AZ

Ağırlaşmış doğuş hallarının təhlili məqsədilə müşavirə keçirilib » Medical Media


TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü, erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın üzvlərinin iştirakı ilə müşavirə keçirilib.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Tibbi xidmətlərin inkişafı departamentinin Keyfiyyətin idarə olunması şöbəsinin müdiri Xanım Məlikova, Yeni Klinikanın direktoru Barat Yusubov, Sumqayıt Perinatal Mərkəzinin rəhbəri, Doğuşayardım Komissiyasını sədri Təranə Rəcəbli, Sumqayıt Perinatal Mərkəzinin Neonatal şöbəsinin müdiri Doğuşayardım Komissiyasının üzvü Yeganə Ağayeva, Sumqayıt Tibb Mərkəzinin Xəstə xidmətləri şöbəsinin müdiri Leyla Sədiyeva, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan ilkin səhiyyə xidməti (antenatal) göstərən müəssisələrin baş həkimləri, doğum evlərinin, şöbələrinin müdirləri və neonatoloji bölmənin, şöbənin rəhbərləri, keyfiyyətə nəzarət üzrə məsul şəxsləri iştirak ediblər.  

Tibb müəssisələrində antenatal, doğuşayardım və neonatal tibbi xidmətin təşkili, antenatal tibbi xidmətin təkmilləşdirilməsi, ana və uşaq sağlamlığına dair göstərilən tibbi xidmətlə bağlı məlumatların elektron portalda qeydiyyatının aparılması, mamalıq ağırlaşmalarının və ekstragenital xəstəliklərin diaqnostikasının vaxtında aparılması, neonatal təxliyənin kliniki protokollara uyğun həyata keçirilməsi, qeysəriyyə kəsiyi əməliyyatlarının tibbi göstərişlərə uyğun icrasının təşkili,  antenatal, doğuşayardım və neonatal tibbi xidmətin təşkilindən irəli gələn digər məsələlər müzakirə edilib. 

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tibb müəssisələrində ilkin səhiyyə xidmətinin təşkilinin vacibliyini vurğulayıb və bu sahədə təkmilləşdirmə işlərinin aparıldığını bildirib. 

Qurumun Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova 2023-cü ildə TƏBİB tabeli müəssisələrdə göstərilmiş doğuşayardım xidmətinin, Sumqayıt Perinatal Mərkəzinin rəhbəri, Doğuşayardım Komissiyasını sədri Təranə Rəcəbli 2023-cü ildə baş vermiş ana ölümlərinin təhlillərini aparıblar. Tibbi xidmətlərin inkişafı departamentinin Keyfiyyətin idarə olunması şöbəsinin müdiri Xanım Məlikova tibb müəssisələrində Ana və uşaq sağlamlığının keyfiyyət standartları barədə ətraflı məlumat verib. 

Tədbirdə iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Seçilən
78
4
medicalmedia.az

5Mənbələr