EN

17 yaşında çempion olub, Gəncədə “Ararat”a qalib gəliblər

Azərbaycan futbolunda imzası olan Namazov qardaşlarından ən böyüyü – idman ustası, mərhum Hafiz Namazov yaşasa idi, bu gün 80 yaşını qeyd edəcəkdi.

O, 1944-cü il sentyabrın 4-də Bakıda anadan olub. 1961-ci ildə - 17 yaşında heyətində sonralar məşhur futbolçular Vyaçeslav Şexov və Nikolay Boqdanovun da yer aldığı Azərbaycanın məktəblilərdən ibarət yığma komandası ilə VII Ümumittifaq spartakiadasının qalibi olub.

1965-ci ildə Bakı “Dinamo”sunda çıxış etdiyi vaxt Gəncədə yerli “Dinamo”yə 1:3 hesabı ilə məğlub olduqları oyunda komandasının yeganə qoluna imza atan Hafiz növbəti mövsümdən məhz Gəncə təmsilçisinin formasını geyinməyə başlayıb.

“Kəpəz”in sələfi olan “Dinamo” ilə 1968-ci ildə SSRİ çempionatının güclülər dəstəsinə yüksəlib. Komandanın əsas müdafiəçilərindən biri olub və 2 nömrəli formanı geyinib.

Güclülər dəstəsində çıxış etdiyi 20 oyunda 2 sarı vərəqə alıb, o cümlədən “Ararat” (1:0) və Moskva SSKA-sı (1:0) kimi rəqiblərə qalib gəldikləri qarşılaşmalarda forma geyinib.

Sonra bir müddət Qazaxıstanda çıxış edib: 1970-ci illərin əvvəllərində Cambul şəhərinin “Alatau” komandasında oynayıb. O, 1996-cı ildə Qazaxıstan çempionu olmuş “Taraz” klubunun sələfidir. Maraqlıdır ki, indi “Turan”ı çalışdıran məşhur Kurban Berdıyev də məşqçilik karyerasına məhz həmin komandada başlayıb.

Hafiz Namazov da futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb, 1970-ci illərin ortalarında Lənkəran “Xəzər”ini çalışdırıb. Həmçinin “FŞM” kimi tanınan “Gənclərin Futbol Məktəbi”ndə işləyib.

Sonralar AFFA nümayəndəsi kimi Azərbaycan milli çempionatının oyunlarına da təyinat alıb. O, 2005-ci ildə vəfat edib.

Qeyd edək ki, Namazov qardaşlarından Asəf daha məşhurdur: o, vaxtilə “Neftçi”nin aparıcı müdafiəçilərindən biri olub, SSRİ-nin olimpiya yığmasına cəlb edilib. Asif Namazov isə daha çox hakim kimi tanınıb.

Rasim Mövsümzadə
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
idman.biz

1Sources