AZ

“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırsa da, gerilədik

“Qarabağ” ötən gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində UEFA reytinqində Azərbaycanın xal ehtiyatını zənginləşdirib.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Ludoqorets” komandasına qarşı keçirdiyi cavab oyunundan 7:2 hesablı səfər qələbəsi ilə ayrılıb.

Nəticədə Ağdam klubu Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Bu qələbə sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib.

Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 2.000 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən digər klublardan “Sumqayıt” reytinqə 0,125, “Sabah” isə 0,250 ballıq töhfə verib. “Qarabağ”ın qazancı 0,750 xaldırsa, ən böyük fayda “Zirə”dəndir – 0,875 xal.

Son 5 mövsümdəki ümumi əmsalı 18.750-yə çatan Azərbaycan reytinq cədvəlində 25-ci pillədə qərarlaşıb. Ağdam klubunun son qazancına baxmayaraq, Azərbaycan bir pillə geriləyib. Buna İsveçin sıçrayışı səbəb olub. Azərbaycanla İsveçin ümumi xalı bərabər olsa da, sözügedən ölkə cari mövsümdə daha çox qazanclı çıxıb – 3,000.
26-cı pillədə isə 18.475 xala malik Kipr var.

Reytinq cədvəlinə yenə İngiltərə (89,160) başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73.989) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,660) dördüncü, Fransa (57,950) isə beşinci sıradadır. Türkiyə 35,100 balla 10-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.

Seçilən
82
2
arena.az

10Mənbələr