Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında maraqlı hadisə baş verib.

Axar.az-ın məlumatına görə, 23-cü dəqiqədə meydana quş daxil olub. Bunu görən Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev topu oyuna daxil etməyib.

Təhlükəsizlik əməkdaşları quşu meydandan çıxardıqdan sonra görüş davam etdirilib.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa veriblər.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

S.Cavid bildirib ki, onun Baş nazir Boris Consona olan inamı tamamilə itib.

R.Sunak isə Consonla fərqli mövqelərə malik olduğunu deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İtaliyanın Baş naziri Mario Draqi ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

Axar.az xəbər verir ki, tərəflər Rusiyanın apardığı müharibədə Ukrayna ilə həmrəy olduqlarını və bu ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər.

Onlar Ukraynada sülhün tezliklə bərqərar olması üçün səylərini davam etdirmək barədə razılığa gəliblər.

Ukraynadan taxıl ixracına maneələrin aradan qaldırılması üçün təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayan tərəflər BMT və digər müvafiq təşkilatlarla oxşar humanitar məsələlərdə birgə işləmək əzmində olduqlarını bir daha bəyan ediblər.

Bakıda 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Axar.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.

Rəsmi məlumatda deyilir ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri Baş İdarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Aqil Babayev O “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, liderlər bu ilin martında Daşkənddə Strateji Tərəfdaşlıq Şurasının ikinci iclasında əldə olunmuş razılaşmaların icrasının gedişini müzakirə ediblər.

Türkiyə Prezidenti Şövkət Mirziyayevin Qaraqalpaqıstan Respublikasında sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsi istiqamətində səylərini tam dəstəkləyib.

Özbəkistan və Türkiyə arasında çoxşaxəli, ilk növbədə, ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və mədəni-humanitar sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli layihələrin təşviqinin vacibliyi qeyd edilib.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının 2022-ci ilin noyabrında Səmərqənddə keçiriləcək zirvə görüşü ilə bağlı da fikir mübadiləsi aparılıb.

Dövlət başçıları bir-birini qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, ölkələrimizin qardaş xalqlarına firavanlıq və firavanlıq arzulayıblar.

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Berdyansk şəhərində bir neçə partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayışın limanda baş verdiyi ehtimal edilir.

Məlumata görə, partlayışın səsi o qədər güclü olub ki, şəhərin dağlıq ərazilərində də eşidilib.

Azərbaycanda uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılacaq.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib.

Bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.

BMT sülhməramlı qüvvələrinin konvoyu Malidə minaya düşüb.

Axar.az xəbər verir ki, mina partlayışı nəticəsində sülhməramlıların 2 əsgəri ölüb, 5-i isə ağır yaralanıb.

Dünyasını dəyişən əsgərlərin Misir vətəndaşları olduğu deyilir.

KFC restoranlar şəbəkəsinin sahibi "Yum!Brands" şirkəti Rusiyadakı biznesinin satışı ilə bağlı danışıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti bildirib.

Məlumatda bildirilir ki, şirkət restoranların, əməliyyat sisteminin və franşiza hüququnun təhvil verilməsi ilə bağlı yerli operatorlarla danışıqlar aparır.

Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan lideri Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları aktual məsələləri, o cümlədən ticari-iqtisadi əməkdaşlığı müzakirə ediblər.

Həmçinin, Putin Özbəkistan rəhbərliyinin Qaraqalpaqıstanda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib.

Polşada UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Lex" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Axar.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Baş məşqçi: Con van den Brom

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Poznandakı eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq

İyulun 5-də Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Qiesen Universitetinin dosenti, alim Mixael Reynhard Hessi qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildiriblər ki, görüşdə alim M.Hess “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabını nazir Ceyhun Bayramova təqdim edib. Alim qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini geniş oxucuların diqqətinə çatdırmaqdır. O, kitabın ölkəmizlə bağlı elmi araşdırmalar aparan şəxslər üçün etibarlı mənbə qismində çıxış edəcəyini bildirib.

Nazir Ceyhun Bayramov alim Mixael Hessə təşəkkürünü ifadə edib. O, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı xarici mütəxəssislər, elm adamları tərəfindən araşdırmaların aparılmasının vacibliyini vurğulayıb və bu mənada kitabın dəyərinin yüksək olduğunu söyləyib. Nazir alman dilində dərc olunan kitabın gələcəkdə digər xarici dillərə də tərcümə edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Nazir Ceyhun Bayramov alman alim Mixael Hessə gələcək fəaliyyətində uğurlar arzu edib.

Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində 16 yaşlı gənc batıb.

Bu barədə Axar.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

"112" qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Eldar Cəmaləddin oğlu Quliyevin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bu gün TikTok sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.

Axar.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilib və saxlanılıb.

İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.

"Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir", - açıqlamada deyilir.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.

Britaniyalı zəvvar Adəm Məhəmməd piyada 6,5 min kilometr məsafə qət edərək Məkkəyə çatıb. İndi o, Həcc ziyarətinə hazırlaşır.

Axar.az xəbər verir ki, 52 yaşlı britaniyalı zəvvar 11 ay və 26 gün ərzində Niderland, Almaniya, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə, Livan, Suriya və İordaniya ərazilərindən keçərək Səudiyyə Ərəbistanına daxil olub. O, sutkada orta hesabla 17,8 kilometr məsafə qət edərək Məkkədəki Ayişə məscidinə çatıb. Burada britaniyalı zəvvarı yerli sakinlər və Londondan Həcc ziyarətinə gəlmiş iki qızı qarşılayıblar.

Adəm Məhəmməd bildirib ki, COVID-19 pandemiyasının tüğyan etdiyi ötən iki ildə müqəddəs Quran oxuyub və Həcc ziyarətinə getməyi arzulayıb. Britaniyadakı xeyriyyəçilər ona və iki qızına bu arzularını yerinə yetirməkdə yardım ediblər.

Böyük Britaniya Ukraynaya 10 özüyeriyən artilleriya sistemi verəcək.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Boris Conson deyib.

O bildirib ki, artilleriya sistemləri ilə yanaşı, dron-kamikadzelər yaxın gün və həftələrdə Ukraynaya çatdırılacaq.

İcbari sığortalar üzrə informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı genişləndirilir.

Axar.az-ın xəbərinə görə, bununla bağlı "İcbari sığortalar haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə avtomobil nəqliyyatı vasitəsindəki sərnişin yerlərinin sayı, daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın məzmununda əks edilən, sürücülük vəsiqəsində əks olunan, daşınmaz əmlakın və nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilədə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamədə əks olunan məlumatlar icbari sığortalar üzrə informasiya sisteminə daxil ediləcək.

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.

Axar.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən "Qaziantep"lə üz-üzə gəlib. Qarşılaşma "qırmızı-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan təmsilçisindən yeganə qolu 70-ci dəqiqədə Ülvi İsgəndərli vurub. Rəqibdən isə Papi Ciloboci və Aleksandru Maksim fərqləniblər.

Qeyd edək ki, "Qəbələ" iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə də qarşılaşacaq.

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilir.

Axar.az-ın xəbərinə görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanunun 30-cu maddəsinə (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) dəyişiklik təklif olunur.

Dəyişikliklə qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.

Özbəkistan ərazisinə 5 reaktiv raket düşüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Raketlərin Əfqanıstandan buraxıldığı ehtimal edilir. Dağıntı və tələfat yoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub.

Axar.az xəbər verir ki, baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət əvvəlcə Tərtər rayonunun Suqovuşan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə əklil qoyulub.

Daha sonra “Suqovuşan-1” Su Elektrik Stansiyası və Suqovuşan su anbarına baxış keçirilib, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov tərəfindən Azərbaycan Respublikası Prezidentinin tapşırıqları ilə bağlı görülən işlər barədə məlumatlar verilib. Daha sonra Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Turizm İnkişaf Konsepsiyası ilə bağlı görülən işlər barədə məruzə edib.

Heyət Suqovuşan qəsəbəsində turizm təyinatlı fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə məlumat verib.

Heyətin üzvləri, həmçinin Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində olublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev kəndin hazırlanan layihəsi barədə, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova kəndin dövlət başçısının son tapşırıqlarına uyğun olaraq tərtib olunan Turizm İnkişaf Konsepsiyası barədə məlumat veriblər.

Daha sonra Ağdam istiqamətində yola düşən heyət üzvləri Bərdə-Ağdam dəmir yolunun, eləcə də Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yollarının tikintisi işləri ilə tanış olublar, görülən işlər barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Hicran Valehov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məruzələr ediblər.

Şahbulaq qalasında görülən işlərlə tanışlıq zamanı Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova tərəfindən Şahbulaq Turizm Kompleksinin layihəsi barədə məlumat verilib. Daha sonra ANAMA-nın Ağdam mobil sahə düşərgəsinə yola düşən iştirakçılar düşərgə və minatəmizləmə işləri ilə tanış olublar.

Ağdam şəhəri ərazisində heyət üzvləri "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinə baxış keçirib, daha sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağdam Sənaye Parkında görülmüş işlər barədə həyətə ətraflı məlumat verib.

Heyət üzvləri, həmçinin Ağdamda inşa olunan yaşayış kompleksinin tikinti işləri ilə də tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Ağdam Cümə məscidində görülən işlər barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Fondun icraçı direktoru Anar Ələkbərov ətraflı məlumat verib. Daha sonra təhsil naziri Emin Əmrullayev heyəti Ağdamda 1 saylı tam orta məktəbdə aparılan tikinti işlərinin gedişatı ilə tanış edib.

Səfərin sonunda Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.

Səfər müddətində baxış keçirilən bütün yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər və tövsiyələr verilib.