EN

Qlobal istiləşmə Avstraliyada xizəkçilik mövsümünün erkən bitməsinə səbəb olur

Qlobal

Bakı, 24 avqust, AZƏRTAC

Avstraliyada xizəkçilik mövsümünün erkən başa çatması müşahidə olunur. Mütəxəssislər qeyd edirlər ki, buna səbəb havaların qeyri-adi isti keçməsi səbəbindən qarın miqdarının demək olar ki, iki dəfə azalmasıdır.

AZƏRTAC xəbər verir ki, “The Guardian” nəşrinin yazdığına görə, Avstraliyada qlobal istiləşmə nəticəsində yazın erkən başlaması dağ-xizəkçilik kurortlarında qarın daha tez əriməsinə səbəb olur.

Avstraliya Milli Universitetinin iqlimşünası Corc Falsterə görə, davamlı isti temperatur iyul ayında Spenser Krikdə qarın qalınlığını 100 santimetrə qədər endirib ki, bu da tarixi orta göstəricinin təxminən yarısıdır. Alimin fikrincə, qlobal istiləşmə artıq xizəkçilik mövsümünün daha tez başa çatmasına gətirib çıxarır.

Tredbo xizəkçilik kurortunda avqust ayında bir neçə gün ərzində 10 dərəcə Selsidən yuxarı temperatur müşahidə olunub ki, bu da həmin ay üçün orta hesabla 6,7 dərəcə Selsi göstəricisindən xeyli yüksəkdir.

İqlimşünas Devid Karoli deyir ki, keçən il də analoji isti hava dalğası aşağı hündürlükdə yerləşən xizəkçilik kurortlarının bir neçə həftə daha tez bağlanmasına səbəb olub.

Cari iqlim proqnozları qışın daha qısa olacağını, artan temperaturun Avstraliyada qarın səviyyəsini və xizəkçilik mövsümlərini azaltmağa davam edəcəyini göstərir.

“Protect Our Winters” hüquq-müdafiə qrupunun sifarişi ilə hazırlanan hesabatda xizəkçilik mövsümünün orta müddətinin indiki 105 gündən 2030-cu ilə qədər 81 günə, 2050-ci ilə qədər isə 70 günə düşəcəyi bildirilib. Hətta istixana qazı emissiyaları köklü şəkildə azalsa belə, vəziyyət dəyişməyəcək.

Hesabatda, həmçinin göstərilir ki, Avstraliyanın şəhərləri, turizm sənayesi və ekosistemləri qardan asılıdır və yalnız güclü qar yağacağı təqdirdə normal fəaliyyətlərini təmin edə bilərlər.

 

Chosen
100
19
azertag.az

10Sources