EN

Şahramanyandan sensasion açıqlama: “Hesab edirik ki...”

“Qarabağa qayıtmaq bizim hüququmuzdur və bu, Ermənistanın dövlət maraqlarına nə mane, nə də zidd ola bilməz”. 

“Cebheinfo.az”-ın məlumatına görə, bunu ləğv edilmiş qondarma rejimin keçmiş rəhbəri Samvel Şahramanyan sentyabrın 2-də jurnalistlərlə söhbətində deyib.

“Ermənistana köçdükdən sonra biz bir siyasət qəbul etdik və mən bu barədə bütün Qarabağ “rəsmiləri”nə məlumat verdim. Ona görə Ermənistanın təhlükəsizliyi bizim üçün prioritetdir. Ermənistan da vətənimizin əsas hissəsidir. Biz Ermənistan hakimiyyətinin apardığı prosesləri təhlükəyə atmamalı və onun təhlükəsizlik sisteminə zərər verməməliyik. 

Amma biz görürük ki, müxtəlif səbəblərdən “Artsax”ın (uydurma Dağlıq Qarabağ Respublikası - red.) buraxılması məsələsi manipulyasiya predmetinə çevrilir. Bu yalan tezisdir. İmzalamaq məcburiyyətində qaldığımız bu sənəd mülki əhalinin təhlükəsiz şəkildə Ermənistana köçürülməsinə imkan verdi. Qüvvələrin silahları və güc strukturlarının məmurları da köçürülüb”.

Şahramanyan Qarabağdan köçən erməni əhalinin Azərbaycana inteqrasiya etmək istəmədiyi üçün yaşayış yerini tərk etmək qərarına gəldiyini deyib.

“Biz bu sənədlə bağlı qərar qəbul etmişik. Mən bu barədə baş nazirin timsalında Ermənistan hökumətinə yazılı məlumat vermişəm. Bu sənədin etibarlı olması barədə danışmaq mənasızdır və reallığa uyğun gəlmir”, - deyə Şahramanyan əlavə edib.

O, son onilliklərdə Ermənistan hakimiyyətinin Qarabağın adından danışıqlarda iştirak etdiyini bildirib:

“Biz hesab edirik ki, Qarabağ məsələsini beynəlxalq gündəmə qaytarmaq Ermənistan hakimiyyətinin vəzifəsidir. Biz bütün maraqlı strukturlarla bu məsələni müzakirə etməyə hazırıq. Ermənistan hakimiyyəti Qarabağdan imtina etdi. Düşünürəm ki, Ermənistan əhalisinin əksəriyyəti bu fikirdə deyil.

Biz əminik ki, Qarabağ məsələsi və ermənilərin Qarabağa qayıtması güclü Ermənistan vasitəsilə həll oluna bilər. Ermənistan hakimiyyəti beynəlxalq platformalar da daxil olmaqla, Qarabağ ermənilərinin hüquqlarını qorumaq üçün hər şeyi etməlidir.

Biz müxtəlif formatlarda danışıqlara hazırıq. Ən əsası odur ki, düzgün tapşırıq və format formalaşdırılıb müəyyən edilsin”, - deyə Şahramanyan bildirib.

Samvel Şahramanyan qeyd edilən açıqlama ilə 2023-cü il sentyabrın 28-də qondarma rejimin buraxılmasına dair imzaladığı “fərman”dan imtina etdiyini demək istəyib.

Xatırladaq ki, həmin sənədə görə, 2024-cü il yanvarın 1-nə qədər bütün “qurum və təşkilatlar” ləğv edilir, qondarma qurumun mövcudluğu dayandırılır. Həmçinin, “fərman”da Azərbaycan dövlətinin 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejimin mövcudluğunu dayandırmaq qərarına gəldiyi bildirilir. 

Oktyabr ayında isə erməni sakinlər azərbaycanlılarla birgəyaşayışdan imtina edərək könüllü şəkildə Ermənistana köçüb. 

2024-cü il yanvarın 1-dək Şahramanyanın “fərman”ı ləğv edilmədiyinə görə, qondarma qurum fəaliyyətini tamamilə dayandırıb. 

Həmin sənəddə o da qeyd edilir ki, “Dağlıq Qarabağ”ın əhalisi, o cümlədən “respublika”dan kənarda yerləşənlər bu “fərman” qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Lakin ermənilər Qarabağa qayıtmaqdan imtina etdi. Hətta Ermənistan hökumətinin statistikasına əsasən, minimum 10 min nəfəri yaşamaq üçün üçüncü ölkələrə köçüb. Bu baxımdan, ermənilərin Qarabağa qayıtmaq hüququ məsələsini yenidən gündəmə gətirməsi daha çox siyasi təxribat məqsədi daşıyır. 

Çünki ermənlərin Azərbaycana inteqrasiya etmək istəmədiyini Şahramanyan özü etiraf etdiyi halda Qarabağa qayıtmaq hüququndan danışır. Azərbaycan erməni sakinlərin Qarabağa qayıdaraq yaşamaq hüququqnu tanıyır və buna maneə yaratmır. Yalnız Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan, 1988-ci ilə qədər özü və ya ailə üzvü Qarabağda daimi qeydiyyatda olaraq yaşamış erməni sakinlər bu hüquqdan faydalana bilər.

Ancaq həmin şəxslər Azərbaycana qarşı işğalçılıq müharibəsində, etnik təmizləmə və soyqırım aktlarının törədilməsində iştirak etrməyən ermənilər ola bilər.

Şahramanyan kimi separatçılar isə Azərbaycana qarşı müharibə cinayətlərində iştirak etdiklərinə görə, Qarabağa qayıtmaq hüququ yoxdur. O, ilk növbədə, etdiyi cinayətlərə görə Azərbaycan dövləti qarşısında hüquqi məsuliyyətə cəlb edilməlidir. İşğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenliyi bərpa edilib. Bu səbəbdən, həmin ərazilərdə məskunlaşma prosesi yalnız Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilə bilər.

Samvel Şahramanyanın Qarabağdan köçən ermənilərin hüquqları məsələsini qabartması və onların qayıdışı barədə dedikləri isə Azərbaycandan daha çox Ermənistan hakimiyyətinə yönəlik təzyiq mesajlarını ehtiva edir. 

Çünki son günlər Şahramanyanla Nikol Paşinyan hökuməti arasında münasibətlər yenidən gərginləşib. Şahramanyan barəsində yenidən cinayət işi açılıb və onun həbsi ehtimalı var. Görünür, Şahramanyan Qarabağ ermənilərini siyasi cəhətdən aktivləşdirməklə Paşinyana qarşı müqavimət imkanlarını artırmağa çalışır. 

Nikol Paşinyanın avqustun 31-də keçirdiyi mətbuat konfransında ermənilərin Qarabağa qayıtmasının real olmadığı barədə açıqlama bu qarşıdurmanı daha da dərinləşdirib. Ermənistanın baş naziri bildirib ki, Qarabağda qanunsuz separatçı qurumun ləğvi ilə bağlı fərman imzalayan və oranı təcili tərk edən şəxslər indi geri qayıtmaqdan danışırlar.

“Mənim özümü ötən il ermənilərin Qarabağı və Şərqi Zəngəzuru tərk etməsinə maneə törətməkdə günahlandırırdılar. İndi isə insanların ora qayıtmasına mane olduğuma görə mənə irad tuturlar”, - Paşinyan belə deyib. 

Bununla da Paşinyan ermənilərin Qarabağa qayıdışı ilə bağlı məsələnin qapandığına işarə edib. Çünki ermənilərin Qarabağa geri dönməsində Ermənistan hakimiyyəti özü maraqlı deyil.

İlk növbədə, ermənilərin Qarabağa qayıtması müqabilində rəsmi Bakı 1988-1989-cu illərdə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə dönməsi tələbini irəli sürür. Ermənistan tərəfi isə Qərbi azərbaycanlıların Zəngəzurda, Göyçədə və digər ərazilərdə yerləşməsində maraqlı deyil. Ona görə də Paşinyan hakimiyyəti ermənilərin Qarabağa qayıtması ilə bağlı razılaşmanın sülh sazişinin mətninə salınmasından imtina edib. 

Samvel Şahramanyanın ermənilərin qayıdışı məsələsini qaldırması əslində, Paşinyana cavab məqsədi daşıyır. Şahramanyan “Ermənistan hakimiyyəti Qarabağdan imtina etdi” - deməklə qondarma rejimin buraxılmasına görə, məsuliyyəti Paşinyanın üzərinə atır.

Separatçıların keçmiş rəhbərinin cinayətkar rejimin buraxılması barədə “fərman”ın etibarsız sənəd olduğunu iddia etməsi də bu niyyətə xidmət edir. Şahramanyan dolayısı ilə Paşinyan hakimiyyətinin ermənilərin Qarabağa qayıdışı mövzusunun beynəlxalq platformalarda aparılan danışıqlarda qaldırmaqda maraqlı olmadığına işarə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
113
11
cebheinfo.az

10Sources