EN

"Sosial şəbəkələrdə cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır"

Bu gün sosial mediada cinayət dünyasının adamları az qala qəhrəman kimi təqdim olunur:

 

Bunu Modern.az-a açıqlamasında sosioloq, Bakı Dövlət Univertsitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev bildirib.

 

O qeyd edib ki, bu tendensiya tam yetişməmiş uşaq və yeniyetmələrin psixologiyasına mənfi təsir göstərir.

 

"Uşaqlara elə gəlir ki, cinayət dünyasının insanları düz yaşayırlar və onları həyatda kumir kimi görmək olar. Hətta bəzi media kapitanlarının saytlarında və digər mətbu orqanlarında da bunu görə bilirik. Xəbər başlıqlarını cinayət dünyasının nümayəndələri ilə bəzəyir və bunu manşetə çıxarırlar. Kimsə cinayət törədəndə başlıq çıxarılır ki, “lotu filankəsin qohumu”, yaxud adamı. Yaxud da yazırlar ki, dünyaca məşhur qanuni oğru filan iş gördü. Burada heç bir jurnalist mövqeyi də qoyulmur. Bu təmtəraqlı başlıqlar da uşaqlarda maraq oyadır. Bəzən məktəblərdə keçirilən tədbirlər zamanı cinayət dünyası, onun qəhrəmanları təbliğ edilir. Belə tədbirlər ləğv olunmalıdır, bunlara ciddi nəzarət edilməlidir. Çünki uşaqların müəyyən yaş dövrü var ki, sosiallaşmaqla tanış olurlar. Jurnalist bu kimi xəbərləri verərkən mütləq sonrasında mövqeyini qoymalıdır. Hadisənin neqativ çalarlarını, sosial fəsadlarını göstərməli və düzgün olmadığını qeyd etməlidir. Bu yolla da uşaq və yeniyetmələrə bunun düz yol olmadığı ilə bağlı mesaj ötürülməlidir. Belə insanların layk, reytinq xatirinə qəhrəmanlaşdırılması peşəyə olan xəyanətdir. Bu məsələyə çox ciddi yanaşılmalıdır. Bu gün təkcə ailə və məktəblər yox həm də sosial şəbəkələr və kütləvi informasiya vasitələri sosiallaşma institutu kimi çıxış edir. Maksimum çalışmalıyıq ki, sosial şəbəkə platformaları, KİV-də uşaqların sosiallaşması üçün sağlam mühit olsun. Amma dəfələrlə görürük ki, cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır. Cinayət aləminin adamları ilə bağlı kitablar nəşr edilir. Bu kimə yaxud nəyə lazımdır?!”

O qeyd edib ki, sosial şəbəkələrdə aqressiv filmlər, oyunlar geniş təbliğ olunur:

 

“Ona görə də yaxşı olar ki, sosial şəbəkələri tənzimlənməlidir. Eyni zamanda qanunun icrasına nəzarət mexanizmi sərtləşdirilməlidir. Ölkə başçımız uşaqların zərərli informasiyadan qorunması haqqında qanun imzalayıb. Həmin qanunun icrasına nəzarət mexanizmi gücləndirilməlidir. Biz mətbuatı analiz edəndə görürük ki, sarı informasiyalarla doludur. Şübhəsiz ki, uşaqlarımız belə bir mühitdə formalaşır. Bugün Z nəsli, X nəsli bütövlükdə sosial platformalar üzərindən informasiya ehtiyaclarını ödəyirlər. Onlar da həmin neqativ informasiyaları görəndə şübhəsiz ki, bu onların davranışına təsir göstərəcək. İnsan nə ilə ünsiyyətdədirsə, onun təbiətini qazanır. Bir söz var ki, insan valideynlərindən çox mühitin övladıdır. Çalışmalıyıq ki, sosiallaşma mühiti, ailə mühiti, cəmiyyət sağlam olsun. Sağlam cəmiyyətdə sağlam insanlar formalaşır".

 

Üzeyir Şəfiyev əlavə edib ki, bu mövzu ilə bağlı geniş maarifləndirmə tədbirləri aparılmalıdır:

 

“Bu sahədə şagirdlərlə, yeniyetmələrlə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Bu gün yazılan kitablarda belə çox oxunması üçün kriminal dünyanın motivlərini görürük. Çəkilən seriallar da eyni şəkildə bu mövzuya geniş yer verir. Kompüter oyunlarına baxdığımız zaman da burada aqressiyanın geniş yer tutduğunu görürük. Bu zaman da uşaqlar həmin filmlərin və oyunların personajlarını təqlid edirlər. Nəticədə də uşaqlar arasında kin və aqressiya yayılmasına səbəb olur.Azərbaycanda uşaq ədəbiyyatı yox səviyyəsindədir. Buna xüsusi diqqət yetirilməlidir.Açıq etiraf edək, gənclərin formalaşmasında təkcə ailə və cəmiyyət rol oynamır. Burada ədəbiyyat da töhfə verir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
modern.az

1Sources