• Şikayət et

Erkən nikahların fəsadları: “Ana olmaq üçün ideal yaş həddi 20-35-dir”

Ötən il 165 nəfər 15 yaşınadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb.

Bu rəqəmlər “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. 2019-cu ildə isə bu rəqəm 2320 olub.

Azərbaycan Respublikasının qanunvericiliyində erkən nikah 18 yaşına çatmamış qız və oğlanların ailə (məcburi) qurmasıdır.

Qeyd edək ki, BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Amma istisna hallarda bir il olmaq şərtilə yaş həddi azaldıla bilər.

İllərdir erkən nikah ölkəmiz üçün problemə çevrilib. Yaş həddi azaldılsa da, “tez evlənənlə, tez yuxudan duran qazanar”, “qız yükü, duz yükü” kimi yanlış ifadələr, tarixi adət və ənənələr, digər sosial-iqtisadi səbəblər hələ də erkən nikahların baş verməsinə şərait yaradır.

Erkən nikahların fəsadları arasında təhsilini başa vurmamış, cəmiyyətdən kənarda qalmış qadınların cəmiyyət üçün şəxsiyyət yetişdirə bilməməkləri dayanır. Bundan başqa, fiziki olaraq erkən hamiləlik zamanı gənc ana və uşaq ölümlərinin sayı artır.

Cebhe.info bu mövzuda ginekoloq Rəşad Sultanla müsahibəni təqdim edir:

-Erkən nikahın qadın orqanizminə ziyanı nədir?

-Erkən nikah qanunla 18 yaşın altında olan insanların evliliyidir. Əslində, fizioloji cəhətdən tibb 20 yaşından kiçik qadın orqanizmini hələ tam yetişməmiş orqanizm kimi qəbul edir. Bəzən bu fikrimizə əks arqument kimi qadın orqanizmində menstrual funksiyanın başlanması ilə orqanizmin formalaşmış, yetişmiş orqanizm sayıla bildiyini göstərirlər. Amma menstrual funksiya qadın orqanizmində yetişmənim başlanğıcının göstəricisidir, tamamlanmasının göstəricisi deyil. Tamamlanma hardasa 20 və 20 yaşdan sonra olur.

Əslində, nəinki 18, biz 20 yaşlardakı nikah və hamiləliyi qadın orqanizmi üçün zərərli hesab edirik. Yəni bunu həm tibbi bilgilərə, tibbi çalışmalara, həm də erkən cinsi həyatın, hamiləliyin və doğuşun orqanizmə vurduğu ziyanın tibbi nəticələrinə əsasən deyirik. Düzü, məhz cinsi həyatın zərərləri barədə danışmaq bir az çətindir. Erkən yaşlarda, yəni 15-16 yaşlarda anatomik uyğunsuzluqla əlaqədar daha travmatik, psixolojik baxımdan da sosial kişilik tam oturmadığına görə, arzuolunmaz nəticələr görülə bilər.

-Qadının ana olmağı üçün ideal yaş həddi neçədir?

-Ana olmaq üçün ideal yaş 20 yaşdan sonra, yəni 20-35 yaş arası hesab edilir.

-Erkən yaşda hamiləliyin orqanizmə zərərləri nələrdir?

-Bizim ən çox qorxduğumuz təhlükə vaxtından qabaq doğuşdur. Dəqiq sübut olunmuşdur ki, 20 yaş altı hamiləliklərdə vaxtından əvvəl doğuş ehtimalı 3 dəfə artır. Bu, böyük rəqəmdir. Vaxtından qabaq doğuş da özlüyündə yeni doğulmuş uşaq ölümü və doğulan uşaqların xəstəlik göstəricilərinin sayını artırır. Bu, cəmiyyət üçün ciddi bir sağlıq problemidir və heç bir şəkildə nəzərdən qaçırıla bilməz. İş ondadır ki, hamiləlik patologiyaları 20 yaş altında daha çox rast gəlindiyinə görə, ana orqanizmi üçün xüsusi olaraq ziyanlıdır. Mən tək-tək xəstəlik və diaqnozları sadalamıram. Amma bütün hamiləlik patologiyaları, hətta ana ölümü də 20 yaş altı hamiləliklərdə daha çox rast gəlinir. Ana sağlamlığı ilə bağlı rəqəmlər mübahisəli ola bilər, amma uşaq, yeni doğulmuşların sağlamlığı baxımından yüzdə yüz sübut olunmuşdur ki, vaxtından əvvəl doğuşlar və bununla da yeni doğulmuşların ölümü və xəstəliyi ciddi şəkildə artıb.

-Erkən nikaha girən pasiyentiniz olub?

-Mütəmadi olmur, amma 18 yaşından kiçik pasiyentlərimiz olanda hüquq-mühafizə orqanlarına mütləq məlumat verilir.

-Erkən yaşda hamilə qalanlar təbii doğuşa, yoxsa qeysəriyyə əməliyyatına üstünlük verirlər? Yaxud, onların fiziki olaraq belə seçim etmək imkanları olmur?

-Bu, bizim yaralı yerimizdir, son zamanlar hamı, təəssüf ki, cərrahi doğuşa üstünlük verir. Erkən nikahlarda hamiləlik patologiyaları çox rast gəlindiyinə görə, əlbəttə, qeysəriyyə faizi də artır. Əgər vaxtından qabaq doğuş başlayıbsa, uşaq kiçikdirsə, mütləq qeysəriyyə eləmək məcburiyyətində deyilik. Yəni yenə də mamalıq elminin göstərişlərinə əsasən hərəkət olunur.

Günay Şahmar
Cebhe.info

Mənbə:
0
6913
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar