Hüseynbala Mirələmov: “Qadın uğrunda savaş əsl kişi savaşıdır” – MÜSAHİBƏ

Hüseynbala Mirələmov bu müsahibəni 2018-ci ildə “525-ci Qəzet”ə verib.

Onunla tanışlığmız internetdən kitab yükləyib oxumağımla başladı. Məni özünə kilidləyən cümlə ilə qarşılaşmışdım:

“Kim deyirsə dünya beş günlükdür, qələt eləyir, dünya yüz illikdir, min illikdir, sonsuzluğa qədərdir, amma gərək bu nəhayətsizliyi dərk etməyə ağlın ola, Allah adama gözəlliyi görən göz verə”. Bu ümidli cümlə mənə tunelin sonunda görünən işıq kimi təsir bağışlamışdı. Kitab elə bu cümlə ilə gözlərimdən yapışmışdı. Öz-özümə “bu nə üslub, bu nə dil, bu nə axıcılıq və səmimiyyətdir, əzizim” demişdim. Söhbət yazıçı, dramaturq Hüseynbala Mirələmovdan gedir. Beyndən keçənləri oxumaq fürsəti hər an ələ düşmür. Buna görə də, növbəti kitabları, hekayələri, povestləri ilə davam etdim. Sonra fikirləşdim ki, onu canlı-canlı oxumağın məqamı yetişib. Nəinki oxumaq, hətta yazmaq vaxtıdır! Beləcə, müsahibə üçün vaxt təyin etdik. Şənbə səhəri görüşdük. Söhbət zamanı vaxtın surətli keçdiyinə təəccüblənmişdim. Amma danışdıqlarımızı səsyazmadan köçürəndə səbəbini anladım.

– Yaratdığınız obrazlar o qədər real görsənir ki, elə bil, naturadan üzü köçürülüb. Yazıçını güclü edən təxəyyüldür, yoxsa faktlar?

– Bu sualla mənə çox yüksək qiymət verdiniz. Təşəkkür edirəm. Bədii ədəbiyyat, sənət, əsər həyatın inikası, dinamikasıdır. Fotoşəkil deyil. Çalışmışam ki, həyatı olduğu kimi bədii həqiqətə uyğunlaşdırıb oxucuya çatdırım. Əsər amfiteatrdır, əgər özünü onun içində hiss edə bilir, obrazlardan biri kimi təsəvvür edə bilirsənsə, deməli, yazıçı məqsədinə nail olub və uğura imza atıb.

– “Dorito”nu, “Gecə Bənövşələri”ni bunlardan biri hesab etmək olarmı?

– XIX əsrin ən mükəmməl nəsri hesab edilən “Səfillər” romanında Qavroş obrazı var. Uşaqlıqdan ta bu günə qədər həmin obraz məni düşündürüb. Qavroş dilənçi, səfil, gecələr gedib tiyan dibində yatan kimsəsiz olub. Harada bir bucaq görsə, orada qıvrılıb. Hüqo Qavroşu yaratmaq üçün günlərlə səfillərlə eyni həyatı yaşayıb, onlarla yatıb, onlarla oyanıb, birlikdə yeyib-içiblər. Əks halda milyonlarla insana bu qədər təsir gücü olmazdı. Mən də Doritonu yaradanda onu bütün varlığımla hiss etmişəm.

– Deməli, o əsrarəngiz qadın mövcud imiş?

– Əlbəttə! “Dorito” avtobioqrafik hekayədir. Həyatın özündəndir. Onu yaşamışam! Orada dostlarımdan birinin evinin açarını aldığım məqam var. Milli Məclisdə dostlarım bu hekayəni oxuyanda açarı aldığım dostumun kimliyi ilə maraqlanırlar. Dəfələrlə soruşublar, zarafatca deyirəm Hadı Rəcəbli idi. Açarı verdi, sonra peşman oldu geri aldı. Çünki tələbəlik dönəmindən onun məndə bir qisası vardı.

– Mənə də maraqlı gəldi. Nəyin qisası idi?

– Biz birinci kursda oxuyanda onun başına bir oyun açmışdım. Bu haqda “Əclaf” povestində ətraflı yazmışam. Həmin povesti Hadı Rəcəbliyə itihaf etmişəm. Oxuyarsınız, sirrin açıldığı yer o povestdir!

– “Xəcalət” povestini oxuyanda adamın özü xəcalət çəkir” deyirdi Bəxtiyar Vahabzadə. Xəcalətindən, qəhərdən povesti oxuyub başa çatdıra bilməmişdi.

– Bir hüzür yerində qarşılaşdıq. Dedi, qardaş, sən mənim başıma nə oyun açmısan? Qorxdum, dedim nə etmişəm?! Dedi öldürmüsən məni, zarın-zarın ağlamışam. Hətta səhv etmirəmsə, “525-ci qəzet”də mənə açıq məktub da yazmışdı. Təsirli idi. Çingiz Aytmatov 80 illiyini qeyd etmək üçün Bakıya gəlmişdi. Birlikdə gedib tamaşaya baxdıq. Səhnəyə çıxdı. Azərbaycan Dövlət Televiziyasına müsahibə verəndə bunu xüsusi vurğuladı. Dedi Hüseynbala Mirələmovla ruhən o qədər yaxınıq ki, sanki “Xəcalət” povestini özüm yazmışam.

– Deməli, sizə Qarabağ hadisələrinin canlı şahidlərindən biri demək olar…

– “Xəcalət”i yazanda Dövlət Yanacaq Komitəsində işləyirdim. Təsəvvür edin, yanacaq dolu maşınların kabinasında oturub həmin kəndlərə dizel, neft daşıyırdım. İnsanlar sosial problemlər yaşayıb, səfalət çəkib, torpaqları tərk etməsinlər deyə dayanmırdım. İşğal edilmiş kəndləri, küçələri qarış-qarış gəzirdim. İnsanlarla bir-bir söhbət edirdim. Təbliğatlar aparırdım. Hər bir təhlükədən ötrü vətəndən üz döndərmək olmaz, döyüşüb, vuruşmaq lazımdır deyirdim. Eradan əvvəl V əsrdə baş vermiş Yunan-İran müharibələri haqqında çəkilmiş “300 spartalı” filmi var. Fars hökmdarı Kserks böyük ordu ilə Yunanıstana hücum edir. Atasının məğlubiyyətinin əvəzini çıxmaq istəyir. Yunanlara isə Femistokl və spartalı Leonid başçılıq edir. Leonidin cəmi 300 nəfər döyüşçüsü var. Farsların isə ordusu minlərlə olur. 300 spartalı və farslar Fermodildə üz-üzə gəlir. Kserks qasid göndərərək spartalılara bildirir ki, təslim olsunlar və Leonidi ona təhvil versinlər. Cəsur spartalılar təslim olmur və farslar onları oxa tutur. 300 spartalı qəhrəmancasına döyüşür, ölümdən qorxmurlar. Həmin insanlara “300 Spartalı”dan danışır, stimul verirdim! Hər dəfə bunu dinləmək onları daha da mübariz edirdi! Əgər bir insan ölümdən qorxmursa, deməli, o, mütləq qalib gələcək. Hər dəfə evdən çıxıb Qarabağa yola düşəndə vidalaşırdım. Yolda hər cür hadisə ilə qarşılaşırdım, ölümlə üzləşirdim. “Xəcalət” povesti belə ərsəyə gəlib. O dərdi özüm çəkmişəm, həmin acıları iliyimə qədər yaşamışam.

– Sovet dövründən əsası qoyulan “JZL” – “Jizn Znamenitıx Lyudey” adlı bir layihə var. Rusca nəşr olunur. Orada Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev kimi görkəmli şəxsiyyətlərə həsr olunan kitabları ərsəyə gətirdiniz. Daha sonra Azərbaycanca da çap etdirdiniz. Bununla kifayətlənməyib, kitabları digər xarici dillərə tərcümə elətdirərək dünyaya yaydınız. Bu kitabları yazmaq ideyası haradan gəldi?

– Uşaqlıqdan kitabın içində böyümüşəm. Buna görə də, hansı kitabın trend, hansı nəşriyyatın brend olduğunu yaxşı bilirdim. Ulu Öndər dünyasını yeni dəyişmişdi. Haqqında çox yazırdılar. Amma fərqli iş ortaya qoyan yox idi, boşluq hiss edilirdi. Bilirdim ki, bu gün də, SSSR dövründə də JZL aktualdır. Talonla satılırdı! Hər adam həmin kitabları ala bilmirdi. Düşündüm ki, JZL yazmaq lazımdır. Fikirləşdim ki, yaxşı, mən bu kitabı yazdım, bəs Moskva həyatı? Moskvada yaşayıb, Kremldə işləyib. Bir yaxın dostum vardı. “Tribuna” qəzetinin baş redaktoru idi. Viktor Adrianov, Allah rəhmət eləsin, indi dünyasını dəyişib. Getdim yanına. Dedim belə bir ideya gəlib beynimə, sən mənə kömək elə H.Əliyevin Moskva həyatını yazaq. Sən Rusiya, mən də Azərbaycan həyatını yazıb tərcümə etdirəcəm, ancaq həmin tərcüməni də JZL səviyyəsində redaktə elə. Razılaşdı. İşə başladıq. 2005-ci ildə o da yazdı, mən də tərcüməni aparıb ona verdim. Bir ay da tərcümənin üstündə işlədi. Kitabı on min tirajla çap elədik. Oxuduqdan sonra Cənab Prezident İlham Əliyev kitabı rəğbətlə, hörmətlə qarşıladı. Sonra xeyli zənglər gəldi, dedilər ki, bəs Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətinə az toxunmusan. Yenidən Viktor Adrianova zəng etdim. Bakıya çağırdım. DTX rəhbərinə məktub yazdım, icazə aldıq, arxivə getdik. On çap vərəqi əlavə elədik. Sonra azərbaycanca tərcümə elətdirdik və beləliklə, dünyaya səs saldı.

– Bəs növbəti kitabları yazmağa necə qərar verdiniz?

– Məni prezident İlham Əliyevlə bağlı yazmağa bir neçə səbəb vadar etdi. Gördüm ki, prezidentimiz elə Ulu Öndər səviyyəsində işləyir, onun həqiqi davamçısıdır. İkincisi isə hazırda yaşayan prezidentlər haqqında “JZL” yazılmamışdı. Bircə Putinlə bağlı əlimə bir kitab keçdi. Amma həmin kitab “Bioqrafiya davam edir” adı ilə çap edilmişdi. Zəngin deyildi! Biz təcili yazmağa başladıq. Adreanova zəng elədim ki, get İlham Əliyevin oxuduğu instituta, orada araşdır, Moskva həyatını sən yaz. Azərbaycan həyatını buradan mən yazdım. Yenə tərcüməyə verdim. İkimizin imzası ilə çap edildi. Adreanov rəhmətə getdikdən sonra isə akademik Zərifə Əliyeva ilə bağlı kitabı yazmağa başladım. Ən böyük arzum nə idi, bilirsiniz? İstəyirdim ki, “Heydərnamə” yazım. Bu kitab Heydər Əliyev, İlham Əliyev, Zərifə Əliyeva, Mehriban Əliyeva haqqındadır. Bu kitabı mənə yazdıran Heydər Əliyevin nəhəng, əzəmətli bir siyasətçi olması idi. Onun xarizması, iradəsi, vətən sevgisi nümunədir, obrazdır. İstəyirdim ki, bu itməsin, gələcək nəsillərə yadigar qalsın. Bütün bəşəriyyət, insanlar bilsin ki, Azərbaycanın belə bir memarı var. O memar ki, uçulub sökülməkdə olan bir ölkəni yenidən qurdu, başdan yaratdı. Dünyanın hər yerindən görünən bir dövlət sarayı ucaltdı. Məqsədim bu idi.

– Hazırda tərcümə və yayım davam edirmi?

– Səfirlərimiz sağ olsun, o kitabları tərcümə elətdirdilər. Hələ də davam edirlər. Dünyanın 47 dilində bu kitabları oxumaq mümkündür.

– Cild-cild tarixi romanlarınız var. İndi nə yazırsınız?

Bu dəqiqə ciddi şəkildə trilogiya üzərində işləyirəm. Adı “İki Şah İki Sultan”dır. İki şah Uzun Həsən, Şah İsmayıl Xətai, Sultanlar isə İkinci Mehmet və Sultan Səlim Yavuzdur. Kitab XIII-XIV əsrlərdə Osmanlı və Azərbaycan münasibətlərindən bəhs edir. Orada, Azərbaycanla Osmanlının niyə yola getmədiyini aydınlaşdırmaq istəyirəm. Maraqlıdır, iki Sultan niyə iki Şahı məğlubiyyətə düçar etdi? Bu nifrət haradan qaynaqlanırdı? Bu suallara cavab tapmağa çalışmışam. Kitabın birinci hissəsi tam hazırdı. İndi ikinci hissə bitmək ərəfəsindədir. Ardınca üçüncüyə başlayacam.

– Bu mənbələri necə üzə çıxardınız?

– Bu əsərlər üzərində işləyərkən türk, ingilis dillərində həddindən artıq araşdırmalar apardım. Mənbələr əsasən türkcə və ingiliscədir. Hamısını əldə etdim. AMEA-nın Tarix İnstitutunun məlumatlarının da bu yöndə çox köməyi dəydi. İki-üç aya o romanı hazırlayıb qurtaracam. İstərdim biləsiniz ki, biz Roma papalarının fitvası ilə uduzmuşuq. Təsəvvür edin ki, onlar həm bizimkilərdən, həm də türklərdən qorxublar. Yeganə çıxış yolu kimi fikirləşiblər ki, bunları necə bir-birinin üstünə salaq, zəiflədib məhv edək, Avropa da rahat nəfəs alsın. Onu da deyim ki, Yıldırım Bəyazid dövründə XIII-XIV əsrin əvvəllərində xaç yürüşü olub. Həmin yürüşə Macarıstan krallığı başçılıq edib. Yıldırım Bəyazidin oğlu on min qoşunla bütün “səlib” yürüşünü darmadağın edib. Məğlubiyyət anında Macarıstan kralı canını götürüb gəmi ilə aradan çıxıb. Tarixdə çox maraqlı məqamlar var.

– Bu tarixi faciəni indiyəcən açan olmayıb?

– Bəli, indiyədək bədii əsərlərdə bu tarixi faktlar açılmayıb. Tarixi mənbələrdə yazılır ki, Yıldırım Bəyazid Allaha yalvarırdı ki, sən məni tez öldür. Doğrudan da on günün içində o, dünyasını dəyişir. Bu zaman Əmir Teymur möhkəm sarsılır. Sonra tapşırır ki, gedin onu sultanlara layiq şəkildə dəfn edin. Bütün bu hadisələr romanımda yer alır, hamısını açmağa çalışmışam.

– Müharibəni də, faciəni də, eşqi də, ağrını da yazanda eyni qayda da yazırsınız. Lirik və şirin dildə. Sizcə, oxucuları cəlb edən budur?

– Yazıçının dili oxuculara yol göstərən bir kompasdır, işıqdır, fənərdir. Dil oxucunu cəlb edir! Belə olmasa, kitaba yaxın getməz. Nə qədər yaxşı əsər olursa olsun, dili kələ-kötür olanda oxuya bilmirəm. Məni arxasınca sürüyə bilmir. İlk dəfə yeddinci sinifdə oxuyarkən “Bir tikə çörək” adı ilə çap olunmuşam. Onu oxusanız görərsiniz ki, dil eynidir. İndi bir az zəifləyib, bir ara istehsalat, indi ictimai işlər qoymur də öz həyatımı tamamilə ədəbiyyata həsr edim. O vaxtlar, tələbəlik illərində yazdığım dil üslubu daha çılğın idi. Lirik dil insanın hisslərini oxşayır. Yazıçının dili axıcı olmalıdır. Məsələn; Viktor Hüqonun, Çingiz Aytmatovun, Tolstoyun dili gözəldir. Dil sujetdən də, obrazdan da, hadisələrin gedişatından da önəmlidir. Muğamat, musiqi qədər insanın hisslərini oxşayır. Yazıçının dili oxucunu ovsunlamırsa, o yazıçı şöhrət sahibi ola bilməz.

– “İnsanlar dağıdıcı silahlarla bir-birini qanına qəltan eləyir… Sonra isə hər şeyi unudurlar” demisiniz. İnsan niyə bu qədər unutqandır?

– İkinci Dünya müharibəsini yadınıza salın. Beş il davam etdi. Milyonlarla insan öldü. Almanlarla qatı düşmən idik. Amma indi dostuq, qardaşıq. Nəsillər dəyişdikcə düşmənçilik azalır. Mənim babamın yara alırsa, mən onu az hiss edirəm. Bunun bir fəlsəfəsi var. Nəsillər dəyişdikcə o dağıdıcılıq, o hirs, hikkə dəyişir. Almaniya az qala bütün dünyanı işğal edirdi. Hitler dayanmırdı. Amma indi bütün bunlar unudulub. Almaniya hamı ilə dostluq, qardaşlıq edir. Bu, təbiətin, Allahın qanunudur. Unutmasan yaşaya bilməzsən!

– Bəs Qarabağ unudularsa? Nəsildən nəsilə keçməzsə?

– Bir var ikinci dərəcəli işlər, bir də var birinci. Prezidentimiz üçün Qarabağ birinci dərəcəlidir. Gəlin etiraf edək ki, bütün görüşlərdə, bütün tədbirlərdə əvvəlcə tədbir haqqında danışılır, sonra dərhal Qarabağ məsələsinə keçilir. Qarabağın adı çəkilməyən bir görüş yoxdur! Beləliklə, nə bizlərin unutmağına imkan verir, nə də xarici ölkələrin, dövlət təşkilatlarının. İkinci dünya müharibəsi 5 il davam etdi, sülh bağlandı, bitdi. Amma Qarabağ davam edir.

– Vətən insanın bədəni kimidir, bir yeri ağrıyanda digər yerlər də sızıldayır. Bəs bu sızıltı Bakıda niyə hiss edilmirdi? Xəcalət pyesində yazdığınız bu cümləni həmişə aktual hesab etmək olar?

– Bu, həmişə aktualdır. Bakı beynidirsə, Qarabağ onun ürəyidir. Qarabağ can verirsə, şikəstdirsə, işğal olunursa, deməli, o, bir əza kimi insanın başqa orqanına da mütləq təsir edir. O vaxtları yadınıza salın, 1988-93-cü illərdə bu ölkədə it yiyəsini tanımırdı. Bakıya gündə 100 meyit gəlirdi həmin rayonlardan. Çoxu da arxadan vurulanlar olurdu. Çünki onları kürəyindən vuran özümüzünkülər idi. Heç bir qayda, qanun yox idi. Ona görə o cümləni işlətmişəm. Əgər Qarabağ bir insan əzasıdırsa, niyə o ağrı Bakıda hiss edilmirdi. Paytaxtda insanlar kefdə-damaqda idi. Əyləncə, eyş-işrət davam edirdi. Meyitlərin dəyişdirilməsi ilə bağlı maxinasiyalar aparılırdı. Camaatın qızılların, pulların yığırdılar, guya hərbi hissələrə dəstək toplayırlar. Sonra məlum olur ki, həmin pullar bəlli insanların ciblərinə gedirmiş. Azərbaycanın bir bölgəsi ağrı içindədirsə, Bakı beyin olaraq mütləq bunu hiss etməli idi.

– Qəmxar, Didar, Salqar, Vətən, Haris, Fənayə… Əsərlərinizdə qəribə adlar sərgisi var.

– Çalışmışam ki, adları insanların xasiyyətinə, xarakterinə, həyat tərzlərinə uyğun seçim. Məsələn: “Xəcalət” povestimdə Vətən obrazı var. Orada vətən deyəndə bir kişini nəzərdə tutmamışam, bütöv Azərbaycanı nəzərdə tutmuşam. Bir Azərbaycan obrazıdır. Murad var, onun timsalında Azərbaycanın hesabına pul qazanan, ona xəyanət edən insanları nəzərdə tutmuşam. Hər ad öz obrazının xarakterinə uyğun yaradılır.

– “Gəlinlik paltarı”nda içində sevgi daşıyan hər kəsi niyə öldürdünüz?

– Tamamilə doğrudur! Amma mənim özümün subyektiv fikrim, baxışlarım var! Mən Fənayəni çox sevirəm! Haris ona qarşı alçaqlıq elədi. Fənayə təbiətcə güclü qız idi, ona görə də güclü kişi axtarırdı. Harisin timsalında guya bu sevgini tapmışdı. Əslində, səhv idi. Harisdən sonra kim inana bilərdi ki, o, ucuz bir fahişəyə çevrilməyəcək?! Onun elə olmasını istəmədim. Sevdiyim, müqəddəs saydığım qızı buna görə minarədən atdım.

– Nizami Cəfərov “Gəlinlik Paltarın”dakı Fənayə obrazını yazıçı Anarın Təhminəsinin varisi sayır. Birinin sovet cəmiyyətinin əxlaqı normalara, Fənayəni isə bütün normalara qarşı çıxmaqla müqayisə edib! Belədirmi?

– Yox! Qətiyyən! Onlar ayrı-ayrı obrazlardır. Təhminə boşanmış, ləyaqətini qoruya bilməyən qadın idi. Yaraşıqlı kişiləri sevirdi. Onu əsasən şəhvət maraqlandırırdı. Amma Fənayə fərqli idi. Sevgi dolu idi. Nizami müəllim mənim dostumdur, böyük tənqidçidir, böyük dilçi, ədəbiyyatşünasdır, ancaq bu mövzuda fikrimiz fərqlidir. Fənayəni Təhminənin varisi hesab etmirəm.

– “Son arzu”, “Tənha durna”, “Yeni həyat” əsərləriniz əsasında çəkilən filmlər də maraqla izlənilir… Hazırda hansısa əsərinizin motivləri əsasında iş gedir?

– Bir gənc rejissor “Qırxıncı otaq” romanımın əsasında serial çəkməyə başlayıb. Hətta yanılmıramsa bir neçə bölümü hazırdır. Bilmirəm axıra çatdıra biləcəklər, ya yox. Amma hazırda davam edir.

– Ziddiyyətdən mütəmadi və son dərəcə ustalıqla faydalanırsınız. Uğursuzluğu, faciəni də ustalıqla yazırsınız. Bu qədər ziddiyyətdə necə uzlaşırsınız?

– Fənayəni öldürəndə hönkür-hönkür ağlamışam. Dostum Hadı Rəcəbli, həyat yoldaşı, mən və həyat yoldaşım rayona, hüzür yerinə gedirdik. Bütün gecəni işləyib, əsəri səhər saat 5 radələrində sona çatdırmışdım. Elə həmin saatlarda da onu öldürmüşdüm. O qədər təsirlənmişdim ki, sanki içimdən cənazə çıxmışdı. Heç kimlə danışmaq istəmirdim, elə bil yasda idim! Yoldaşım soruşurdu ki, bəlkə nəsə baş verib, mənə demirsən. Hadı Rəcəbli oradan soruşdu. O qədər sual verdilər ki, ağlamağa başladım. Dedim “öldürdüm!” Hamısı narahat oldu, elə bildilər ki, qəza ilə kimisə öldürmüşəm. Dedim, Fənayəni öldürdüm. Sevdiyim bir qızı öldürdüm. Arzusunda olduğu gəlinlik paltarını günəşdən tikdirib geyindirdim. Onu xoşbəxt edə bilmədim. Bax belə, ziddiyyətin içində ziddiyyətlə uyğunlaşmalı olursan!

– Böyük ədəbiyyat böyük oxucu auditoriyası hesabına yaranır. Böyük auditoriyanı formalaşdırmaq üçün nə etmək lazımdır?

– Həmişə arzusunda olduğum bir hadisə baş verdi. Möhtərəm prezidentimiz və vitse prezidentimiz gözəl bir kitab evi açdılar. Bundan əvvəldə xeyli yerlərdə kitab evləri var idi. Amma bu, gözəl saraydır. Əminəm ki, həmin kitab mərkəzi oxucu auditoriyasını özü toplayacaq!

– Bu gün ədəbiyyatın ən böyük problemi nədir?

– Çoxdur! Bunu mən özümə aid hesab etmirəm. Ancaq bir nömrəli problem budur ki, yazıçılar yazdıqları əsərlərə görə nəinki qonorar almırlar, hətta borc-xərc edib, ciblərinin pulu ilə kitab çap etdirirlər. Bütün giley-güzarları kənara qoyuram, bu, ciddi problemdir! Kaş, Cənab Prezident bu məsələyə diqqət yetirəydi. Heç olmazsa, o yazıçı aldığı qonorarla kitabını çap etdirə biləydi. Öz cibindən, ya da gedib borc taparaq kitab çap etdirməzdi. Bu baş tutarsa, şedevrlər ərsəyə gələcək. Çünki ele adamlar var gözəl əsər yazıb, imkanı yoxdur çap etdirməyə.

– “Durnalar qayıtdı”, “Son arzu”, “Tənha durna uçuşu”, “Gəlinlik paltarı”, “Qırxıncı otaq”, “Cəza” hamısının adı tənhalıq qoxuyur. İçinizdə belə dərin boşluq var ki?

– Səbəbini bilmirəm. Mən həmişə dəmiryol vağzalında qəribə hisslər keçirirəm. Avtovağzalda, Hava limanında yox, məhz Dəmiryol vağzalında. Bir də, durna adı gələndə həmin hüzün canıma çökür. Özümü tənha hiss edirəm. Bu necə yaranır, necə əmələ gəlir, bilmirəm. Dəmiryol vağzalında qəribə hissə qapılıram. Nigarançılıq məni üzür. Tərkidünya oluram. Səbəbini bilmirəm, amma uşaqlıqdan belədir.

– Eşq aləmi, qadın uğrunda savaş ayrı savaşdır deyirsiniz. Necə savaşdır ki?

– O, müqəddəs və haqlı savaşdır! XVII-XVIII əsrdə Rusiyada öz məhəbbətləri, sevgiləri uğrunda duelə çıxırdılar. Puşkin, Lermontov kimi nəhənglər dueldə ölüblər. Qadın uğrunda savaş əsl kişi savaşıdır. Mərdanə, təkbətək savaşdır. Burada güclülər qalib gəlir. Hesab edirəm ki, hər kişi öz sevdiyi qadın uğrunda savaşa çıxmalıdır. Ya orada ölməlidir, ya da qalib gəlməlidir! Bu savaşda ölməyinin özü də bir qalibiyyətdir. Çünki cəsarət tapıb o savaşa girə bilirsə, bu da bir qələbədir.

– Hazırda belə savaş görmək mümkündür?

– Çox təəssüf edirəm ki, yox! Bəlkə də var, amma barmaqla sayılacaq qədər azdır! Fərman Kərimzadənin romanında bir məqam var. Bir nəfər öz qan düşmənini axtarır. Dağlara, yaylağa qalxır. Gedir alaçığa, görür ki, axtardığı düşmən arvadı ilə eyni yataqdadır. Məğrurluğa bax, Azərbaycan kişisinin qüdrətinə bax. Görür ki, düşməni qadınının yanında yatıb, ona toxunmur. Götürür iki patronu, qoyur düşməninin sinəsi üstünə. Sakitcə çıxıb gedir. Bu əzəmətdir, vüqardır, kişilikdir, mərdlikdir! Kaş bizim xalqımız elə həmişə belə olardı. Amma dəfələrlə rast gəlmişəm, cavan oğlanlar həyat yoldaşlarının yanında dalaşırlar, söyüş söyürlər. Bu da kişilikdir? Azərbaycanda qadın öz yaylığını yerə atanda qan dayanıb. İndi hanı o kişilər? İndi nə gündəyik? Hanı indi o savaşı dayandıran qadınlarımız? Çox istərdim bu millətin həmin keyfiyyətləri özünə qayıtsın!

– “Kim deyirsə dünya beş günlükdür, qələt eləyir, dünya yüz illikdir, min illikdir, sonsuzluğa qədərdir”. Həqiqətən, dünya neçə günlükdür? Nəhayətsizliyi necə dərk edək?

– Bu fikri ona görə yazmışam ki, bunu oxuyan insanlar dağıtmasınlar, məhv etməsinlər, sədaqətli olsunlar, riyakar, dönük olmasınlar. İstəyirəm ki, dünyanın əbədi olduğunu düşünsünlər. Onda dostluq da, sevgi də, qohumluq da, tanışlıq da əbədi olar. İnsanlarda qurub-yaratmaq, tikib-ucaltmaq istəyi olar. Dünya necə beş günlük ola bilər, məndən sonra övladlarım var, nəvələrim var. Məndən onlara yadigar olaraq nə qalacaq? Dünya beş günlük deyil, sonsuzluğa qədərdir!

– Ədəbiyyat olmadığın insanı anlamaq, anlatmaq gücüdür. Hüseynbala Mirələmovun içində uzaqdan tanıdığı, hələ tanış olmadığı neçə obrazı var?

– Çoxdur! İki il qabaq Şamaxıdan keçəndə bir restoranda çay içməyi qərara aldım. Avtomobildən düşəndə ağzı qızıllı, boynu-boğazı brilyantlı, əyin-başı zərxaralı, aralarında uşaqların da olduğu, sərxoşların yer aldığı bir mənzərə gördüm. Adamlar nəyəsə gülüb, heyrət edirdilər. Bir az irəli getdim, gördüm ki, bu qədər insan qəfəsdəki canavarın başına toplanıblar. Onunla əylənir, qəhqəhə atırmışlar. Canavarın gözündənki iztirabı, insanlara necə nifrətlə baxmağını gördüm, özümə gələ bilmədim! Adamlar hər şeyin təyinatını dəyişdirməkdədirlər, canavarı canavarlıqdan çıxarırlar zövq alırlar, təbiəti təbiətlikdən çıxarırlar zövq alırlar, adamı adamlıqdan çıxarırlar zövq alırlar. Bax, bu mənəvi kasadlıq məni yorur. Şahidi olduğum bu hadisəni “Cəza” povestimdə qələmə almışam. Təbiətin cəzası heç də Allahın cəzasından geri qalmır! Təbiətin intiqamı yaman olur! Bunu hamı bilməlidir.

– Yazıçılıq sizi aşiq etdi, üsyankar etdi, döyüşçü etdi, hətta qatil belə etdi. Bəs, əslində, sizin yazaraq olmaq istədiyiniz kimdir? Ən çox nəyi yazmağı, nəyə imza atmağı arzulayırsınız?

– Böyük rus yazıçısı Aleksandr Çakovşkinin İkinci Dünya Müharibəsi ilə bağlı yazdığı “Qələbə” adlı bir romanı var. Həmin kitabı hələ orta məktəb dönəmində oxuyub təsirlənmişdim. Ən böyük arzum Qarabağı düşmən tapdağından azad etmək, bayrağımızı sancdıqdan sonra bir qələbə romanı yazmaqdır. Bu arzum gerçəkləşdikdən yazmağa nöqtə qoyacam.

– Təsirli sevgi hekayələriniz var. Oxuduqca təzadlı məqamlara tez-tez rast gəlmək mümkündür. Nədir sevginin yaşı, maneəsi, sərhəddi?

– Sevginin yaşı yoxdur, intəhasızdır, sərhədsizdir. Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi”ndəki o sevgiyə qibtə edirəm. Qvazimodo bütün fiziki eybəcərlikləri özündə birləşdirir. Gözünün biri kordur, belində və sinəsində donqarı var, axsaqdır, heç bir şey eşitmir, qulaqları çaldığı nəhəng zəngin güclü səsindən kar olub, nadir hallarda danışdığından çoxları onu lal hesab edir. Elə mənəvi eybəcərliyi də fiziki eybəcərliyindən geri qalmır. Lakin Esmeralda ilə tanış olduqdan sonra dəyişir. Qızın sevgisi ona özünü insan kimi hiss etməsinə impuls verir. Vicdanı oyanır, individual hissləri baş qaldırır, vəhşi ürəyində sirli duyğular yaranır. Gözəllər gözəli Esmeraldanın sevgisi onu belə dəyişir. Görürsünüz, demək ki, sevgi sərhəd tanımır, eybəcərliklər onun üçün maneə deyil. İnsanı dəyişmək iqtidarındadır. İnsan hər yaşda sevə bilər, hər şəraitdə vurulmağı mümkündür.

Türkan TURAN

 

0
220
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar