Bakı və Ankara sülh təklifi ilə Ermənistanı dalana dirədi

Azərbaycanın Ermənistan üzərində şəksiz üstünlüyə malik olmasını indi bu ölkənin özündə də getdikcə daha çox etiraf edirlər. Ermənilər onu da açıq şəkildə vurğulayır ki, Bakı sərhəd məsələsində, sülh müqaviləsinin imzalanmasında İrəvandan istədiklərini mütləq alacaq.

Erməni ekspert, Qarabağda qondarma qurumun keçmiş “nümayəndəsi” Senor Hasratyan bütün bunları təsadüf hesab etmədiyini bildirib. Bunu o, həm də Azərbaycan Prezidentinin siyasi, hərbi, diplomatik bacarığı ilə izah edir: “Rəqibimiz olan dövlətin rəhbərinin öz siyasi və diplomatik qabiliyyətləri ilə Ermənistanın baş naziri vəzifəsini tutan və ölkənin faktiki idarəetməsini həyata keçirən şəxsin imkanlarını üstələməsi artıq məlumdur. Bu fonda Azərbaycanın üstünlüyü, demək olar, hər gün Qarabağ və Ermənistanla bağlı baş verən əlverişsiz inkişaflar şəklində öz ifadəsini alır. Onu da demək olar ki, bir il əvvəl döyüş sahəsində silah gücü ilə deyil, çevik diplomatiya ilə İlham Əliyevin Nikol Paşinyana qarşı qazandığı qələbə bu gün də davam edir. Və hakimiyyətimiz ləyaqətli hakimiyyətə nail olmaq əvəzinə, nəyin bahasına olursa olsun, sülhə nail olmaq strategiyasını qəbul etdiyi müddətcə bu davam edəcək”. Lakin ekspertlər qeyd edir ki, əslində Ermənistanın narahatlığı üçün heç bir əsas yoxdur. Çünki Azərbaycan ona qarşı heç bir iddia irəli sürmür. Əksinə, Azərbaycan və Türkiyə Ermənistana sülh təklif edir. Elə bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd edib ki, bölgədə yeni, konstruktiv yanaşmalara ehtiyac var: “Düşüncə və gözləntilərdə fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla, etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək lazımdır. Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Davamlı sülh və birlikdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik. İndi sülhü və sabitliyi davamlı etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq. Azərbaycan da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir”. Bu fonda Ermənistan hökumətinin iclasında Nikol Paşinyan bildirib ki, Ermənistan Türkiyə tərəfindən verilən müsbət siqnalları qiymətləndirəcək, bu siqnallara müsbət siqnalla cavab verəcək. Bu açıqlamalar revanşist erməni ictimai-siyasi ekspert dairələrində narahatlıq və narazılıqla qarşılanıb. “Hayeli” nəşri yazır: “Ermənistan bu imkanlara müsbət cavab versə, biz də lazımi addımları atacağıq” və ya “bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında” nə deməkdir? Yəni qoy Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, yəni İlham Əliyevin təsəvvür etdiyi tələblərlə, Qarabağın itirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanısın, biz Ermənistanla sərhədi açacağıq”. “Respublika” partiyasının mətbuat katibi Eduard Şarmazanov isə iddia edir ki, Paşinyan hakimiyyəti Türkiyənin beşinci kolonu funksiyasını yerinə yetirir: “Erməni soyqırımı” haqda danışılmır, Şuşa və Hadrutla bağlı heç nə deyilmir, hökumətin toplantısında Türkiyədən müsbət siqnallar aldığını vurğulayır. Bütün bunlar Paşinyan hakimiyyətinin Türkiyənin 5-ci kolonunun funksiyasını yerinə yetirdiyini göstərir. 100 il əvvəl baş verənlər təkrarlanır. Bu hökumət Gorus-Qafan yolunun 21 kilometrlik hissəsini Azərbaycan ərazisi kimi tanıyır. Şuşa və Hadrut haqda heç nə demirlərsə, o zaman bu ərazilərin də Azərbaycana məxsus olduğunu təsdiqləyirlər. Bütün bunlara isə Türkiyə prezidentinin reaksiyası gəlir və Ərdoğan deyir: “Ermənistan hökumətinə uğurlar arzulayırıq və konstruktiv olacaqlarına ümid edirik”. Türkiyənin nöqteyi-nəzərindən yanaşdıqda, Ermənistanın konstruktivliyi “soyqırım”dan imtina və onun beynəlxalq səviyyədə tanınmasının rədd edilməsi, Ermənistan-Türkiyə sərhədinin, Moskva və Qars müqavilələrinin tanınması, Qarabağ məsələsində rəsmi İrəvan üçün hər hansı bir əlverişli qərardan imtina olunması nəzərdə tutulur”. Digər erməni ekspert Avetik İşxanyan qeyd edir ki, Paşinyan bəzi yer adlarını Azərbaycan versiyaları ilə adlandırır: “Hökumətin hər hansı üzvü isə etiraz etmir, şüşəni başına atmır, nümayişkaranə şəkildə zaldan çıxmır. Məlum olur ki, təkcə hökumətin üzvləri, Vətəndaş Müqaviləsi Partiyasının deputatları yox, hamımız ləyaqətdən məhrumuq. Tezliklə Hayastan adı rəsmi olaraq Ermənisatanla əvəz olunsa, baş nazir də Ermənistan vilayətinin paşası olsa, təəccüblənməyin”. Lakin başqa erməni ekspert Varujan Qeğamyan burada qorxulu heç nə görmür: “Qeyri-müəyyən diplomatik ifadələri bir kənara qoysaq, Türkiyə prezidenti Ərdoğan əslində Ermənistanla münasibətlərin normallaşdırılmasına dair diqtə etdikləri ilkin şərtləri qeyd edib. Münasibətlərin normallaşması ərazi bütövlüyü prinsipinin tanınmasına əsaslanmalıdır, yəni Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır, yəni Qarabağdan tamamilə imtina etməlidir. 10 noyabr öhdəlikləri yerinə yetirilməlidir, yəni Zəngəzurdan “Türk dəhlizi” açılmalıdır. Ermənistan Türkiyəni “soyqırımı”nda günahlandırmağı dayandırmalıdır”.

Beləliklə, Azərbaycan və Türkiyənin sülh təklifi Ermənistanda siyasi parçalanma yaradıb. Amma görünən budur ki, sülh təklifinə qarşı çıxanlar erməni cəmiyyətindən lazımı dəstək ala bilmir. Əks halda onlar çoxdan Paşinyanı devimişdilər.

Nahid SALAYEV

Mənbə:
0
190
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar