EN

205 saylı marşrutun avtobuslarını qaraja niyə yığıblar?- Sərnişinlər zülm yaşayır...

Image

İlqar Hüseynli: “Şirkətlər yeni avtobuslar alıb xəttə buraxmırlar, pulu yeyirlər”

Bakı sakinlərini ən çox narahat edən hallardan biri yerüstü ictimai nəqliyyatın lazımı səviyyədə işləməməsidir. Xüsusən də bir neçə avtobus şirkəti var ki, sözün həqiqi mənasında sərnişinlərə zülm yaşadırlar.

Paytaxtın bəzi yollarının bağlanmasını bəhanə gətirən bu şirkətlərə məxsus avtobuslar düz-əməlli işləmir. “Bakubus”un xəttə buraxdığı avtobusların qaydasında işləməməsi nəticəsində yenə camaat yollarda qalıb. Avtobuslar o qədər gec gəlir ki, insanlar gözləməkdən yorulur, giley-güzar edirlər. 

Demək olar ki, hər gün eyni vəziyyət yaşanır, problemin həlli üçün isə heç bir addım atılmır.   Xüsusən də 205 saylı avtobus marşrutu insanlara çox ciddi  problemlər yaşadır. Əvvəla, intervalı çox böyükdür, ikincisi, xəttə kiçik tutumlu avtobuslar buraxılıb, bu da sərnişlin sıxlığına səbəb olur.

Bunun səbəbini sürücülərdən soruşanda deyirlər ki, onların heç bir günahı yoxdur, onlara verilən qrafik üzrə işləyirlər. 205 saylı marşrut sürücülərinin dediyinə görə, şirkət avtobusları qaraja yığıb buraxmır ki, guya sərnişin azlığı var. Halbuki, sərnişin azlığından söhbət gedə bilməz, bu marşurutdan kifayət sayda sərnişlin istifadə edir. Sürücülərin bildirdiyinə görə, şirkət qaraja yığdığı avtobusları kütləvi şəkildə sentyabrın 15-dən sonra xəttə buraxacaq. 

Belə nəticəyə gəlmək olur ki, şirkət qəsdən xəttə az avtobus buraxır. O, hər gün  205 saylı marşurutdakı qırğın-davaları, sərnişinlərlə sürücülər arasındakı söz atışmasını, giley-güzarı, narazılığı nəzərə almaq istəmir. Salonda o qədər sıxlıq olur ki, insanlar qollarını, ayaqlarını belə tərpədə bilmir. Sürücülərin dediyinə görə, salonu kamera çəkir. Salonu kamera çəkirsə, bəs onda nə üçün özəl şirkət buna bir əncam çəkmir, xəttə buraxılan avtobusların sayını artırmır? Bu bəzilərinə kənardan kiçik hal kimi görsənsə də, əslində böyük sosial problemdir.

Şirkətlər xəttə çıxarılan avtobusların sayını azaltmaqla, bu qədər narazılığa səbəb olan hərəkətlər sərgiləməklə hansı məqsədi güdür?

“Bakubus”un təsərrüfat fəaliyyətini yoxlasaq görərik ki, kifayət qədər avtobuslar ya yararsız hala salınıb, ya da...” 

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə “Əgər siz xatırlayırsınızsa, bir müddət əvvəl “Bakubus”un parkından bir reportaj hazırlamışdılar. Ordan da görsənirdi ki, parkda dayanan saysız avtobusların detallarını avtoehtiyat hissəsi kimi çıxarıb xəttə olan avtobusların təmirində istifadə edirdilər.  Yəni biz “Bakubus”un təsərrüfat fəaliyyətini yoxlasaq görərik ki, kifayət qədər avtobuslar ya yararsız salınıb, yaxud da xəttə buraxmaq üçün avtobus çatışmazlığı var”-deyə bildirdi. 

H.Hüseynlinin sözlərinə görə, baxmayaraq ki, AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi)  vətəndaşların komfortunu pozan, ciddi vaxt itkisinə, nəqliyyatın sıxlığına səbəb olan məsələləri aradan qaldırmaq üçün aksiya keçirdi. “Avtobuslar üçün şəhərin bütün daxili yollarını qısaltdı və avtobuslar üçün ayrıca yollar ayırdı. Bu ona görə edildi ki, ictimai nəqliyyat vaxtlı-vaxtında sərnişindaşımanı təşkil etsin. Amma bunun baş verməsinə baxmayaraq, yenə də gecikmələr, yenə də ciddi problemlər, yenə də xətlərdə sərnişinlər üçün komforlu olmayan avtobuslar xidmətə davam edir. Əgər belə olacaqdısa o yolların ayrılmasına nə  ehtiyac vardı? Bu baxımdam hesab edirəm ki, nəqliyyat şirkətləri avtobuslarının sayını artırmalıdır, onların büdcəsinə daxil olan pulu, vəsaiti maksimum bu istiqamətə sərf etməlidir”-deyə bildirdi.

İ.Hüseynli qeyd etdi ki, bu vəsait onların büdcəsinə vətəndaşlar ödəyir və bu vəsaiti də vətəndaşların rahatlığını təmin etməyə yönəltməlidir, avtobusların sayını artırmalıdır, intervalı qısaltmalıdırlar. “Şirkətlər yeni avtobuslar alıb xəttə buraxmırlar, pulu yeyirlər. İstismarda olan nəqliyyat vasitələri də köhnəldikcə sıradan çıxır, nəticədə sərnişinlər belə ağır duruma düşürlər”-deyə İ.Hüseynli bildirdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
baki-xeber.com

1Sources