Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli təkilatın vitse-prezidenti seçilib. "Azerforum" xəbər verir ki, bu haqda Füzuli Məcidli özünün “Facebook” səhifəsində paylaşım edib: “Beynəlxalq Türk Akademiyasının yaradılması haqqında müqaviləyə əsasən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil və elm nazirliklərinin təmsil olunduğu BTA Elmi Şurasının yekdil qərarı ilə bundan sonra təşkilatın vitse-prezidenti olaraq fəaliyyətimi davam etdirəcəyəm.
Bu yüksək etimada layiq görən Azərbaycan dövlətinə, ölkəmizin və təşkilata üzv olan digər ölkələrimizin müvafiq qurumlarına, BTA prezidentinə, dəstək və qayğısını əsirgəməyən insanlara, dostlara dərin minnətdarlığımı bildirirəm.
2016-cı ildən çalışdığım bu təşkilatda bundan sonra daha da faydalı olmağa, Türk dövlətlərinin yaxınlaşması, inteqrasiyası və birliyi naminə əlimdən gələni əsirgəməməyə, göstərilən etimadı doğrultmağa çalışacağam”.
Xatıladaq ki,
Füzuli Məcidli 1982-ci il sentyabrın 15-də Cəlilabad rayonunun Şatırlı kəndində anadan olub. 1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub, 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.
2001-2002-ci illərdə Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsləri (ABA CEELİ) layihəsi çərçivəsində insan hüquqları üzrə bir illik kursu uğurla başa vurmuşdur. 2003-2005-ci illərdə Azərbaycan Universitetinin magistraturasında Beynəlxalq iqtisadi münasibətlər üzrə təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir.
2005-ci ildlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və xarici siyasətin tarixi ixtisası üzrə əyani doktoranturasına daxil olmuşdur. 2007-2010-cu illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi olmuşdur. “Qloballaşma və beynəlxalq münasibətlərdə paritetlik problemi” mövzusunda dissertasiya müdafiə edərək, 2014-cü ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Dünyanın müxtəlif ölkələrində onlarla elmi və publisistik məqalələri çap olunumuşdur.
Azərbaycan, Türkiyə, Fransa, Avstriya, İsveçrə, Xorvatiya, Macarıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Monqolustanda elmi konfransların iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdir.
İsveçrənin Zuq şəhərində Sülh və Dialoq İnstitutunun “Sülhyaratma, vasitəçilik, münaqişələrin həlli və beynəlxalq mədəni əlaqələr” üzrə kurslarında iştirak edib.
Beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətinə və səmərəli fəaliyyətinə görə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin “Fəxri fərman”ı, "Qazaxıstan Respublikasının birliyinin gücləndirilməsinə, sülhün və barışın qorunmasına, mədəniyyətin inkişafına böyük töhfələrinə görə” isə Qazaxıstan Respublikasının Qurucu Prezidenti Nursultan Nazarbayevin imzasıyla Qazaxıstan Xalqı Assambleyasının “Birlik” qızıl medalı ilə təltif olunub.
1999-cu ildən müxtəlif mətbuat orqanlarında çalışmışdır. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) redaktor, böyük redaktor, şərhçi və şöbə müdiri, büro rəhbəri vəzifələrində işləyib, “Ortaq Məxrəc”, “Rəqəmsal dünya” və “İnformasiya cəmiyyəti” verilişlərinin redaktoru və aparıcısı olmuşdur.
Evlidir. İki övladı var.