AZ

600 baldan yüksək bal toplayanlar ADPU-nun filiallarını seçdilər

Ölkənin təhsil sistemində, eləcə də pedaqoji kadr hazırlığının mərkəzi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılan ardıcıl fəaliyyət nəticəsində, nəinki ildən-ilə yüksək balla bu ali təhsil ocağını seçən gənclərimizin sayı artır, eləcə də 600 baldan yüksək nəticə göstərən abituriyentlər ADPU-nun filiallarını da seçirlər.
ADPU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanlarında 658,8 bal toplayan Mədinə Nəsirli ADPU-nun Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını seçib. O, 2007-ci ildə Cəlilabad şəhərində anadan olub. Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbin məzunudur. Onun qardaşı da filialın sonuncu kurs tələbəsidir.
III ixtisas qrupu üzrə qəbul imtahanlarında 639 bal toplayan Mədinə Həmidova isə Pedaqoji Universitetin Şamaxı filialını seçib. Orta məktəbi fərqlənmə diplomu ilə bitirən Mədinə təhsilini filialın Tarix müəllimliyi ixtisasında davam etdirəcək.
600 baldan yüksək nəticə göstərən daha iki abituriyent isə öz ixtisas seçimlərində ADPU-nun Quba filialını seçiblər.
610 balla ADPU-nun Quba filialını seçən Nəzrin Novruzova 2007-ci ildə Quba rayonunun Aşağı Atuc kəndində dünyaya gəlib. Eyni kənddə tam orta təhsil alan Nəzrin dəfələrlə fənn olimpiadalarında iştirak edərək yüksək nəticələr göstərib.
Qəbul imtahanlarında 607 bal toplayan Həlimə Eyyubovanın da seçimi ADPU-nun Quba filialıdır. O, 2007-ci ildə Quba rayonunda anadan olub. 2013-2019-cu illərdə Quba rayon Hikmət Hüseynov adına 4 saylı tam orta məktəbdə, 2019-2024-cü illərdə isə Quba rayon Mehrab Niftəliyev adına texniki təmayüllü liseydə təhsil alıb.
Son illərdə Pedaqoji Universiteti və onun filiallarını seçən abituriyentlər arasında 500 baldan yüksək nəticə göstərən gənclər üstünlük təşkil edir. Bu, həyata keçirilən tədbirlərin nəticəsində müəllimlik peşəsinə artan marağın daha bir göstərici hesab oluna bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
turk.az

5Mənbələr