Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-ci il yaz sessiyasında ilk iclası keçirildi. İclasda 22 məsələ müzakirə edilərək qəbul edildi:
2022-ci ilin iqtisadi yekunları müzakirə edildi, komitənin 2022-ci il payız sessiyasında işinə dair hesabat dinlənildi.
“Xeber 7” məlumat verir ki, komitə iclasında 2023-cü il yaz sessiyası üçün iş planı təsdiq olundu. İş planına “Rəqabət Məcəlləsi”, “Lombardlar haqqında”, “Qİymətləndirmə haqqında” qanunların qəbul edilməsi daxil edildi.
Nəqliyyat daşımaları sahəsində, xüsusilə də tranzit daşımalarında əlverişli, ədalətli və rəqabətli mühitin gücləndirilməsi üçün gömrük, vergi və icazə sistemlərində dəyişikliklər qəbul edildi. Kvotadan artıq yük daşıma və onun üçün rüsumlar, təhlükəli yüklərin daşınması üçün vergilər və 38-41 ton yüklərin daşınması üçün əlavə vergilər ləğv edilir.
Borc müqavilələrinin bağlanması, istehlak kreditlətlərində istehlakçılarının hüquqlarının qorunması, vaxtı keçmiş kreditlər üzrə cərimə faizlərinin hesablanmasına məhdudiyyətlərin tətbiq edilməsi və digər mühüm sahələrdə Mülki Məcəlləyə dəyişikliklər qəbul edildi.
Bir sıra beynəlxalq sənədlərin təsdiqi üçün müsbət rəylər verildi. Sonda komitə sədri Tahir Mirkişili bildirdi ki, 2023-cü ilin yaz sessiyasında komitənin yol xəritəsi müəyyən edildi. 2023-cü il “Heydər Əliyev ili”dir. Azərbaycanın və onun iqtisadiyyatının memarı olan Ulu öndər Heydər Əliyevin iqtisadi strategiyasına uyğun olaraq bu il iqtisadiyyatımızda Prezident İlham Əliyev tərəfindən müəyyən edilən və aparılan siyasətin hüquqi bazasını dəstəkləmək üçün aktiv fəaliyyət göstərməyi hədəfləyirik.