AZ

Ştayner: Peresin qaldığını eşidəndə təəccübləndim

F-1.az xatırladır ki, meksikalı sürücünün nəticələri ardıcıl səkkiz mərhələdə nə azarkeşlərini, nə komandanı, nə də özünü sevindirmir. İmoladan başlayaraq o, cəmi 28 xal qazanıb və fərdi hesabda 7-ci yerə düşüb. Əgər vəziyyət dəyişməsə və çempion komandanın rəqibləri inkişaf etməyə davam etsə, mövsümün sonunda Red Bull-un Mühəndislər Kubokunu itirmək riski var. Artıq indi McLaren ondan cəmi 42 xal geri qalır.

Belə görünürdü ki, Belçika Qran-Prisinin nəticələri Red Bull-un səbir kasasını daşıran son damla olacaq: Maks Ferstappen Spada 11-ci mövqedən start götürüb 4-cü yeri tutmuşdu, Peres isə sıralanma turunda layiqli 2-ci nəticə göstərsə də, yarışda yalnız yeddinci ola bilmişdi.

Yay fasiləsindən sonra meksikalının yerini ya Liam Louson, ya da Daniel Rikkardonun tutacağı barədə fərziyyələr irəli sürülürdü, lakin status-kvo qorunur – hələlik.

Günter Ştayner Peresin tezliklə işdən çıxarılacağını proqnozlaşdıranlar arasında idi və indi RacingNews365 podkastında iştirak edərək keçmiş Haas rəhbəri vəziyyəti yenidən şərh etməli olub:

“Alman televiziyasının canlı efirində dedim: “Düşünmürəm ki, yay fasiləsindən sonra Serxionu görəcəyik”. Amma güman edirəm ki, paddokdakı insanların 90%-i, bəlkə də daha çoxu eyni şeyi deyirdi, çünki o, sadəcə lazımi nəticələri göstərmir.

Belçika həftəsonunda Kristian Horner və Helmut Markonun dediklərinin hamısı bir şeyə gətirib çıxarırdı: “Bizə hansısa dəyişikliklər lazımdır”. Ona görə mən də bu barədə danışdım. Axı mən bunu özüm uydurmamışam, Serxionun komandada qalıb-qalmamasına qərar vermək mənə aid deyil. Burada mənim səs vermək hüququm yoxdur, amma Red Bull-da bəzi dəyişikliklərin olacağını başa saldılar.

Və onun qaldığını oxuyanda mən də hamı kimi təəccübləndim. Peresin əleyhinə heç nə demirəm, amma o, sadəcə pis çıxış edir”.

Görünür, Red Bull komandanın tərkibini saxlamağa üstünlük verib, çünki bu, Ədrian Nyui və Conatan Uitli kimi mütəxəssislərin getməsi ilə bağlı baş verən digər dəyişikliklərin fonunda sabitliyin hər hansı təzahürü olacaq. Milton Kinsdə hələ də ümid edirlər ki, Peres əvvəlki formasına qayıda biləcək, çünki Serxio tam gücü ilə çıxış edəndə müntəzəm olaraq podium qazanır.

Lakin bu, Formula1-də karyerasını davam etdirməyi planlaşdıran meksikalının özü üçün də az əhəmiyyətli deyil və əlverişsiz ssenari zamanı onun karyerası başa çata bilər. Əgər o, Niderland Qran- risindən başlayaraq mövsümün qalan yarışlarında Red Bull-un gözləntilərini doğrulda bilməsə və komanda nəticədə Mühəndislər Kuboku uğrunda mübarizədə McLaren-ə uduzsa, bunu istisna etmək olmaz.

Seçilən
23
f-1.az

1Mənbələr