“"Bayraktar"lar "Artsax" cəbhəsində narahatlıq yaradıb, bizim üçünsə onlar milçəkdi və biz onları fişənglə məhv edə bilərik”. Bu fikri Reqnum İnformasiya Agentliyinin şərhçisi Stanislav Tarasov Ermənistanın "Hraparak" qəzetinə açıqlamasında deyib. Tarasov iddia edib ki, müharibənin son günlərində Şuşa yaxınlığında, “Krasuxa”dan açılan bir yaylım atəşi ilə 20 "Bayraktar" “o biri dünyaya” göndərilib.
Saxta.info “Reqnum”un şərhçisinin bu iddialarının əsaslı olub-olmadığını yoxlayıb.
Öncə qeyd edək ki, bu açıqlamanı yayan mənbə təfərrüatlara varmayıb. Amma bununla belə söhbətin İkinci Qarabağ müharibəsi zamanı sınaqdan uğurla çıxan Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarından və Rusiyanın “Krasuxa” radio elektron mübarizə vasitəsindən gedir.
Ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağda təkcə Türkiyə deyil, İsrailin pilotsuz uçan vasitələrindən, o cümlədən kamikadze dronlardan uğurla istifadə edib.
ABŞ-ın Bard Kollecinin hərbi pilotsuz təyyarələr üzrə tədqiqat mərkəzinin verdiyi məlumata görə, bir il əvvəl Azərbaycan ordusuna İsrail kəşfiyyat və patrul pilotsuz təyyarələri Heron TP (iki hissə), Hermes 4507 (10 ədəd), Sky Striker (100 ədəd) və Harop (50 ədəd)) qəbul edilib.
Taarasov İkinci Qarabağ Müharibəsi zamanı nüfuz və say baxımından itki ilə müşayiət olunan Rusiya silahlarını təbliğ edərkən Qarabağda həm düşmənin zirehli texnikasına, həm də canlı qüvvəsinə qarşı yüksək effektivlik göstərən İsrail PUA-larından bəhs etmir. Bu faktı Azərbaycan Müdafiə Nazirliyinin açıq mənbələrdə yayılan videoları da təsdiqləyir.
Bu arada, ötən ilin sentyabr ayının 27-də Qarabağda başlayan hərbi əməliyyatların ilk günlərində saytlar və sosial şəbəkə vasitəsilə Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatının erməni mövqelərinə sarsıdıcı zərbə vurduğuna dair bir-birinin ardınca xəbərlər verilib. “Krasuxa” sistemlərinin isə Qarabağda tətbiqinə dair açıq mənbələrdə çox az məlumat var. Üstəlik, bu komplekslərin Ermənistanda yetərli sayda olub-olmadığı da dəqiq deyil.
Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda məhv edilmiş erməni hərbi texnikasına dair ötən ilin dekabr ayının 1-də açıqladığı siyahıda bu sistemin adı yoxdur.
Rusiya silahlarının Ermənistana tədarükü ilə bağlı reportajlarda "Krasuxa" kompleksindən ötən yay Tovuz istiqamətində, Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarına qarşı istifadə edildiyi xatırlanır.
Qarabağda gedən 44 günlük müharibə zamanı “Krasuxa” kompleksinin köməyi ilə bir neçə "Bayraktar"ın vurulduğuna dair məlumat ilk olaraq “Asia Times” tərəfindən yayımlanıb. Daha sonra bu məlumatı Ermənistan və Rusiya mətbuatı təkrarlayıb. Üstəlik, nəşr əlavə edib ki, hadisə Qarabağla bağlı deyil, guya Türkiyə-Ermənistan dövlət sərəhədinin yaxınlığında, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında qeydə alınıb. Məlumdur ki, bir neçə mənbə tərəfindən təsdiq olunmayan məlumat etibarlı hesab edilmir.
Bundan başqa 2021-ci ilin fevral ayında yayılan qeyri-rəsmi məlumata görə, İrəvan Moskvanın “Krasuxa” sistemlərinin tədarük edilməsi ilə bağlı təklifini rədd edib.
Çox maraqlıdır ki, Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsinin ilk həftələrində Ermənistanın hava hücumundan müdafiə sistemlərinin demək olar ki, 80% -ni sıradan çıxarıb.
Bununla yanaşı Azərbaycan tərəfinin yüngül An-2 təyyarələrindən Ermənistan hava hücumundan müdafiə sistemlərinin müəyyənləşdirmək üçün yararlandığı, sonra kamikadze-dronlar vasitəsilə həmin hədəfləri məhv etdiyi də məlumdur.
Belə oxşar taktikalar əvvəllər İsrail, Cənubi Afrika Respublikası və ABŞ tərəfindən müxtəlif qarşıdurmalarda istifadə olunub.
Stanislav Tarasovun Rusiyanın müasir elektron mübarizə sistemlərinin yüksək səmərəliliyi barədə sözləri bu yaxınlarda ABŞ mütəxəssisləri tərəfindən təsdiqlənib.
Belə ki, ABŞ Hesablama Palatasının mütəxəssislərinin Nümayəndələr palatasının kibernetika üzrə alt komitəsi üçün Vaşinqtonun, ABŞ-ın və Pekinin hərbi potensialına dair hazırladığı hesabatda Çin və Rusiyanın radioelektron mübarizə sistemlərini xeyli yaxşılaşdırdığı əksini tapıb.
Ancaq gəlin, araşdıraq görək, söhbət hansı silahdan gedir?
Məsələ burasındadlr ki, "Krasuxa 4" sistemi təyyarələrin, helikopterlərin, pilotsuz təyyarələrin, kosmik aparatların aşağıda qeyd edilən qurğularını önləmək üçün nəzərdə tutulub.
Yerin səthini araşdırmaq üçün radar stansiyaları;
Kəşfiyyat -zərbə komplekslərinin radarları;
“Yer-hava” və “hava-hava” tipli silahların nəzarət radarları;
Çoxfunksiyalı radarlar.
Yerdəki modulun radioelektron hissəsi düşmənin hərbi texnikasına məxsus siqnalın mənbəyini aşkar edir, onların parametrlərini müəyyən edərək əngəlləmə şüası ilə təsir edir. Radioelektron mübarizə kompleksi "AWACS" tipli uzaq radiolokasiya müşahidəli təyyərələrin, raket yönləndirmə sistemlərində kosmik aparatların fəaliyyətinə təsir edə bilir.
Qeyd edək ki, yuxarıda göstərilən məlumatlar "Krasuxa" növündən olan radiomübarizə komplekslərinin yalnız radiolokasiya stansiyaları olan konkret hava hədəflərinə qarşı yüksək effektivliyindən xəbər verir. Məhz belə cihazlara maneələr onun daşıyıcılarını dezorientasiyaya məruz qoyur və hərbi effektivlikdən məhrum edir.
Bir qədər də konkretləşdirsək “Krasuxa” radioelektron maneə kompleksidir. Yəni bu kompleks birbaşa məhvetmə vasitəsi deyil, o yalnız radioelektron avadanlıqlara malik texniki vasitələrin radio rabitəsini önləmək üçün üçün nəzərdə tutulur. “Krasuxa” təyinatına görə obyektlərin radioelektron mübarizəsini təmin etmək üçün hazırlanıb.
Bu tip hədəflər isə İkinci Qarabağ müharibəsi zamanı praktiki olaraq yox idi. Məsələ burasındadır ki, döyüş əməliyyatları ərazisinin böyük olmaması, çətin relyef, pis hava şəraiti burada hərbi aviasiyanın geniş tətbiqinə imkan vermədiyindən, üzərində radar olmayan, əsasən GPS sistemi tərəfindən idarə olunan PUA-lardan istifadə edilib. PUA-ların belə konstruktiv xüsusiyyəti onları “Krasuxa”nın müəyyənləşdirməsinə imkan vermir.
Saxta.info yuxarıda sadalanan faktlara əsasən bu qənaətə gəlib ki, Stanislav Tarasovun “Krasuxa” Radio Elektron Mübarizə vasitəsinin “Bayraktar”la mübarizədə effektivliyi barədə dedikləri əsassızdır.