“Bu gün Xəyyam işə gedən saatda oyandım, çox gözlədim, o, qapıdan çıxmadı” - Şəhid kapitanın atası

Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, 3-ü isə doğulduğu bölgədə torpağa tapşırıldı.
Şəhid olan 14 hərbçidən biri də kapitan Xəyyam Əliyevdir.

Əslən Əmircandan olan Xəyyam Əliyevin atası Əlixan Əliyev oğlu haqqında Modern.az-a danışıb.

X.Əliyevin atası övladının öz gücünə bu zirvəyə gəldiyini deyib.

Əlixan Əliyev bildirib ki, oğlu II Qarabağ müharibəsinin od-alovun içindən sağ qayıtmışdı:

“Dekabrın 17-də 31 yaşı tamam olacaqdı balamın. Ailəli idi, 2 yaşında oğlu əmanət qaldı mənə. Xəyyamın özündən kiçik bir qardaşı da var, keçən il ikisi də cəbhəyə yollanmışdı. Balam od-alovun içindən sağ qayıtdı, amma..”.

Dərdli ata deyib ki, Xəyyam ali təhsilini Milli Aviasiya Akademiyasında alıb:

“Rus və ingilis dillərini bilirdi. Özü öz gücünə gəlib bu yerlərə çıxmışdı. 1995-ci ildə mən onu Kərbəla ziyarətinə aparmışdım. Kərbəla dərdi “bəladı” deyirlər. Kimin ziyarəti qəbuldursa, mütləq bəla çəkməlidi. Ziyarətdən qayıtdığımızın bir ili tamam idi qardaşımı itirdim, indi də 30 yaşında balamı. Xəyyam mənim evimin yox, həyatımın dirəyi idi. Mən onu anasından çox istəyirdim, qeyri-adi insan idi Xəyyam. Hər səhər 6-da durub işə gedirdi, qapının səsini eşidirdim. Bu gün o işə gedən vaxt yuxudan oyandım, amma o qapının səsini eşitmədim. Ağladım, ağladım, amma sakitlik tapmadım. Ömrüm boyu tapmayacağam da. Xəyyamsız çox çətindir mənə”.

X.Əliyevin atası Xəyyamsız necə yaşayacağını bilmədiyini göz yaşları ilə dilə gətirib:

“Onun üçün hər şeyi etmişdim. Çalışırıdım ki, ehtiyacları olmasın, hər istəklərini yerinə yetirirdim. Onun üçün toy etmişdim, maşın almışdım. Şükür ki, çətinlikləri olamyıb.

Amma bilirsiniz ki, hərbçiləri xaricə buraxmırlar. Deyirdi ki, “hərbi xidməti başa vurub, dünyanı qarış-qarış gəzmək istəyirəm”. Bunu çox istəyirdi, arzusu ürəyində qaldı”.

Atası deyib ki, həlak olanların bədən üzvləri tamamilə yandığından, tanınmaz olub:

“DNT testi verdik. Amma test verməsəydik də, mən balamı bədəninin quruluşundan, dişlərindən tanıyardım. Bir ata üçün bunun nə qədər ağrılı bir şey olduğunu deyə bilmərəm, izah edə bilmərəm. Necə yaşayacağam Xəyyamsız bilmirəm, amma onun balasını da mən böyütməliyəm”.

Ə.Əliyev şəhidlərin vida məraismindəki qürurlu çıxışı ilə də yaddaşlarda qaldı. Özü bu çıxışa hazır olmasa da, birtəhər güc topladığını bildirib:

“Mən dünənki çıxışıma hazır deyildim, məndən xahiş etdilər ki, bir ata kimi sözlərimi deyim. İçimdən gələn nə söz var idisə, hamsını dedim. Bəlkə də Xəyyamın igidliyi, ərənliyi idi mənə güc verən”.

Şəhid atası oğlunun II Şəhidlər xiyabanında dəfn edilməməsilə bağlı suallara da aydınlıq gətirib:

“Bütün yaxınlarımız Əmircanda dəfn olunub. Bizim kökümüz Əmircandandır. Qardaşım, anam Əmircan qəbristanlığında dəfn olunduğu üçün, Xəyyamı da orada dəfn etdik.

Çox adam deyir ki, vəzifəli şəxslərin uşaqları getmir müharibəyə. Mən Əmircan qəsəbəsinin icra nümayəndəsiyəm və hər iki oğlum müharibəyə qatılmışdı, birini də şəhid verdim. Dəfn mərasimində polkovnik biləndə ki, mən Xəyyamın atasıyam ağlaya-ağlaya dedi ki, “siz onu necə tərbiyəli, mədəni böyütmüşdünüz. Mənlə cəmi 5-6 dəfə uçuşda olmuşdu çox dəqiq idi”.

Şəhid atası sonda helikopter qəzasının təxribat olması ilə bağlı məsələyə də münasibət bildirib:

“Təxribat olmasına qətiyyən inanmıram, mümkün deyil. Ola bilər ki, səhlənkarlıq olub, hansısa səhv olub. Amma təxribata inanmıram”.

Mənbə:
0
70
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar