• Şikayət et

Vahid taksi sistemi, yoxsa yeni yollar: Tıxac və sıxlıq necə aradan qaldırılacaq? - ARAŞDIRMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) baş mütəxəssisi Rauf Səfərov Bakıda taksilərin sayının həddən çox olmasından söz açıb. Qurum rəsmisi bildirib ki, Bakı hətta bu saya görə İstanbul şəhərini ötüb. Belə ki, İstanbulda 17 325 taksi olduğu halda, Bakıda 28 min taksi fəaliyyət göstərir. Mütəxəssis fəsadlara diqqət çəkərək qeyd edib ki, Bakıda taksilərin sayının çox, bu sahəyə diqqətin az olması və sürücülərin 14-16 saat işləməsi qəzaların artmasına gətirib çıxarır. Son olaraq isə Rauf Səfərov taksi fəaliyyətinin müvafiq icazə əsasında həyata keçirilməsi və sərnişindaşıma sahəsində sahibkarlıq mühitinin yaxşılaşdırılmasına dair təkliflər hazırladıqlarını diqqətə çatdırıb.
 
Məlumdur ki, paytaxtda tıxac, əsasən, səhər saat 08-10, axşam isə 17-19 radələrində müşahidə edilir. Belə ki, metro və avtobusların yükünün çox olduğunu görən və mənzilbaşına vaxtında çatmağa çalışan şəxslər ya şəxsi avtomobilə, ya da taksi sifarişinə üstünlük verirlər, nəticədə Bakı küçələrində tıxac problemi ortaya çıxır. Beləliklə, ictimai nəqliyyatdan istifadə edənlər sıxlıq, şəxsi avtomobil və ya taksiyə üz tutanlar isə tıxac səbəbilə gedəcəkləri yerə gecikirlər. 
 
Maraqlıdır, nəqliyyatdakı mövcud problemi necə həll etmək olar? Vahid taksi sistemi yaradılmalı, yoxsa yeni yollar salınmalıdır? 
 
Mövzu barədə Oxu.Az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, Bakı şəhərində İstanbula nisbətən taksi sayının çox olması heç də təəccüblü deyil:
 
 
“İstanbulda ictimai nəqliyyat şaxələnib. Şəhərin sakinləri və qonaqları ictimai nəqliyyatdan rahatlıqla istifadə edə bilirlər. Taksidən, əsasən, turistlər istifadə edirlər. Bakı şəhərində isə ictimai nəqliyyatın durumu, demək olar ki, bərbad vəziyyətdədir. Bu səbəbdən də taksilərin sayı çoxdur. Əgər taksilərin sayı bizi narahat edirsə, deməli, ictimai nəqliyyatın öz seqmentini gücləndirməyə ehtiyac var. Məhz bu sahəyə cavabdeh olan qurumlar, yaxşı olardı ki, marşruta buraxılan avtobusların sayını artırsınlar”. 
 
Ekspert bildirib ki, bu gün marşruta buraxılmalı olan avtobusların sayı təxminən 30 faiz azdır:
 
“Bunu xüsusi araşdırmadan da müşahidə etmək olar. Nə qədər ki ictimai nəqliyyatda vəziyyət bərbad olacaq, taksilərə tələb və taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin sayı artacaq. 
 
O ki qaldı vahid taksi sisteminə, belə sistem artıq mövcuddur. Bakı şəhərində taksi fəaliyyətini nizamlayan qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyidir. Digər şəhərlərdə vəziyyəti Yerüstü Nəqliyyat Agentliyi tənzimləyir. Yəni faktiki olaraq sistem mövcuddur, sadəcə olaraq, burada Nazirlər Kabinetinin taksilərə görə tərtib etdiyi reqlamentdə tələblərin icrasına nəzarət etmək lazımdır. Bunlar arasında üç sadə şərt var: taksi fəaliyyətində istifadə olunan minik avtomobilinin üstündə sarı işıqlı taksi fənəri olmalıdır, taksi sürücüsünün yaşı 21-dən az olmamalıdır, taksi sürücüsünün sürücülük təcrübəsi iki ildən az olmamalıdır. Bu şərtlərə əməl etsək, düşünürəm ki, irəliləyiş əldə edə, keyfiyyətin yüksəlməsinə nail ola bilərik”.
 
Müsahibimiz bu gün əsas şikayətin taksi xidmətində təhlükəli və keyfiyyətsiz daşıma ilə bağlı olduğunu da vurğulayıb: 
 
“Bu istiqamətləri düzəltməyə ehtiyac var. Bakı şəhərində tıxacların sayını azaltmaq, ictimai nəqliyyatın fəaliyyətini yaxşılaşdırmaqla bağlı bizdə hüquqi baza mövcuddur. Bu, Prezidentin imzaladığı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”dır. Kifayət edər ki, məsul qurumlar o dövlət proqramını açıb vərəqləsinlər, üzərlərinə düşən işləri həyata keçirsinlər. Bununla da Bakıda tıxacların da sayı azalar, ictimai nəqliyyatın da fəaliyyəti yaxşılaşar”.
 
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev isə hesab edir ki, mövcud tıxac problemi kompleks tədbirlər planı icra etməyi tələb edir:
 
 
“Taksi - problemlərin bir fraqmentidir. İctimai nəqliyyatın daha çox sərnişin daşıyan növləri inkişaf etdirilməlidir. Məsələn, yüngül relsli dəmiryolu sistemi böyük şəhərlərdə effektivdir, çünki eyni anda daha çox sərnişin daşıya bilər, bu, bizdə tətbiq edilməlidir. Metro şəbəkəsi daha baha başa gəldiyindən və bu səbəbdən tikinti sürəti zəif olduğundan şəbəkə zəif genişlənir. Bundan əlavə, Bakı-Sumqayıt-Xırdalan istiqamətində mövcud dəmiryolu şəbəkəsini istifadə etməklə onu yerüstü metroya çevirmək olar. Bu gün qatar sayı artırılmalıdır. Belə tələblər var, amma təkliflər məhduddur. Tələbi təklif qarşılamadıqda isə taksilərin sayının çoxalması müşahidə olunur. Hətta fikrimcə, rəqəmlər daha çoxdur, çünki qeyri-rəsmi fəaliyyət göstərənlər də var, onların hamısı yaranmış boşluğu doldurur”.
 
Həmsöhbətimiz vəziyyətin qaydaya salınmalı olduğunu və ona paralel olaraq daha çox sərnişin daşıyan ictimai nəqliyyat növlərinin inkişaf etdirilməsinin vacibliyini söyləyib:
 
“Tıxac bir günə əmələ gəlmədiyi üçün onun həlli də mərhələli - yaxın, orta və uzaq hədəfli həll variantları ilə icra edilməlidir. İctimai nəqliyyatın cəlbediciliyini artırmaq üçün mövcud yol şəbəkəsində onun üstünlüyünü təşkil etməliyik. Ayrılmış avtobus zolağı, dəhlizlərin formalaşdırılması, mövcud yol sahəsində bəzi transformasiya işlərinin həyata keçirilməsi müsbət nəticə verə bilər. Məsələn, zolaqların ensizləşdirilməsi həm təhlükəsizliyə müsbət təsir göstərər, həm də qalan sahədə velosiped zolağı təşkil etmək olar.
 
Bu addım şəhərimizdə artan mikromobillik vasitələri üçün yaxşı fürsət olar, yeni bir reallıq yaranar. Belə ki, hazırda getdiyiniz yolda hamı tıxacda dayanır, amma alternativlər formalaşanda, avtobus və velosiped zolağı təşkil ediləndə avtomobilə üstünlük verənlərin müəyyən faizi ictimai nəqliyyata yönələcək və bu da indiki vəziyyəti kökündən dəyişəcək. Elə buna görə kompleks tədbirlərin icrası tələb olunur”.
 
Ekspertin sözlərinə görə, ilkin mərhələdə bir az investisiya ilə ictimai nəqliyyata meyilliliyi artırmaq mümkündür:
 
“Bu gün səkilərin abadlaşdırılmasına da ehtiyac var. Evimizdən dayanacağa, dayanacaqdan getdiyimiz məkana qədər yol baryersiz olmalıdır. Əgər ictimai nəqliyyatla səfər daha ucuz və rahat təşkil edilsə, taksiyə niyə yönəlsinlər? Doğrudur, yenə taksidən istifadə edən olacaq, amma az sayda. Tələb azaldığı təqdirdə yeni təklif formalaşacaq.
 
İndiki halda kəmiyyət artıb, keyfiyyət isə çox düşüb. Sürücülərin davranışından şikayət var, bu da nizamsızlıqdan irəli gəlir. Amma standartlar müəyyən olunandan sonra işlər düzələcək. Məsələn, taksi xüsusi rəngli, xüsusi sayğaclı və fərqli ödəniş sistemlərini təklif edən bir fəaliyyət növü olduqda, həmçinin sürücü xüsusi forma geyindikdə və hər iki cinsin nümayəndəsi sürücülük fəaliyyəti göstərdikdə taksiylə bağlı şikayətlər də azalacaq”.
 
Rauf Ağamirzəyev Tbilisi nümunəsini də diqqətə çatdırıb, sadaladıqlarının orada real tətbiq olunduğunu deyib:
 
“Dəyişiklikdən əvvəl onlarda da ciddi narazılıq vardı, amma yaxın beş il ərzində mərhələli şəkildə həyata keçirilən islahatlar nəticəsində uğurlu sistem yaradıldı. Bizə ən gözəl nümunə Tbilisidir, çünki məhz köhnə sovet standartlarını üzü Avropa standartlarına doğru transformasiya edib”.
 
Qeyd edək ki, 2022-ci ildən Tbilisidə ictimai nəqliyyat şəbəkəsi yenilənmiş şəkildə istifadəyə verilib. Paytaxt meri Kaxa Kaladze şəhərdə 47 kilometrlik avtobus zolağının yaradıldığını, avtobusların tamamilə yeniləndiyini və avtobus sayının 650-dən 860-a çatdırıldığını bildirib. Həmçinin hazırda şəhərdə min mikroavtobusun fəaliyyəti təmin edilib və mikroavtobus parkı yenilənib. Bundan başqa, qatar vaqonları təmir edilib və vaqonların sayı artırılıb. Ən əsası - 2026-cı ilədək tam tətbiqinə başlanılması nəzərdə tutulan ağıllı nəqliyyat sistemi üçün kredit müqaviləsi imzalanıb.
 
Mənbə:
0
54
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar