İran Rusiyaya güzəştə getmək istəmir - Dəhliz savaşı böyüyür

"Rusiya çox tələsir. Hazırda Rusiya həm NATO bazaları tərəfindən bir mühasirədədir, xüsusilə fərqli ölkələrdə yerləşdirilən ABŞ-ın bazaları ilə".

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

 

Ekspert bildirib ki, Qərb ölkələri Şərqə çıxmaqla Rusiyanı sıxışdırmaqda maraqlıdır:

"Rusiya bu mühasirəni müəyyən qədər yarıb, özü üçün Yaxın Şərqə (Suriya, Livan ərazisinə) yol çəkmək istəyir. Bunun üçün Rusiyanın Cənubi Qafqazdan birbaşa quru ərazi vasitəsi ilə İrana, İran üzərindən isə İraq, Suriya və Yaxın Şərqin digər ərazilərinə çıxışı lazımdır. Rusiya bununla iki hədəf güdür: Həm özü üçün yol açır, həm də eyni vaxtda Avropanın və ya NATO-nun Qərbdən Şərqə gedən yollarına nəzarət edir, özü həmin yolları ələ keçirir. Nəticədə həmin ölkələr,- fərqi yoxdur, istər Çinin "bir kəmər, bir yol" siyasəti olsun, istərsə Qərbin Şərqlə birləşmək üçün axtardığı alternativ yolları olsun, bu yollara birbaşa nəzarəti əldə edir. Bunun üçün Qarabağ müharibəsi vaxtı da, ondan əvvəl də Rusiyanın atdığı 3 əsas addım var idi:

I. Nəqliyyat kommunikasiyalarına nəzarəti ələ keçirsin

II. Qafqazdakı ölkələrdə hərbi varlığını artırsın, xüsusilə Azərbaycanda hərbi bazasını yaratsın

III. Paşinyanı devirsin

 

Rusiya bunların hər üçündə natamam şəkildə ancaq müəyyən addım ata bildi. Belə ki, Tovuz qovşağını ələ keçirmək istəyirdilər. Qazax-Tovuz istiqamətində Ermənistan iki dəfə hücum cəhdi etdi və nəticəsi onlar üçün biabırçı oldu. Bununla erməni separatçıları 44 günlük müharibə nəticəsində əllərindəki işğalda olan bir çox ərazilərdən də məhrum oldular. Üstəlik Azərbaycan Ordusu Xudafərindən keçən nəqliyyat qovşağını da geri aldı. Bundan başqa Gorus-Qafan yolunda İrandan birbaşa Ermənistana gedən dəhlizə də artıq Azərbaycan Ordusu nəzarət edir. 

Düzdür, Rusiya Azərbaycanda ordu yerləşdirməyə müəyyən qədər müvəffəq olub. Amma orada iki məsələ var: birinci, bu sadəcə Qarabağın dağlıq hissəsi ilə bağlıdır və Qarabağdakı separatçıların yaşadıqları ərazidə baş verir. Həmin ərazi də kifayət qədər daralıb, çox kiçik bir hisə qalıb, sülhməramlılar ancaq həmin hissəyə nəzarət edir. İkincisi isə Azərbaycan onları ratifikasiya etməyə hələ tələsmir. Yəni faktiki olaraq həmin qüvvələr orada qanunsuz şəkildə mövcuddurlar, Rusiya bunu leqallaşdırmaq, hətta onların Qarabağda qalma müddətini 50, 40, 30 il uzatmaq üçün fərqli təkliflər irəli sürür. Gah müxalifət nümayəndələri ilə Azərbaycan hökümətini şantaj, təhdid xarakterli fikirlər səsləndirir, gah sülhməramlılar şərait yaradırlar sərhəd ərazilərdə vəziyyət gərginləşir, gah fərqli şəkildə bəyanatlar verirlər (Rusiya MN, Sülhməramlı Kontingentin Komandanlığı). 

Rusiya əlbəttə ki, Paşinyan hakimiyyətini devirə bilmədi. Rusiya həm də əslində Zəngəzur dəhlizinin hansı şəkildə işləməsində maraqlıdır. Düzdür, bu Azərbaycanla Naxçıvanı, Azərbacanla Türkiyəni birləşdirəcək. Amma eyni vaxtda Rusiya da bunun əvəzinə üçtərəfli 10 noyabr bəyanatında kommunikasiyaların açılması ilə bağlı qərarda göstərildiyi kimi Azərbaycan ərazisindən istifadə edib Ermənistana və İrana çıxış əldə etmək hüququ qazanır, eyni ilə də Ermənistan. Amma Ermənistan hakimiyyəti sabotaj edir, Zəngəzur dəhlizinin açılmasına mane olur. Buna görə də Rusiya da qarşılığında həmin yoldan birbaşa istifadə edə bilmir. Rusiya faktiki olaraq Ermənistana təzyiq edib, bütün dəhlizləri ələ keçirmək missiyasında uğursuzluğa düçar olub.

Burada əlbəttə ki, Türkiyənin də marağı var, Türkiyə də Şərq-Qərb dəhlizlərinə maraq göstərir. Xüsusi ilə Zəngəzur dəhlizində Pakistanın da maraqlı olduğunu deyə bilərik. Çünki bu dəhliz Türkiyədən başlayaraq Azərbaycandan keçib Orta Asiyada (Türkmənistan, Özbəkistan, Əfqanıstan və Pakistan) bir dəhliz yaratmağı planlaşdırır. Strateji yönümüz bu istiqamətdədir. Bundan başqa Qərb ölkələri Şərqə çıxmaqla Rusiyanı sıxışdırmaqda maraqlıdır. Məsələ orasındadır ki, Qərb tələsmir. Rusiyanın resurusları azdır, Rusiyanın hərbi gücləri çox dağınıqdır, Rusiya çox resurus sərf etdiyi üçün tələsir ki, vaxt itkisinə uğramasın. Moskva tələsir ki, tezbazar bu dəhlizləri ələ keçirib, nəzarət etsin. Qərb isə daha təmkinlə, Rusiyanı sanksiyalarla sıxa-sıxa öz uzunmüddətli planını həyata keçirir. 

Burada İranın və Çinin mövqeyi də maraqlıdır. Çin bir tərəfdən Rusiya ilə müttəfiq kimi görünsə də, digər tərəfdən Çindən Avropaya gedən yolların tamamilə Rusiyanın nəzarətində olmasını istəmir. Eyni zamanda İran da özünün nəzarəti altında saxlaya biləcəyi bölgələri - Suriyada, İrqada, Livanda, Yəməndə və yaxud Qafqazda hər hansı təsir imkanları varsa, onları Rusiyaya güzəştə getmək istəmir. İran da öz maraqlarını diqtə etmək istəyir ki, bütün açarları Rusiyaya verməsin. Bəzi məqamlarda hətta İran özü də Rusiyanın dəhlizləri ələ keçirməsinə qarşı çıxmaq məsələsində onu sabotaj etməyə, Qərblə, ABŞ-la birgə hərəkət etməyə hazırdır və Rusiyanın əleyhinə olan addımlarda üzdə olmasa da əslində iştirak etmək istəyir".

Təhməz Əsədov
Milli.Az

0
5158
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar