EN

“Zəhərli” münasibətdə olduğunu göstərən əlamətlər? - Psixoloq AÇIQLADI

“Bu gün cəmiyyətdə eşitdiyimiz psixoloji anlayışlardan biri də “toksik münasibət”dir. Fərdin rifahı hansısa şəkildə - emosional, psixoloji və hətta fiziki olaraq təhdid olunduğu zaman biz istənilən münasibəti toksik, yəni zəhərli münasibət adlandıra bilərik.”
 
Bunu Moderator.az-a günümüzün aktual mövzularından biri olan toksik münasibətlə bağlı açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov danışıb.  Psixoloq onu da qeyd edib ki, istənilən toksik münasibət sağlamlığa  və psixoloji rifaha mənfi təsir göstərir:
 
 
“İnsanı zamanla yaxşı deyil, daha pis hiss etdirən hər hansı bir əlaqə zamanla toksik ola bilər. Toksik münasibətlər bir çox istiqamətdə özünü büruzə verir. Buna görə də, zəhərli münasibətlərin yalnız romantik münasibətlərlə məhdudlaşmadığını qeyd etmək vacibdir. Bu münasibət ailələrdə, iş yerində və dost qrupları arasında da mövcuddur. Onu da qeyd edim ki, toksiklik effektiv şəkildə idarə olunmadıqda ciddi psixoloji problemlərə səbəb olur.
 
Münasibətlərdə yaxşı, yaxud pis olduğunu yalnız siz deyə bilərsiniz. Ancaq kimsə dedikləri, etdikləri və ya etmədikləri ilə davamlı olaraq rifahınızı təhdid edirsə, bu, “zəhərli” bir əlaqədir. Toksik münasibətin daha incə əlamətləri vardır; məsələn, aldığınızdan daha çox verirsiniz, bu da sizə özünüzü dəyərsiz və tükənmiş hiss etdirir, davamlı olaraq hörmət edilmədiyinizi və ya ehtiyaclarınızın ödənilmədiyini hiss edirir, zaman keçdikcə özünüzə olan hörməti itirirsiniz. Belə halda fərd başqası ilə danışdıqdan və ya birlikdə olduqdan sonra özünü depressiv, qəzəbli və ya yorğun hiss edir. Bu tipli münasibətlərdə tərəflərdən biri hər zaman günahkardır.
 
Araşdırmalar göstərir ki, insanın subyektiv fikirləri onun münasibətdə olduğu insana qarşı olan hisslərinə təsir edir. Məsələn, əgər fərdin keçmişdə yalan danışmaqla bağlı travması varsa, o yalan danışan hər kəsi toksik insan hesab edəcək; lakin normal psixoloji durumda olan insan anlayır ki, subyektiv fikirlər hər kəsə aid edilə bilməz və hər zaman sağlam münasibət qurmaq üçün imkanlar vardır.
 
Münasibətin toksiklik yaradıb-yaratmadığını müəyyən edərkən, münasibətdə hansı davranışların daha çox nümayiş etdirildiyinə baxmaq vacibdir. Başqa sözlə desək, əgər münasibətdə tərəflərdən biri və ya hər ikisi davamlı olaraq eqoist, zorakı və anlayışsızdırsa, münasibətlərdə toksikliyin olması mütləqdir. Amma münasibətdə tərəflərdən biri daha çox şəfqətli və anlayışlıdırsa, o zaman toksiklik yaradan müəyyən problemlər ola bilər ki, onları təhlil edərək həll etmək lazımdır.
 
Münasibətdə problem həll olunmursa, əksinə narahatlıqlar artarsa, həmçinin, fərd sərhədlər qoymağa çalışırsa və qarşı tərəf ona hörmət etməkdən imtina edirsə, münasibəti bitirmək və həmin insandan uzaqlaşmaq ən doğru yoldur. Bunu etmək çətin olsa da, insan unutmamalıdır ki, ən vacib şey özünüzə, ehtiyaclarınıza və sağlamlığınıza verilən dəyərdir.
 
Ümumiyyətlə insan hər iki halda həm münasibətdə olan problemləri həll etmək, həm də münasibəti bitirməyi seçdiyi halda, münasibətdə olduğu şəxsə yaşadığı narahatlıqları birbaşa deməli və səbəblərini sadalamalıdır. İstənilən münasibətdə zamanla çətinliyin yaşanması normal haldır. Bu hal tərəflərdən birinin iş, ailə və yaxud öz şəxsi düşüncələrində yaranan problemlərlə bağlı ola bilər ki, belə situasiyalarda ona dəstək olmaq və problemin həlli üçün yollar təklif etmək daha doğrudur. Narahatlıqlar uzun müddət davam etdikdə və artıq daha öncə də qeyd etdiyimiz problemlərə təkan verdikdə toksik münasibətə yönələ bilər. Çünki, tərəflərin həll etməkdən qaçdığı və həll etmək istəmədiyi problem hər zaman daha böyük narahatlıqlara yol açır və münasibətin sağlamlığını təhdid edir. 
 
Unutmayaq ki, istənilən toksik münasibət bizim sağlamlığımıza və psixoloji rifahımıza mənfi təsir göstərir. Ona görə də fərd kimliyindən asılı olmayaraq ona pis təsir edən insanları həyatından çıxarmalı və ya onlarla keçirdiyi vaxtı məhdudlaşdırmalıdır. Son olaraq, əgər bir şəxs istər ailə, istər sosial, istərsə də şəxsi münasibətlərdə emosional və ya fiziki zorakılıqla üzləşirsə, dərhal lazımi tədbirləri həyata keçirməli və psixoloji dəstək almaq üçün mütəxəssisə müraciət etməlidir.”
 
 
Vüsalə İbrahimli
Moderator.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
9
moderator.az

10Sources