EN

Məktəbin dəyişməsi uşaqlarda travma yarada bilər - XƏBƏRDARLIQ

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldı, 15 sentyabr 1-ci sinifə gedən uşaqlar və ailələri üçün xüsusi gün hesab olunur. Yeni həyata başlayan uşaqlar üçün bu proses özlüyündə uyğunlaşma problemi də yaradır.

 

Modern.az mövzu ilə əlaqədar psixoloq Samirə Bağırova ilə həmsöhbət olub.

 

O bildirib ki, 1-ci sinfə gedən uşaqlar psixoloji aspektdən 3 qrupa bölünür:

 

"1. İlk gündən məktəbə uyğunlaşanlar - bu uşaqların valideynləri motivasiya mənbəyi olduğunu göstərir. Bu uşaqlar adətən disiplinli, cəsarətli, ünsiyyətə və yeniliyə hazır olan uşaqlardır. 


2. ⁠ Məktəb başlayandan 3, 6, bəzən 8 ay sonra uyğunlaşan uşaqlar - adətən səhər məktəbə yola salarkən valideynlər bu uşaqların sağlıq şikayətləri ilə tez-tez qarşılaşa bilirlər. Mədə bulantısı, qızdırma halları, qarında sancı, baş ağrıları və sairə kimi psixosomatika özünü göstərir. Yəni uşaq valideynə bağlıdır, yeniliyə, ünsiyyətə açıq deyil, aşağı özgüvən, qorxu hissləri ona mane olduğu üçün bu uşağın sağlığına təsir göstərir. Belə olduğu təqdirdə gələcəkdə xroniki halın qarşısını almaq üçün uşaq psixoloquna  müraciət olunmalıdır.


3. ⁠ Ümumiyyətlə məktəbə uyğunlaşmayan uşaqlar -  bir, iki il keçməsinə baxmayaraq, uşaq məktəbə uyğunlaşa bilmir. Dərsin gedişatına mane olur, digər uşaqlarla tez-tez mübahisə edər. Yerli, yersiz cümlələr istifadə edər və bu şəkildə ya diqqət mərkəzinə gələr, ya da susqun halda qalar”. 

 

Psixoloq qeyd edir ki, bu halda mütləq uşağın valideynləri ilə daha yaxından tanış olmaq, səbəbləri öyrənmək sinif müəllimin vəzifəsidir: "Uşağı psixoloqa yönəltməyi tələb etməlidir. Eyni zamanda valideynlər özləri də psixoloji dəstək almalıdır”- deyə o qeyd edib.

 

Samirə Bağırova onu da bildirib ki, uşaqlar tək birinci sinifə gedəndə deyil, məktəb dəyişəndə də adaptasiya problemləri ilə qarşılaşırlar.

 

“Əgər yaşayış yeri dəyişirsə, məktəb dəyişilirsə bu uşaqda travmasız ötüşmür. Öyrəşdiyi dostlarından uzaq düşməsi, yaşadığı məkanın dəyişməsi motivasiyasının aşağı düşməsinə, depresiyaya uğramasına və dərslərində geriləməsinə səbəb ola bilir. Mütləq şəkildə bir müddət öncədən uşaq buna psixoloji hazırlanmalıdır, onun fikri önəmsənilməli və sonra addım atılmalıdır. Psixoloji dəstək  burada da mütləq uşağa lazımdır. Ümumiyyətlə isə, ibtidai sinif müəllimi bəzi xarici ölkələrdə olduğu kimi hər il yenisi ilə əvəz olunmalıdır. Bu məhz uşaqların yeni insanlara, ünsiyyətə açıq olmasına səbəb olur. 4-5 il eyni ibtidai sinif müəlliməsi ilə çalışmaq bu monotonluq yaradır, dəyişikliyə, yeni insanlar ilə tanışlığa qorxu yaradır  və inkişafdan saxlayır”.

 

Arifə Kərimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
modern.az

1Sources