Azərbaycan tarixçiləri Şeyx Cüneydin uçub dağılmaqda olan türbəsi ilə bağlı nazirə müraciət etdi

Bir qrup tarixçi alim Şeyx Cüneydin Qusar rayonunun Həzrə kəndində yerləşən türbəsi ilə bağlı mədəniyyət naziri Anar Kərimova müraciət edib.

Müraciət müəllifləri ölkə ziyalılarını narahat edən çox mühüm məsələni nazirin diqqətinə çatdırıblar.

“...Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi və mədəniyyət sahəsində tədbirlər, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük rəğbətlə qarşılanır və təqdir olunur. Azərbaycan mədəniyyətinin, incəsənətinin dünya miqyasında təbliği, həmçinin tarixi - memarlıq abidələrinə, dini ziyarət ocaqlarına göstərilən qayğı Azərbaycan hökumətinin bu sahəyə diqqətinin və qayğısının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uzun illərdir ki, şəxsi təşəbbüsü ilə mədəniyyətimizin təbliği, tarixi-memarlıq abidələrinin və dini ziyarətgahların bərpası və qorunması istiqamətində həyata keçirdiyi tədbirlər, dünyanın sivilizasiya mərkəzlərindən biri olan ölkəmizin sosial-mədəni həyatının inkişafına əvəzolunmaz töhfələr vermişdir.

Cənab Nazir, məlumdur ki, tarixlər boyu Azərbaycan, müsəlman dünyasının dini-mənəvi sisteminin yaranıb formalaşdığı müqəddəs məkanlardan biri olmuşdur. Müxtəlif zamanlarda Azərbaycanda yaşayıb-yaradan, öz dini-fəlsəfi dünyagörüşü və baxışları ilə Şərq dünyasına işıq saçan sufi, hürufi, qızılbaş künyəli fenomenal şəxsiyyətlər çox olmuşdur. Dövrünün sufi - təriqət mənsublarından biri də orta əsr Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynayan Səfəviyyə - Qızılbaş ocağının görkəmli nümayəndəsi, tarixi qaynaqlarda hörmətlə yad edilərək "Sultan Şeyx Cüneyd Səfəvi" künyəsi ilə tanınan Şeyx Cüneyddir.

Qüdrətli Azərbaycan hökmdarı Şah İsmayılın baba yadiğarı olan olan Şeyx Cüneyd türbəsi Qusar rayonunun Həzrə kəndində yerləşir. Sufi - Qızılbaş Şeyxinin ölümündən 561 il keçsə də, türbə bir dini ziyarətgah, irfan ocağı kimi ziyarətçilərin və turistlərin ən çox baş çəkdiyi bir məkana çevrilmişdir. Bu ziyarətgah istər dini-mənəvi, istərsə də tarixi-memarlıq abidəsi olaraq Azərbaycan üçün olduqca əhəmiyyət daşıyır”.

Alimlər mədəniyyət nazirinə müraciətlərində qeyd edirlər ki, bu ilin avqust ayının sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup əməkdaşı olaraq Şeyx Cüneydin türbəsini ziyarət edib. “Ziyarət zamanı türbənin bəzi hissələrinin qəzalı vəziyyətdə olduğunu, xüsusilə də tavanının bir hissəsinin uçaraq yerə töküldüyünün şahidi olduq. Türbənin bələdçisinin qeyd etdiyinə görə, ziyarətgahda 2006-2007-ci illərdə bərpa işləri görülsə də, müəyyən vaxtdan sonra divarların üzlükləri qopub tökülmüş, xüsusilə də tavanı bir neçə yerdən uçaraq dağılmışdır.

...Azərbaycanda qızılbaş-sufilərə məxsus nadir dini ziyarətgahlardan biri olan bu türbə xalqımızın yüksək mənəvi dünyasının, ruhani zənginliyinin, eləcə də tarixi dövlətçiliyimizin mənəvi təməl daşlarındandır. Bu türbə Azərbaycan Səfəvi dövlətini yaratmaqla, bizi imperiyalar yaradan xalqlar sırasına daxil etmiş Şah İsmayıl Səfəvinin baba yadiğarıdır. Sizdən Şeyx Cüneyd türbəsinin bərpa olunması üçün müvafiq tədbirlər görülməsini xahiş edir, türbənin yaxın zamanlarda bərpa olunacağına ümid edirik”.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimova bu müraciət tarix elmləri doktoru Eynulla Mədətli, tarix elmləri doktoru Tofiq Nəcəfli, tarix elmləri doktoru Xeyirbəy Qasımov, tarix elmləri doktoru, professor Şahin Fərzəliyev, dosent Hacı Həsənov, dosent Mübariz Ağalarlı, dosent Əhməd Quliyev, dosent Ramil Ağayev, dosent Bəxtiyar Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov imzalayıb.

Mənbə:
0
162
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar