EN

"5 mini şişirdib 50 min yazıblar" - Milyonluq dələduzluq işi

Bakıda 14 nəfərə 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən Kamil Habilli və Fərid Calalovun cinayət işi üzrə məhkəməsi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fərid Calalov dindirilib.

O, ifadəsi zamanı ona elan edilən ittihamla özünü təqsirli bilməyib: "Kamillə avtosalonda tanış olmuşuq. Maşın alıb gətirirdim, qonşular da görürdü. Zərərçəkmiş Yusif Babayev deyir ki, guya ona 29 min 200 manat ziyan vurmuşam. Yusifi Eldənizin vasitəsilə tanımışam. Bir neçə maşın satmışam. 3 ədəd 7 min manat dəyərində "Toyota Corolla" satmışam. Zərərçəkmiş Elşən Rüstəmov da qonşum olub, onu da Səbuhi gətirib. Deyir 29 min 500 manat pul verməliyəm. Elşən rayon qeydiyyatındadır, neçə dəfə yoldaşının adına maşın sənədləşdirmişəm. Pulunu verdiyi maşınları sənədləşdirib adına salmışam. 5 mini şişirdib 50 min yazıblar.

Zərərçəkmiş Səbuhi Rüstəmov deyir ki, 42 min 500 manat borcum var, ancaq heç bir borcum yoxdur. Bu epizodla bağlı Habilli Kamilin heç bir rolu yoxdur. Avtomobilləri 4 nəfər tanışının adına sənədləşdirmişəm. Seymura "Pajero", Əhlimana "Santafe", Eminin özünə "X-35", Zaura isə "Sonata" vermişəm. Bilal Muradzadəyə 15-20 maşın vermişəm. Deyir ki, 97 min verəcəyim var. Ona bir neçə maşın vermişəm.

Vüqar Rəfiyevlə Yusif bir yerdə şərik idilər. Yusifə 2 "Prado" və "Padfainder", 3 "Toyota Corolla" vermişəm, heç bir borcum yoxdur".

Təqsirləndirilən şəxs onu da diqqətə çatdırıb ki, zərərçəkmiş Fəxri Cəfərova 197 min 500 manat borcu yoxdur: "O, 55 min manat bir, 30 min manat da bir verib. Qarşılığında hamısına maşın vermişəm. Taleh Mirzəyev deyir ki, 7 min manata borcum var. Onu ümumiyyətlə tanımıram. Rafiq Vəliyevə 3 min manat borcum var, "Toyota Corolla" verməli idim, 700 manatını qaytardım, qalanını verə bilmədim. 3 epizodda özümü təqsirli bilirəm".

Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş qismində tanınıb və onlara ümumilikdə 1 milyon manata yaxın ziyan dəyib. Kamil Habilli və Fərid Calalovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
145
20
e-huquq.az

10Sources