Heydər Əliyevin telefonçusu: Məxfi saxlanılırdım, ailəm də bilmirdi - VİDEO

AZXEBER.COM-un müsahibi uzun illər ulu öndər Heydər Əliyevin şəxsi telefonçusu kimi çalışmış Zahirə Quliyevadır.
 
Z.Quliyeva H.Əliyevlə bağlı xatirələrini bölüşüb.

 Özünüz haqqında məlumat verə bilərsiniz?
- Mən Quliyeva Zahirə, orta təhsilliyəm. 1971-ci ildə "Telefonçu qız” filmini izlədikdən sonra telefonçu sənətini sevməyə başladım və qərar verdim ki, telefonçu olum. Sonra işə düzəldim. Yaxşı işlədiyimə görə dəfələrlə mükafatlara layiq görülmüşəm 
 
- Heydər Əliyev ilə nə vaxtdan çalışmağa başladınız? 

- 1976-ci ildə rəisim məni çağıraraq yaxşı işçi olduğumu dedi və mənə Heydər Əliyevin şəxsi telefonçusu kimi çalışmağı təklif etdi. Əlbəttə, məndə qorxu hissi yarandı, elə bir şəxsiyyətin telefonçusu olmaq asan iş deyildi, amma buna baxmayaraq qəbul etdim. Hökumət xidmətində ayrıca otaq vardı. Orada əyləşirdim. Elə o vaxtdan da Heydər Əliyev ilə çalışmağa başladım. 

- Heydər Əliyevlə çalışmağın nə kimi çətinlikləri və üstünlükləri vardı?

- Hamımız ondan qorxurduq, onun telefonçusu olmağın çətinliyi bundaydı. Onun qulluğunda dururdum. Amma olurdu bəzən qızlar çəkinirdi ki, hər hansı bir səhvlik ola bilər, çətinlik ola bilər. Hətta bir dəfə Moskvada olarkən xətt kəsildi, qızlar qorxdu ki, indi bizə töhmət verə bilərlər, işdən çıxarda bilərlər ki, siz onun xəttini kəsmisiniz. Amma mən risk edib yenidən zəng etdim. "H.Əliyeviç Quliyevadır, xətt kəsilmişdir, üzr istəyirəm" dedim. 

H.Əliyev "Olan şeydir, eybi yoxdur” dedi. 

Bu səhvimizə görə heç bir problem yaşanmadı, heç bir töhmət verilmədi. O, xalqına bağlı, xalqını sevən, ailəsini sevən, uşaqlarını sevən bir insan idi. Mən də  fəxr edirəm ki. Heydər Əliyevin telefonçusu olmuşam. 

- Bizdə olan məlumata görə siz o vaxtlar məxfi saxlanılırdınız...

- Düzdür, mən o vaxt məxfi saxlanılırdım, hər il qol çəkirdim ki, onun telefonçusu olduğumu heç yerdə bildirməyəcəyəm, hətta evdə də bildirmirdim. Ona neçə il qulluq etdim, qulluğunda durdum, heç vaxt mən ondan pislik görmədim. 1992-ci ildə mən və Nəsibə Zeynalova Naxçıvana getdik, bizi qonaq çağırmışdılar. Xahiş etdik ki, Heydər Əliyev də bizi qəbul etsin, qəbul etdi, bizə çay süfrəsi təşkil etdi. Dedik ki, siz Azərbaycanın yaraşığısınız, Bakıya dönməlisiniz. 

"Dönəcəyəm və  həmişə də sizin arxanızda  olacağam” dedi. Sonra 1993-cü ildə gəldi. Mənə dedi "Bakıya gəlirəm Quliyeva”.
Mən də cavab verdim ki, xoş gəlirsiniz. O 1983-cü ildə Moskvaya gedəndə mənə demişdi ki, sən mənim sağ qulağımsan, nə olsa mənə xəbər verərsən, o mənə, mən də ona inanırdım. 1992-ci ildə Naxçıvandan qayıtdıqdan sonra məni Təhlükəsizlik şöbəsinə çağırıb Naxçıvana niyə getdiyimi soruşdular, nə xəbər aparmışdın dedilər. Onlara "qonaq çağırıblar, getmişəm" dedim. O zaman məni bir az incitdilər. Bildirdilər ki, hər il qol çəkirsən, heç kəsə xəbər vermiyəcəyəm, heç nə söyləməyəcəksən deyə. Ancaq nəisə xəbər çatdırmısan, nəisə baş verib. Mən inkar edəndə, bildirdilər ki, səs yazıların olan kaset var. Heydər Əliyevin adını çəkmirdilər, sadəcə sən xəbər vermisən deyirdilər. Ancaq ürəyimdə bilirdim ki, mən bu xəbəri göndərmişəm. Mən onda çox həyəcan keçirtdim. Hətta 1996-ci ildə mən infarkt da keçirtdim. Çox qorxdum o zaman, çünki məni qorxurtdular, dedilər qorxma səni bu işdən kənarlaşdırıb başqa işə qoyacağıq, ancaq etiraf et. Mən də etiraf etmədim, dedim ki, kaset varsa, götürün kaseti qoyun mən qulaq asım, siz sübut etsəniz mən işdən çıxacağam dedim. Həqiqətən də inandılar mənə. 

1993-cü ildə Heydər Əliyev Bakıya gələndə mən yenə telefonları qoşurdum danışırdı, zəng edirdim köməkçiləri götürürdü. Köməkçiləri də heç vaxt bizi calaşdırmırdı, biri deyirdi jurnalist var yanında, digəri deyirdi məşğuldur. Deyirdim axı, o, mənə söz verib ki, Bakıya gələndə sizinlə əlaqə saxlayacağam. Niyə qoymursunuz H.Əliyevlə danışım? Sizə də tapşırıb ki, mənimlə onu qoşasınız. Niyə qoşmursunuz? Çox təəssüf ki, onlar bu işdə maneçilik törədirdilər. 
 
- Heydər Əliyevlə bağlı ən yaddaqalan maraqlı xatirənizi bölüşə bilərsinizmi?

- Mən fəxr edirəm ki, Heydər Əliyevin telefonçusu olmuşam. Mən o vaxt mənfi saxlanırdım, icazə yox idi bunu kiməsə bildirməyə, bununla bağlı  hər il imza çəkirdim. Mən H.Əliyevlə çalışdığım müddət ərzində heç vaxt kobud söz eşitməmişəm, o, çox şirin danışardı. 1983 cü ildə H.Əliyev Moskvaya getdi ondan sonra da mən onunla əlaqəmi kəsməmişdim. Mən yenə zəng edirdim, ona nə lazım olduğunu, soruşurdum. Sonra Bakıdan, Moskvadan danışardım. Soruşurdum nə lazımdır, bu mənim borcumdur. Yenə də qoşurdum danışırdı. Biz bir dəfə rayondaydıq, o, da iclasdan çıxmışdı. "Quliyeva sənsən, nə cılız şeysən, mən də deyirdim mənim telefonçum ətli canlıdır” zarafatla dedi.

- Sizə öz doğması kimi yanaşıb...

- Bəli, mən onunla işlədiyim vaxt heç bir narahatlıqla üzləşməmişəm. O, hər zaman "Quliyeva mənim qızımdır" deyirdi. Ölkədə kompüterlər istifadəyə başlayana kimi bizim əlaqəmiz vardı, danışırdıq. 

Mənə sual verirlər ki, sən onunla işləmisən, bütün rayonları gəzmisən, hər adam risk etmirdi, qorxurdu, lakin sən işləyirdin, sənə niyə diqqət ayrılmayıb? 

İndi mən İlham Əliyevdən onun dəmir yumruğundan, xahiş edirəm məni 5 dəqiqə də olsa qəbul etsin, ürəyimdə olan sirrləri mən ona açım. 

Mənim qəlbimdə sözlər var. O, rəhmətə gedəndən sonra mən üzə çıxdım. Axtardılar ki, rabitə şöbəsində ona kim qulluq edib. Rəis çağırdi ki, səni qəzetlərə çağırırlar, getdim danışdım. "3 nöqtə” qəzetinə çıxmışam, o biri qəzetlərə çıxmışam. Mən onun telefonçusu işlədiyimi bildirdikdən sonra aydınlığa çıxmışam. H.Əliyev heç vaxt məndən narazı qalmayıb, ona qulluq etmişəm, heç vaxt bizim əlaqəmiz pis olmayıb. Həmişə yaxşı olub. Əlbəttə, mən qorxmuşam ona artıq söz deməyə. Onun nəvəsi olanda mən zəng edib təbrik etdim. Çox sevindi dedi "çox sağ ol Quliyeva”. Mən telefonçu olaraq öz şəxsi hesabımdan əlaqə saxlayırdım. Quliyeva deyəndə sevinirdi. Riskə girirdim ki, mən onun məxfi telefonçuyam. Riskə girirdim və danışırdım. Onunla çalışdığım dövrdə heç bir problem olmayıb, təkcə, onunla görüşməyimdə bağlanmağımda çətinlik yaşadım, birdə 1992- ci ildə etiraf etdiyim hadisəyə görə. Ona görə də mən İlham Əliyevin qəbuluna düşmək istəyirəm ki, bildirim ki, nə üçün məni incidiblər. 
 
- Heydər Əliyevin başqa hansı keyfiyyətlərini qeyd edə bilərsiniz? 

- Çox ailəcanlıydı, nəvəsi olanda çox sevinirdi. Övladlarını çox istəyirdi. Heydər Əliyev necə bir iz qoyubsa, indi onun oğlu da bizim həyatımızı abadlaşdırır, torpaqlarımızı işğaldan azad etdi. H.Əliyevin arzusuydu ki, torpaqlar azad olsun və gerçək oldu. O, Azərbaycanı həddindən çox istəyirdi və hər yerdə deyirdi ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən də fəxr edirəm ki, onunla çalışmışam.
 
Nərmin Məmmədli
0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar