AZ

Kimdir günahkar?

Sıralanan zəhərlənmələr...

Son aylar respublikamızın müxtəlif bölgələrində qidalardan kütləvi zəhərlənmə hadisələri baş verməkdədir. Bir neçə gün əvvəl isə Gəncə şəhərində və Göygöl rayonunda  kütləvi zəhərlənmə baş verib. Yas mərasimdə iştirak edən 120 nəfərin zəhərləndiyi qeyd olunur.

Göygöl rayonundakı restoranlardan birində baş tutan toy məclisində 20 nəfərin qidadan zəhərləndiyi bildirilir. Zərərçəkənlər Göygöl və Gəncə şəhərlərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Hazırda Gəncə şəhərindəki Abbas Səhhət adına xəstəxanada müalicə olunanların vəziyyəti gərgin olsa da həkimlərin ciddi nəzarəti altında yaxşılaşmağa doğru gedir.

Bilirik ki, yaz- yay aylarında havanın temperaturu yüksək olduğu üçün otaq şəraitində və isti mühitdə bir saatdan artıq qaldıqda bəzi qidaların tərkibində kimyəvi, fiziki, bioloji, mikrobioloji çirklənmələr baş verir. Bu da qida zəhərlənməsinə səbəb olur. Deməli, isti zəhərlənmənin əsas komponentlərindən biridir. Yüksək risk qrupuna aid olan ət-süd və balıq məhsulları da açıq havada uzun müddət qaldıqda zərərli ola bilər. Əgər bu qidalar dondurulubsa, donu açıldıqdan dərhal sonra bir dəfə bişirmək lazımdır. Meyvə-tərəvəzləri ziyanvericilərdən qorumaq üçün istifadə olunan pestisidlər də zəhərlənməyə səbəb ola bilər. Meyvə-tərəvəz yuyulmadan qəbul edildikdə isə daha təhlükəli xarakter alır.

Təcrübəli həkimlər bildirirlər ki, bu cür zəhərlənmələr qida toksikoinfeksiyaları adlanır. Söhbət botulizmdən (botulizm-müxtəlif tipli bakteriyalar və onların güclü ekzotoksinləri ilə törədilən ağır qida toksikoinfeksiyasıdır) gedir. Bu, adətən istifadə müddəti keçmiş və saxlanma qaydaları pozulmuş qidalarda inkişaf edən bakteriyaların yaratdığı haldır. Onların tokisiki məhsulları bədənə daxil olduqda orqanizmdə zəhərlənmə yaradır. Zəhərlənmələrin ən təhlükəlisi botulizmdir. Botulizm ölümə daha tez aparıb çıxarır. Digərləri isə ağır tokisiki vəziyyətlər yaradır. Ancaq onlar da ölümə səbəb ola bilərlər. Belə vəziyyətlərin yaranmaması üçün qidaların düzgün hazırlanması, saxlanma qaydalarına ciddi riayət edilməsi, müddəti keçdikdə isə  istifadədən çıxarılması vacibdir. Hər kəs bilməlidir ki, qida təhlükəsizliyi həm də ölkənin milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Ona görə də iaşə müəssisələrində qidaların hazırlanması zamanı ciddi nəzarət lazımdır. Sovet dövründə iaşə müəssisələrinə çox ciddi nəzarət var idi. İndi özəl iaşə müəssisələri mövcud olduğuna görə onların üzərində nəzarət mümkün deyil. Bu, spirtli içkilərə də aiddir. Hamıya məlumdur ki, evlərdə, özəl obyektlərdə, şadlıq saraylarında texniki standarta uyğun olmayan içkilər hazırlanır. 

Bəzən boyat qidaları soyuducuda saxlayırlar və onlar kefiyyət parametrlərini xeyli itirir. Nəticədə bu qidaların tərkiblərində inkişaf edən ayr-ayrı mikro orqanizmlər fəsadlar törədir. Ət mənşəli bulyonlarda, xörəklərdə belə infeksiyalar daha çox inkişaf edir. Bu cür infeksiyalar mikrobların qida mənbəyidir.

Zəhərlənmələrə tərəvəz və meyvələr də səbəb ola bilər. Yaz-yay mövsümlərində yetişdirilən meyvə və tərəvəzlərə gəmiricilərə qarşı vurulan dərmanlar, mineral gübrələr meyvənin, tərəvəzin tərkibinə təsir edə bilər. Sadə dillə desək, tərəvəzi bazara tez çıxarıb baha qiymətə satmağa çalışanlar bitkilərə hətta qadağan olunmuş miqdarda mineral gübrələr verirlər. Bu tərəvəzin kütləsində çöküb qalır və zəhərlənmə yaradır. Xüsusilə xiyarda və pomidorda onları gözlə görmək belə mümkündür. Bu, böyük bir mövzudur və vaxtaşırı toxunacağıq.

Göygöl və Gəncədə baş verən zəhərlənmələr kütləvi olduğu üçün cinayət tərkibi yaradır.  Yəqin ki, inzibati orqanlar bununla bağlı müvafiq tədbirlər görəcəklər.

Etiraf edək ki, Azərbaycanda qida mədəniyyəti son dərəcə aşağıdır. Biz həddən artıq qida qəbul edirik, demək olar ki, idmanla məşğul olmuruq, daha çox hərəkətsiz qalırıq. Onu da deyək ki, restoranlarda və mərasim evlərində süfrəyə 30-40 adda yemək-içmək qoyulur ki, bunun özü də zəhərlənmə riski yaradır. Yayda isə isti havada bu risk daha da yüksəlir. Ona görə də istər yas məclislərində, istərsə də toylarda yemək-içməklərin sayı minimuma endirilməlidir. Bu süfrələrə elə nemətlər qoyulur ki, çox vaxt onlardan heç istifadə olunmur. Onda belə qidalara çəkilən izafi xərc nəyə lazımdır? Adətən, əl dəyməmiş bi qidalar süfrələrdən yığışdırılandan sonra növbəti toyun süfrəsinə qoyulur, yəni bir qida iki müştəriyə satılır.  Bu isə həm dələduzluq, həm də zəhərlənmə üçün zəmin yaradır.

Bununla bərabər, iaşə müəssisələri son dərəcə diqqətli olmalıdırlar. Bəzi iş adamları öz gəlirləri üçün insanların taleyini sual altında qoymamalıdırlar. Pulu haram yollarla qazananda fəsadlar verməsi min dəfələrlə sınanıb. Həm də bir vaxt özləri də bu aqibətlə üzləşə bilərlər.

Gəncədə və Göygöldə baş verən zəhərlənmələrin səbəbləri ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır. Şübhəsiz ki, araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Özümüz yaratmasaq cəmiyyətimizin bu qədər narahatlığı, vaxtsız ölümlər və ailələrin faciəsi baş verməzdi...Bu barədə ciddi düşünmək heç vaxt gec deyil.

Vəli İlyasov, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
ikisahil.az

1Mənbələr