AZ

Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir

Keçmiş Azərbaycan SSR Ali Sovetində 32 il bundan əvvəl 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu heç də asanlllıqla başa gəlməyib. Azərbaycanın Dövlət Müstəqilliyi haqqında məsələ Azərbaycan SSR Ali Sovetinin 1991-ci il oktyabrın 8-də keçirilmiş növbədənkənar sessiyasında dörd gün müzakirə edildikdən sonra bu tarixi sənəd 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında qəbul edilib.

Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu zamanı Ali Sovetin 360 deputatından 258-i səs vermiş, yerdə qalanlar ya sessiyaya qatılmad; ya da ki, əleyhinə səs verdi. Qəbul edilmiş həmin Konstitusiya Aktında qeyd edilirdi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Aktda 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi kimi qiymətləndirilirdi. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab veriləcək. Eyni zamanda bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır. Konstitusiya Aktı ümumilikdə 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95 faizi bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. Milli Məclis 2006-cı il dekabrın 8-də Əmək Məcəlləsinə dəyişiklik edərək 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayram kimi qəbul etdi, lakin bu bayramlar istirahət günü kimi qeyd edilmədi.

2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə "Müstəqillik Günü haqqında" yeni Qanunu təsdiq edildi. Həmin Qanuna görə mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Tarix təsdiq edir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Lakin qeyd edilməlidir ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Lakin xalqımız bu çətin günlərdə qətiyyət və möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxa bildi. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdaraq ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Əslində, Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni inkişaf yoluna qədəm qoydu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ulu öndər Heydər Əliyev müasir dövlət quruculuğu istiqamətində işlərə başladı. Ümummilli Liderin yorulmaz səyləri nəticəsində qısa müddətdən sonra Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatların yüksək kürsülərindən gəldi. Hazırda Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi müvəffəqiyyətlə həyata keçirir. Prezident İlham Əliyevin dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olunub və bu sahədəki işlər davam etdirilir.

Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Təbii ki, ölkəmizin qüdrətini nnümayiş etdirən daha bir hadisə bu il sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşlələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejiminin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Sevda Səfərova


BiG.Az
Seçilən
106
big.az

1Mənbələr