AMEA Mərkəzi Elmi Kitabxananı (MEK) müxtəlif struktur və bölmələrinin aktiv çalışması nəticəsində daim inkişafda olan vahid orqanizm kimi təsəvvür etmək olar. Strukturların bir-birinə qarşılıqlı dəstəyi və kordinasiyası şəklində yürüdülən bu çalışmalar ölkənin ən böyük kitab, elm, mədəniyyət mərkəzlərindən olan Mərkəzi Elmi Kitabxananı bugünkü müasir, inkişafda olan, yenilikçi bir ünvana çevirib.
MEK-in aktiv şəkildə çalışan strukturlarından biri də Beynəlxalq əlaqələr şöbəsidir. Kiçik, lakin fədakar komandadan ibarət olan şöbə xaricdə fəaliyyət göstərən kitabaxanalara, elm, təhsil, mədəniyyət profilli müəssisə və təşkilatlara, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik korpus təmsilçiliklərinə kitabxananın fəaliyyəti, məqsədi, imkanları barəsində məlumat çatdırır, onlarla qarşılıqlı faydalı əməkdaşlıq qurur.
Beynəlxalq əlaqələrin qurulması istiqamətində 2021-ci ildə həyata keçirilmiş ən mühüm fəaliyyət kimi MEK-in Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmi şurasına üzv seçilməsini göstərmək olar. MEK burada Baş direktor, professor Məmməd Əliyevin təmsilçiliyilə həm Azərbaycanın haqq səsinin, həm də elm, mədəniyyət məqamlarının çatdırılmasında aktiv rol almaqdadır.
Mübariz Göyüşlü
MEK-in Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə kitabxana 2021-ci ildə Rusiya Elmlər Akademiyasının Dəqiq Elmlər Kitabxanası, Moldova Respublikasının A.Lupan adına Elmi Kitabxanası, Qazaxıstan Respublikasının Qələm Ordası Elmi Kitabxanası, Belarus EA Yakub Kolas adına Mərkəzi Elmi Kitabxanası ilə müqavilələr imzalayaraq əməkdaşlıq imkanlarını, o cümlədən Azərbaycana aid elmi, mədəni informasiyaların həmin ölkələrdə, müəssisələrdə yayılmasını genişləndirmişdir.
Ümumilikdə MEK dünyanın 41 ölkəsinin 104 elmi, mədəni, təhsil təşkilatı, jurnalı ilə əməkdaşlıq edir. Yuxarıda adlarını qeyd etdiyimiz dörd ölkə ilə yanaşı MEK Türkiyə, Misir kitabxanaları ilə də müqavilələr imzalamış və hazırda da həmin ölkələrin aparıcı müəssisələri ilə sıx əməkdaşlıq həyata keçirir. Bundan başqa MEK Azərbaycan həqiqətlərini ABŞ, Almaniya, Çin, Yaponiya, Kanada, Fransa, Böyük Britaniya, Avstriya, Bolqarıstan, İtaliya, Macarıstan, İran, Qırğızıstan kimi ölkələrdəki əməkdaşlıq etdiyi qurumlar vasitəsilə də təbliğ edir, kitabların və aidiyyatı sənədlərin onlarla mübadiləsini həyata keçirir.
Böyük fəxrlə qeyd etmək istərdik ki, şöbəmiz Bolqarıstanın Sofiya kitabxanasından Azərbaycanın dahi şairi Nizami Gəncəvidən də bəhs edən, bolqar dilində çap olunmuş qiymətli əsər olan “Orta Əsr Şərq şairləri” adlı kitabı 2021-ci ildə beynəlxalq mübadilə çərçivəsində əldə edərək MEK fondlarının zənginləşməsinə fayda vermişdir.
Məhz Beynəlxalq əlaqələr şöbəsinin vasitəçiliyi ilə MEK Azərbaycan Müdafiə Nazirliyinin istəyilə Ağdam rayonundakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə təqdim edilməsi üçün 191 ədəd (türk və rus dilində) kitablar hədiyyə etmişdir. Bundan əlavə də MEK Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edir, vaxtaşırı ordunun şəxsi heyətinin mütaliəsi üçün kitablar təqdim edir.
2021-ci ildə MEK-də Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 140 illik yubleyi münasibəti ilə “Türk ədəbiyyatı həftəsi”nin keçirilməsini, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovun ziyarətini, “Qazax ədəbiyyatı həftəsi”nin keçirilməsini də qeyd etmədən keçmək mümkün deyil. Bütün bunlar Azərbaycanla qardaş ölkələr arasında münasibətlərin inkişafında kiçicik də olsa töhfə vermişdir.
Kitabxana Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə həmtəşkilatçılıqla I Beynəlxalq Qarabağ və II Beynəlxalq Qarabağ “Sosial və humanitar elmlərdə müasir araşdırmalar konqresi” ("Karabağ Uluslararası Sosyal ve Beşeri Bilimlerde Modern Araştırmalar Kongresi") keçirmişdir. MEK-in 50-ə yaxın əməkdaşı onlarla ölkənin alimlərinin, araşdırmaçılarının qatıldığı bu nüfuzlu beynəlxalq platformadan uğurla yararlanmış, həm elmi-ictimai əhəmiyyətli məqalə və tezislərini, həm də Azərbaycanın haqq səsini beynəlxalq platformadan çatdırmışlar.
Ötən il həm də Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyəti - sədr müavini Mixail Korb, qrupun üzvi Erki Saavisar və Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Jalə Əhmədova Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər. Görüş zamanı Estoniya, o cümlədən Pribaltika ölkələrinin kitabxanaları ilə mübadilə, elm, təhsil və mədəniyyətlə bağlı adiyyatı qurumları ilə geniş əməkdaşlıq məsələləri müzakirə edilib.
Beynəlxalq əlaqələr şöbəsinin də təşkilatçılığı ilə MEK AMEA Gəncə bölməsi ilə birgə Gəncə şəhərində “Nizami Gəncəvi İli”nə həsr olunmuş böyük sərgi və elmi-praktiki konfrans təşkil edib.
MEK əməkdaşlarının “ANKOS Link-2021” beynəlxalq konfransında iştirakını qeyd etmək istərdik. ANKOS – Anadolu Universiteti Kitabxanaları Konsorsiumu adlanır və qurumun MEK-lə dərin əməkdaşlığı mövcuddur. Əməkdaşlıq çərçivəsində MEK-də ANKOS-un kifayət qədər geniş məlumatları özündə ehtiva edən elektron bazalarının təqdimatı və onun oxucuların istifadəsinə verilməsi planlaşdırılır.
Ötən il MEK-in baş direktoru, professor Məmməd Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə, Rusiyaya, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlününü Türkiyəyə səfərləri də kifayət qədər faydalı olmuş, əməkdaşlıq imkanları genişləndirilmişdir.
Ümumilikdə MEK ilboyu xarici tərəfdaşlarla beynəlxalq kitab mübadiləsi həyata keçirir və bu çərçivədə həm kitablar və digər sənədləri alır, həm də tələb olunanları xaricə göndərir.
MEK-in bir strukturu olan Beynəlxalq əlaqələr şöbəsi olaraq bundan sonrakı çalışmalarımızda və fəaliyyətlərimizdə də kitabxananı daha da inkişaf etdirməyi, yeni-yeni nailiyyətlərə imza atmağı planlaşdırmışıq.
Mübariz Göyüşlü,
AMEA Mərkəzi Elmi Kitabxananın
Beynəlxalq əlaqələr şöbəsinin müdiri