EKSKLÜZİV

İsveçli

Bakı, 6 sentyabr, AZƏRTAC

“Çox maraqlı və gərgin oyun keçdi”.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında İsveç millisinin qapıçısı Viktor Yohansson UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Hazırda İngiltərənin “Stok Siti” komandasının formasını geyinən qolkiper görüşün qarşılıqlı hücumlar şəraitində keçdiyini bildirib: “Azərbaycan millisi oyuna yaxşı hazırlaşmışdı. Rəqib futbolçular təhlükəli hücumlar edirdilər. Lakin daha dəqiq oynadığımız üçün meydandan üç xalla məhz biz ayrıldıq”.

26 yaşlı oyunçu ilk hissənin son saniyələrində dəf etdiyi penalti zərbəsi barədə də fikirlərini bölüşüb: “Əslində azərbaycanlı hücumçunun topu həmin nöqtəyə vuracağını bilirdim. Bu hisslər məni yanıltmadı və penaltini geri qaytardım. Çox xoşbəxtəm”.

V.Yohansson yığmamızın heyətində bəyəndiyi futbolçuların adlarını da çəkib: “Emin Mahmudov və Ramil Şeydayevin meydandakı mübarizə əzmini çox bəyəndim”.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq. İsveç isə doğma meydanda Estoniya seçməsini sınağa çəkəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
1
azertag.az

2Sources