Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur küçələrində lövhələrin açılışında iştirak edib.

Dövlətimizin başçısına Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.

Prezident İlham Əliyev 1 Dekabr küçəsində lövhənin açılışında iştirak edib, bərpa olunmuş yaşayış evində yaradılan şərait ilə tanış olub.

Sonra dövlətimizin başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

Daha sonra Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub. Dövlətimizin başçısı “İşğal” və “Zəfər” muzeylərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub, son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış olub, ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisinə Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib, sakinlərin və turistlərin istirahəti üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış olub.

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.

Qeyd olundu ki, Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

x x x

Qeyd edək ki, bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsinə çevrilir. Mübaliğəsiz demək olar ki, şəhər əsl tikinti meydançasını xatırladır. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır.

Hazırda bütün yeraltı kommunikasiya xətləri tamamlanmaq üzrədir. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb.

Laçın şəhərinə girişdə bir neçə kilometri əhatə edən meyvə bağları göz işlədikcə uzanır. Şəhərə gedən yoldakı aşırımların ən yüksək nöqtəsindən açılan möhtəşəm mənzərəni seyr etmək üçün böyük terras qurulub. Laçının ətrafında vaxtilə Abdallar adlanan ərazidəki qədim kahalar bərpa olunaraq etnoqrafik turizm üçün maraqlı obyektlərdən birinə çevrilib.

Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sıldırımların işıqlandırılması da Laçının gözəlliyini əks etdirir.

Böyük ölçüdə şəkillər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın” şəhər yarımstansiyasının açılışında iştirak edib.

Dövlətimizin başçısına yarımstansiya barədə məlumat verildi.

Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerjisisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində tikilən 110/35/10 kV-luq “Laçın” şəhər yarımstansiyası rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilib. Paralel olaraq, Laçın şəhərinə “Qubadlı” yarımstansiyasından başlayaraq və “Güləbird” Su Elektrik Stansiyasından keçməklə ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.

İşğaldan azad edilən ərazilərdə indiyədək “AzərEnerji” ASC tərəfindən 11 yerdə tikilən 110 kV-luq yarımstansiyalardan “Laçın” şəhər yarımstansiyasının xüsusi fərqi ondan ibarətdir ki, bu yarımstansiya həm də işğaldan azad olunan ərazilərin qovşaq yarımstansiyası funksiyasını daşıyacaq. Belə ki, yeni istifadəyə verilən 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağından və Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq 110 kV-luq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq xətt artıq “Laçın” şəhər yarımstansiyasına birləşdirilib.

Digər istiqamətdən “Daşkəsən”, “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına, o cümlədən “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına çəkilmiş mövcud 110 kV-luq ikidövrəli xətlər də gələcəkdə “Laçın” qovşaq yarımstansiyası ilə əlaqələndiriləcək. Bununla da Qarabağın və Şərqi Zəngəzurun 110 kV-luq ikidövrəli xətlərinin dairəvi elektrik təchizatı yaradılacaq və hansısa xəttə qəza baş versə belə, enerji təchizatında fasiləsizlik təmin ediləcək.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Məlumat verildi ki, strateji əhəmiyyətli “Laçın” şəhər yarımstansiyasında ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu və rəqəmsal idarəetmə mərkəzi tikilib. 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğularla təchiz olunmuş İdarəetmə Mərkəzində yaradılan SCADA dispetçer idarəetmə sistemi rəqəmsal qaydada enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Bunun üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik şəbəkə yaradılıb. Eyni zamanda, yarımstansiyada yanğın və partlayışa qarşı SERJİ sistemi qurulub.

Yarımstansiya ərazisində əməkdaşlar üçün xüsusi yataqxana korpusu tikilib.

Qeyd edək ki, dövlətimizin başçısının Böyük Qayıdış strategiyasına uyğun olaraq işğaldan azad edilən ərazilərdə “AzərEnerji” tərəfindən tikilən bütün stansiya və yarımstansiyalarda əməkdaşlar yerli kadrlardan seçilir, onların işlə təminatı və məskunlaşmaları üçün digər zəruri tədbirlər görülür.

Prezident İlham Əliyev yolüstü balıq istehsalı müəssisəsinə də baxdı.

Böyük ölçüdə şəkillər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub.

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.

Məlumat verildi ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub.

Böyük ölçüdə şəkillər

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına Şəlvə kəndi barədə məlumat verildi.

Bildirildi ki, rayonun şimalında, Şəlvə çayın sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək.

Qeyd olundu ki, layihələndirilən ərazinin ümumi sahəsi 128,28 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcək. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək.

Diqqətə çatdırıldı ki, kəndin ümumi konsepsiyası ərazinin coğrafi şəraiti, relyefi, mövcud və planlaşdırılan infrastrukturu, həmçinin tarixi quruluşu nəzərə alınaraq, müasir təcrübəyə uyğun orqanik layihələndirmə prinsipləri əsasında işlənilib. Yamacda yerləşən ərazilər əsasən evlərdən ibarət məhəllələr üçün nəzərdə tutulub və relyefə uyğun dolama küçələrlə əlaqələndirilib.

Müəyyən yerlərdə məhəllə meydanları layihələndirilib. İctimai binaların və fərdi evlərin memarlığı yerli ənənələrdən ilhamlanaraq, müasir standartlara uyğun dizayn edilib. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulur. Bundan başqa, kəndin yerləşdiyi ərazinin səfalı və gözəl, bu səbəbdən turizm üçün əlverişli olmasını nəzərə alaraq, gələcəkdə burada Şəlvə çayının sahilində qonaq evinin və kotteclərin tikilməsi planlaşdırılır.

Prezident İlham Əliyev kəndin təməlini qoydu.

Böyük ölçüdə şəkillər

Mayın 27-də Laçın rayonunun Qorçu qəsəbəsinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın rayonunun şimal-qərbində dağlıq ərazidə, Şəlvə çayın sol qolu olan Qorçu çayının sahilində yerləşən eyniadlı qəsəbə rayon mərkəzindən 64 kilometr, Bakı şəhərindən isə 475 kilometr məsafədədir.

Qorçu qəsəbəsi Laçının Ağalaruşağı, Oğuldərə, Zağaltı, Qarabəyli, Korcabulaq, Lolabağırlı kəndləri ilə birlikdə layihələndirilir. Ümumi sahəsi 300 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 142,54 hektar təşkil edir. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.

Diqqətə çatdırıldı ki, Qorçu qəsəbəsinə birinci mərhələdə köçürüləcək əhalinin yaşayışını təmin etmək məqsədilə birmərtəbəli 366 fərdi evin tikintisi nəzərdə tutulur. Bir fərdi evinin həyətyanı sahəsi 700 kvadratmetr olacaq. Ərazinin kəskin relyefli olduğunu nəzərə alaraq, perspektivdə Qorçu qəsəbəsinin inkişaf dövrü üçün dördmərtəbəli 39 yaşayış binasından ibarət məhəllələrin salınması planlaşdırılıb.

Qeyd edildi ki, qəsəbənin mərkəzində birinci mərhələdə sosial və ictimai obyektlər olan inzibati bina, klub-icma mərkəzi, kitabxana və internet zalı, tibb məntəqəsi, mehmanxana, idman-sağlamlıq mərkəzi, restoran, xalq sənətkarlığı emalatxanaları, satış köşkləri və bazar kompleksinin tikintisi nəzərdə tutulur. Qəsəbədə təhsil ocaqlarına olan tələbatı ödəmək məqsədilə, ilk növbədə, 264 yerlik məktəb və 140 yerlik uşaq bağçası, perspektivdə isə 864 yerlik məktəb və 280 yerlik uşaq bağçası tikiləcək.

Bildirildi ki, həmçinin qəsəbədə yaşayacaq əhalinin məşğulluğunun təmin olunacağı idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri üçün şərait yaradılır. Yaşayış zonalarını əlaqələndirmək üçün Qorçu çayının üzərində körpülərin inşası da planlaşdırılır.

Böyük ölçüdə şəkillər

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında iştirak edib.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorçu kəndində 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xətti boyunca hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılıb. 110 kilovoltluq xəttin üzərindəki ildırımötürücü funksiyalı fiberoptik kabellə internet xətti çəkilib ki, bu da enerjisistemin idarə edilməsində siqnalların etibarlı şəkildə ötürülməsi və məsafədən rəqəmsal idarəetmə üçün vacib elementdir.

Qeyd edildi ki, paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq müasir texnologiyalı yarımstansiya tikilib. Burada perspektiv inkişaf nəzərə alınmaqla 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulmaqla tam avtomatlaşdırılıb, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğularla əlaqələndirilib. Müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiyada hər birinin gücü 25 MVA olan iki yeni transformator quraşdırılıb. Gələcəkdə ehtiyac yaranarsa, yarımstansiyanın transformatorlarının gücünü artırmaq mümkün olacaq.

Məlumat verildi ki, xüsusi razılaşdırılmış layihə əsasında müasir üslubda inşa edilən yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyanın ərazisində işçilər üçün yataqxana binası tikilib, lazımi şərait yaradılıb. Burada işləyən və qalmaq yeri ilə təmin edilən əməkdaşlar məhz laçınlılardır.

“Qorçu” yarımstansiyası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqalayihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusi rol oynayacaq. Yaxın perspektivdə “Qorçu” yarımstansiyasından “Laçın” şəhər yarımstansiyasına 110 kV-luq ikidövrəli ötürmə xətti çəkiləcək və bununla da işğaldan azad edilən ərazilərin dairəvi elektrik təchizatı tamamlanmış olacaq.

Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Beləliklə, işğaldan azad olunan bütün rayonlar elektrik enerjisi ilə təmin edilib.

Böyük ölçüdə şəkillər

Mayın 27-də Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhəllənin təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.

Bildirildi ki, yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.

Diqqətə çatdırıldı ki, yaşayış binalarının memarlığı ərazinin relyef xüsusiyyətlərini əks etdirməklə Alp üslubunda işlənib.

Dövlətimizin başçısı yaşayış məhəlləsinin təməlini qoydu.

Böyük ölçüdə şəkillər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimində iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq.

Qeyd edildi ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.

Dövlətimizin başçısı Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlini qoydu.

Böyük ölçüdə şəkillər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Sonra Azərbaycan Prezidenti hərbi hospitalda yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 3,6 hektar ərazidə salınan Kəlbəcər hərbi hospitalı sülh dövrü üçün 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunan hərbi hospitalda poliklinika, terapiya, cərrahiyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilib.

Poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otoronolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb. Təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur.

Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür.

Kəlbəcər hərbi hospitalı, həmçinin bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatların fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub.

Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobillər var. Hərbi hospitalın ətrafındakı ərazidə yaşıllaşdırma və abadlıq işləri də görülüb.

Böyük ölçüdə şəkillər

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər haqqında məlumat verdi.

Bildirildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.

Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.

Məlumat verildi ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.

Böyük ölçüdə şəkillər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonuna səfər edib.

Dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub.

Prezident İlham Əliyev, həmçinin 110/35/10 kv-luq “Laçın şəhər” yarımstansiyasının açılışında iştirak edib, Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.

Böyük ölçüdə şəkillər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib.

Dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub.

“Meydan” Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Prezident İlham Əliyev “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldı.

Diqqətə çatdırıldı ki, işğaldan azad olunan ərazilərdə “AzərEnerji” ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.

Böyük ölçüdə şəkillər

Mayın 27-də Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın açılışında iştirak edib.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Kəlbəcəri tərk edərkən ermənilərin avadanlıqlarını daşıyaraq tamamilə dağıtdıqları “Qamışlı” Kiçik Su Elektrik Stansiyası da “AzərEnerji” tərəfindən tamamilə yenidən tikilib. Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq yaradılan 6,3 meqavat gücündə “Qamışlı” Kiçik Su Elektrik Stansiyası üçün maşın zalı inşa edilib.

Bildirildi ki, “Qamışlı” stansiyası da daxil olmaqla indiyədək azad edilən ərazilərdə tikilmiş və tikilən su elektrik stansiyalarının hər birində çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılıb. Burada boru ilə axan su da yenidən çaya buraxılır. Bütün yerlərdə, o cümlədən “Qamışlı” stansiyasında da su ehtiyatlarından səmərəli istifadə olunması, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarəolunan suqəbuledicilər tikilib. Eyni zamanda, təbii mühitin, flora və faunanın qorunması da aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə xüsusi diqqətdə saxlanılıb.

Prezident İlham Əliyev “Qamışlı” Kiçik Su Elektrik Stansiyasını işə saldı.

İki hidroaqreqatdan ibarət “Qamışlı” stansiyasında 110 kilovoltluq yarımstansiya yaradılıb. Burada enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sistemi qurulub. Stansiyada Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir hidroturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb.

“Qamışlı” Kiçik Su Elektrik Stansiyasında ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsal edilməsi nəzərdə tutulur.

Böyük ölçüdə şəkillər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına kəndin layihəsi barədə məlumat verildi.

Qeyd olundu ki, Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.

Məlumat verildi ki, Zallar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Sonra Azərbaycan Prezidenti kəndin inkişaf planı barədə videoçarxa baxdı.

Daha sonra Prezident İlham Əliyev Zallar kəndinin təməlini qoydu.

Böyük ölçüdə şəkillər

Mayın 27-də Kəlbəcər rayonunun Yanşaq kəndinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.

Qeyd olundu ki, Yanşaq kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Sonra Azərbaycan Prezidenti kəndin inkişaf planı barədə videoçarxa baxdı.

Daha sonra Prezident İlham Əliyev Yanşaq kəndinin təməlini qoydu.

Böyük ölçüdə şəkillər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib.

Dövlətimizin başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Prezident İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə məlumat verilib.

Dövlətimizin başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak edib.

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü başlayıb.

Mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından Ali Avrasiya İqtisadi Şurasının üzv, müşahidəçi və dəvət olunmuş ölkələrin dövlət və hökumət başçılarının şərəfinə işçi səhər yeməyi verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü başlayıb.

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.