• Şikayət et

Səlim Müslümovun məhkəməsində gülməli anlar yaşanıb

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam

etdirilib.

Bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Lənkəranda su idarəsində mühəndis işləyən şahid Tağı Talıbov Farağat adlı tanışı tərəfindən adına şirkət açıldığını deyib: “Şirkəti Farağat işlədib. Mənə dedi ki, narahat olma, heç bir problem olmayacaq. Neçə ev tikilib, bundan da xəbərim yoxdur. Adıma açılan şirkətə "Ərizə-5" adı verilib”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin audit sektorunda baş məsləhətçi vəzifəsində işləmiş Elxan Səlimov da şahid qismində ifadə verib. O, hər gün müəssisələrdə yoxlamalar apararaq rüşvət aldığını, rəhbəri olan Fuad Əlizadəyə verdiyini bildirib: "2014-cü ildə Bakı şəhəri üzrə müəssisələrdə yoxlamalar apararaq hüquqi şəxslərin işçilərə verilən əmək haqqı məbləğinin düzgünlüyü, onlarla bağlanan müqavilələrin qanunvericiliyin tələblərinə uyğunluğu zamanı bir sıra nöqsanlar aşkar edirdik və onlardan şirinlik alırdıq. Yığılan pulları isə 2005-2014-cü illərdə audit şöbəsinin rəhbəri olan, 2014-2018-ci illərdə isə Dövlət Əmək Müfəttişliyinin rəisi işləmiş Fuad Əlizadəyə verirdik. Hər ay Fuad Əlizadəyə ümumilikdə 5 min manat verirdik. O da bizə “hörmət” edirdi".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul şöbəsinin keçmiş müdiri Xalis Həsənov isə 2014-cü ildən 2021-ci ilədək o şöbənin rəisi işlədiyini deyib:
"İdarəmizdə qrafik üzrə yoxlamalar aparılırdı, yoxlama zamanı müəyyən nöqsanlar aşkarlanırdı. Həmin nöqsanların şişirdilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşdüm. 12 min manat pulu ona otağında təqdim etdim".

Nizami Xanlarovun Xalq artisti Zeynəb Xanlarovanın yaxın qohumu olduğu bildirilir. Bir neçə şahid ifadəsində Nizami Xanlarova rüşvət verdiklərini deyib.

Sonuncu şahid Telman Səfərov isə bildirib ki, nazirliyin Tikilməkdə olan obyektlər idarəsində texniki nəzarətçi vəzifəsində işləyib. Onun sözlərinə görə, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evlərin təmirində müəyyən saxtakarlıqlar ediblər: "Fəaliyyət göstərdiyim müddətdə Natiq Əzizova hər evə görə 5, 9, 15 min manat rüşvət verirdim. Evlərin təmirində iştirak edirdim. Məsələn, 50 min manata rəsmiləşdirilən mənzili 30 min manata təhvil vermişəm. Evlərdə istifadə edilən materiallarla da bağlı yeyintilər olub. Mən Gəncədə, Mingəçevirdə olan evlərin təmirinə nəzarət etmişəm. Ayrılan vəsaitin yalnız 10 faizi təmirə sərf olunurdu. Qardaşım Elman Səfərovun tikinti işləri ilə bağlı 8 min 425 manat yeyintiyə yol verməsindən xəbərim var".

Proses noyabrın 14-də davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Mənbə:
0
1057
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar