“Azərsu” Ələtdə yeni kollektor inşa edir

"Azərsu" ASC ölkə iqtisadiyyatı üçün əhəmiyyətli Ələt Azad İqtisadi Zonasında magistral su kəmərləri və yağış sularının kənarlaşdırılması üçün kollektorlar inşa edir.

 

Modern.az bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, Zonanın içməli su təchizatı sisteminin yaradılması layihəsinə əsasən, ərazinin su təchizatı Kür-Bakı magistral su kəməri hesabına təmin olunacaq. Bu məqsədlə magistral xətdən birləşmə verilib və zona ərazisinə 530 mm diametrli borularla magistral su kəməri çəkilib. Eyni zamanda Kür-Bakı magistralının xüsusi iqtisadi zonanın ərazisindən keçən 1,5 km-lik hissəsi köçürülərək zona xaricinə çıxarılıb.

 

Ərazidə yaranacaq yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə hazırda 900 metr uzunluğunda açıq tipli kanal inşası davam etdilir. Açıq kanala toplanan sular 1400 və 1800 mm diametrli beton borulardan ibarət 3 km uzunluğunda qapalı kollektorlara ötürülərək kənarlaşdırılacaq. Kollektorların avtomobil və dəmir yolu ilə kəsişmələrində ümumi uzunluğu 190 metr olan 2 mikrotunel inşa olunur.

 

İndiyə qədər açıq və qapalı kollektorların 60 faizdən çox hissəsi inşa edilib. İcrasına cari ilin sentyabr ayında başlanmış layihə üzrə işlərin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

 

Layihənin növbəti mərhələsində xüsusi iqtisadi zonada sutkalıq gücü 2000 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu inşa ediləcək. Gələcəkdə Ələt qəsəbəsi və ətraf yaşayış məntəqələrinin, həmçinin Ələt Azad İqtisadi Zonasının inkişafı nəzərə alınaraq məhsuldarlığı sutkada 20000 kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Burada təmizlənən suyun kənarlaşdırılması məqsədilə Xəzər dənizinin dibi ilə 3 km uzunluğunda xəttin tikintisi də layihələndirilib.

Mənbə:
0
35
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar