Xəbər verildiyi kimi, Ukraynanın Müstəqillik Günündə Ukrayna və Rusiya əsirləri dəyişdirilib.
“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski 115 ukraynalı döyüşçünün rus əsirliyindən evlərinə qaytarıldığını bəyan edib.
Onun sözlərinə görə, Milli Qvardiyanın, Silahlı Qüvvələrin, Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin əsgərləri əsirlikdən azad edilib: "Biz hər kəsi xatırlayırıq. Hamını geri qaytarmaq üçün əlimizdən gələni edirik. Mübadilə fondumuzu dolduran hər bir bölməyə təşəkkür edirik”.
Zelenski vasitəçiliyinə görə Birləşmiş Ərəb Əmirliklərinə ayrıca təşəkkür edib.
Bu arada o da məlum olub ki, əsirlikdən qaytarılan 115 nəfərin 82-si Mariupolun müdafiəsində iştirak etmiş döyüşçülərdir və onların da əksəriyyəti “Azov” bölməsinin hərbçiləridir.
Rusiyaya qaytarılanlar isə əsasən Kursk əməliyyatı zamanı əsir götürülmüş rusiyalı çağırışçı əsgərlərdir. Çağırışçıların “Azov” döyüşçülərinə dəyişdirilməsi onu göstərir ki, Kreml Putinin müharibəyə göndərməyəcəyinə dair söz verdiyi çağırışçıların ölümünə və əsir düşməsinə görə narahatdır. Çünki bu, onsuz da artan daxili narazılıqları daha da çoxalda bilər.
“AzPolitika.info”