İranın Ermənistan sevgisinə durbin baxışı-rəsmi Tehran səfirinə nə deyəcək? - TƏHLİL

Təəssüflər olsun kı, 44 günlük müharibədən sonra regionda Azərbaycanın yaratdığı sabitliyə istiqamətlənmiş, yeni vəziyyətə xələl gətirmək istəyən qüvvələrin son zamanlar sayı artmaqda davam etməkdədir. Postmünaqişə dövrü üçün xarakterik olan tərəflərin barışdırılması, sülhün möhkəmləndirilməsi, qarşılıqlı dialoq ilə ən müxtəlif məsələlərin həllini tapması vacib olduğu dövrdə, bəzi qüvvələr, hələ də, suların bulandırılması ilə məşqul olmaqdadırlar.

Hazırda sərhədlərin demarkasiyası və delimitasiyasının, nəqliyyat - kommunikasiya xətlərinin açılmasının prioritet olduğu dövrdə Ermənistanın apardığı dağıdıcı siyasəti tənqid etmək, İrəvanı Üçtərəfli Bəyanatın bəndlərini yerinə yetirməyə dəvət etmək beynəlxalq ictimaiyyət, ələlxüsus qonşu dövlətlər üçün prioritet təşkil etməlidir.

Lakin, görünən odur kı, bəzi qonşu dövlətlərdəki müəyyən qruplar Cənubi Qafqazda yaranmış sülhün və tərəqqinin möhkəmləndirilməsinə istiqamətlənən yeni proseslərdən narazıdırlar. Əgər, bu gün Ermənistanı müdafiə edən bəzi Qərb dairələri bölgədəki yeni proseslərdə iştirak etmədiklərinə görə Azərbaycan və Ermənistan arasında problemlərin qalmasında maraqlıdırlarsa, qonşu dövlətlər əksinə, məntiqlə baxıldıqda,Qarabağ və sərhədlər ərtafında bütün problemlərin tez bir zamanda həll edilməsinə tərəfdar olmalıdırlar.

Ermənistandan fərqli olaraq məhz Azərbaycanın yaratdığı yeni geosiyasi vəziyyət, regional inteqrasiya və əməkdaşlıq üçün zəmin yaradır. Təəsüflər olsun kı, hazırda regionun sabit gələcəyi üçün Azərbaycan tərəfinin real addımlar atdığı bir vaxtda İrəvan postmünaqişə dövrünün münaqişə dövrü ilə əvəzlənməsi üçün bütün imkanlarından istifadə etməkdədir.

Son vaxtlar Kəlbəcərin və Naxçıvan MR-nın Ermənistanla sərhədində erməni ordusunun atəşgəsi pozmasının şahidiyik. Çox təəssüflə qeyd edilməlidir ki, bəzi dövlətlərin Ermənistandakı səfirləri İrəvanın apardığı təxribatçı siyasətə dəstək olmaqdadırlar. Fransanın Ermənistandakı səfirinin absurd bəyanatı, ABŞ-ın Ermənistandakı səfirinin mütəmadi olaraq Azərbaycanla sərhədyanı ərazilərə səfər etməsinin ardınca, bu dəfə pis mənada seçilən İranın İrəvandakı səfiri oldu. ABŞ və Fransadan fərqli olaraq postmünaqişə dövründə bölgədəki proseslərdə iştirak etmək imkanına malik olan və altılıq kimi Tehranın özü üçün də lazımlı platformaya dəvət alan İran İslam Respublikasındakı müəyyən qruplar, deyəsən, Cənubi Qafqazdakı yeni durumla barışmaqda əziyyət çəkir.

Avqustun əvvəllində İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri, bugünlərdə atışmaların getdiyi Ermənistanın Azərbaycanla sərhədinə heç bir zərurət olmadan səfər etdi. Azərbaycan torpaqlarını 30 il ərzində işğal edən və bugünlərdə də türk - müsəlman xalqına qarşı düşmənçilik edən Ermənistan ordusunun generallarının müşayəti ilə Qeqarkunik bölgəsinə səfər edən iranlı səfir Azərbaycan və Ermənistan sərhədində baş verənlərlə bağlı narahatlığını ifadə edib və son toqquşmalarda ölən hərbçilərin ailələrinə başsağlığı verib.

Təbii ki, səfirin bu addımı Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb olub. Zohurinin tarixi Azərbaycan torpaqlarında duraraq durbinlə bizim sərhəddəki ərazilərə baxması, onun ölən ermənilərin ailələrinə başsağlığı verməsi Tehran tərəfindən aydınlaşdırılası məsələdir.

Niyə son 30 il ərzində İranın Azərbaycandakı səfirləri Ermənistanın sərhədimizi pozmasına görə həmin bölgələrə səfər etmədilər? Niyə məscidlərdə donuz saxlayan və müsəlman dövlətinin torpaqlarını işğal edən ermənilərə İslam Respublikası tərəfindən bir dəfə də çağırışlar edilmədi?

Əvəzində isə, torpaqların işğaldan azad edilməsindən sonrakı dövrdə İranın ayrı-ayrı dövlət xadimləri Azərbaycan və Ermənistan arasında sərhəddəki gərginliklər fonunda "sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi" haqqında ultimatum tipli bəyanatlar səsləndirməkdədirlər. 2020-ci ilin noyabrına qədər 30 il ərzində Azərbaycan sərhədlərinin zorla Ermənistan tərəfindən dəyişdirilməsinə göz yuman İrandakı bəzi dairələr, bu gün, Bakının beynəlxalq hüquqa söykənən sərhədlərin demarkasiyası, delimitasiyası istəklərindən narahatdırlar.

Sonda qeyd edim ki, özünü Azərbaycanın dostu və qardaşı adlandıran və bu illər ərzində doğrudan da, Azərbaycandan əsl dostluq və qardaşlıq görən Tehran, ölkə daxilində müəyyən qrupları bu kimi zərərverici əməllərdən çəkindirməlidir. Azərbaycan və İran arasında münasibətlər dərin köklərə malikdir və tərəfləri bir-biri ilə təkcə coğrafi qonşuluq deyil, daha dərin və geniş dəyərlər bağlayır. Müsəlmanlara qarşı tarixən nifrət hissi bəsləyən, Azərbaycana qarşı hələ də işğalçılıq planları olan Ermənistan tərəfindən bizim əsgərlərimizə durbinlə baxmaq ikitərəfli əlaqələrə xələl gətirir.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

Mənbə:
0
387
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar