AZ

TƏBİB-in “Sağlam həyat – sağlam həyət” layihəsi davam edir – FOTO

Vətəndaşların diqqətinin insan sağlamlığına yönəldilməsi, əhalidə bir sıra xəstəliklərin erkən aşkarlanması, səhhətində yaranan xəstəliklərdən xəbərsiz olan vətəndaşların zamanında ixtisaslı həkimlərə yönləndirilməsi və eləcə də müxtəlif tibbi mövzularda maarifləndirmə işinin təşkili məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Sağlam həyat – sağlam həyət” layihəsi davam edir.

TƏBİB-dən Doğru.az-a bildirilib ki, layihə çərçivəsində növbəti aksiya Yasamal rayonunu Məhəmməd Xiyabani küçəsində keçirilib. Tibbi aksiyada vətəndaşlara terapevtik, kardioloji, oftalmoloji, pediatrik, nevroloji, endokrinoloji, immunoloji, otorinolarinqoloji, radioloji, USM, laborator və digər tibbi xidmətlər göstərilib.

Layihənin daha əhatəli və keyfiyyətli icrası məqsədilə əraziyə iki “Mobil klinika” avtomobili, habelə baş verə biləcək təcili və təxirəsalınmaz halların qarşısının vaxtında alınması məqsədilə təcili tibbi yardım briqadası cəlb olunub.

Budəfəki aksiya zamanı 109 vətəndaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində 280 adda tibbi xidmət göstərilib. Müayinələr nəticəsində 15 nəfərdə qaraciyərin distrofik dəyişikliyi, 37 nəfərdə arterial hipertoniya, 12 nəfərdə nevroloji xəstəliklər, 8 nəfərdə miopiya, 7 nəfərdə böyrək xəstəlikləri, 6 nəfərdə qalxanvari vəzin xəstəlikləri, 7 nəfərdə şəkərli diabet, 2 nəfərdə katarakta, 1 nəfərdə stenokardiya və digər ürək xəstəliklərinin əlamətləri aşkarlanıb.

Müayinələr zamanı 12 nəfərdə müxtəlif xəstəliklərin daha ağırlaşmış formaları müəyyən edilib. Sağlamlığı üçün ciddi təhdid törədən xəstəliklərdən bu günədək xəbəri olmayan vətəndaşlar dərhal TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Qeyd edək ki, tibbi aksiya zamanı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşları tərəfindən tibbi mövzular üzrə təqdimatlar edilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara ilkin səhiyyə xidmətinin əhəmiyyətindən və müxtəlif xəstəliklər, onlarla mübarizə yollarından bəhs edən təbliğat materialları paylanılıb.

“Sağlam həyat – sağlam həyət” layihəsi insanların sıx məskunlaşdığı yaşayış komplekslərində, eləcə də məhəllələrdə səyyar tibbi xidmətin göstərilməsini və sakinlərin şifahi maarifləndirilməsi tədbirlərini özündə ehtiva edir. Layihə çərçivəsində uşaqdan tutmuş böyüyə kimi hər kəsin ilkin müayinələrə cəlb olunması, səyyar müayinələr zamanı hər hansı xəstəlik müşahidə edilərsə, həmin şəxslərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən ilkin səhiyyə müəssisələrinə və ya ixtisaslaşmış tibb mərkəzlərinə yönləndirilməsi nəzərdə tutulur.

DOĞRU.AZ

image-17237051842882855567_1200x630 image-17237051843705752059_1200x630 image-1723705184784647084_1200x630 image-17237051846316833600_1200x630 image-17237051843292115766_1200x630

Seçilən
46
24
dogru.az

10Mənbələr