AZ

"Müəllim" sözünü "Təhsilverən"lə əvəz etmək müəllimlərə hörmətsizlikdir…

Image

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim gənc nəslin mənəvi aləminin və təfəkkürünün memarı, cəmiyyətin sabahını etibar etdiyi şəxsdir. Bu baxımdan, müəllimlik, sözün əsl mənasında, çox şərəfli peşədir, məsuliyyətli vəzifədir.

Məlumdur ki, “müəllim” öyrədən deməkdir. Ancaq bu gün təhsil sənədlərində, təhsil ekspertlərinin dilində “müəllim” sözü əvəzinə “təhsilverən”lər sözü işlədilir. Maraqlıdır, müvafuq dil qurumları, alimlər ziyalılar hara baxır ki, bu gözəl və tarixi kökləri olan müəllim sözünü təhsilverənlərlə əvəz ediblər?

Ekspertlər hesab edir ki, “müəllim” sözünün “təhsilverən”lə əvəz olunması əslində müəllimlərə olan xoş olmayan münasibətin göstəricisidir.

Vüsalə Ağabəyli: “Müəllimi təhsilverən adlandırırlarsa, şagirdi, tələbəni də təhsilalan adlandırsınlar, bunun nə mənası var?”

Fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bəzən doğru islahatlar yerinə nə isə yenilik edilirmiş kimi imitasiya olunur: “Müəllim peşədir, şəxdir, varlıqdır. Təhsilverən isə müəssisə də ola bilər, kurs da ola bilər, müəllim də ola bilər, vəsait də ola bilər, ədəbiyyat da ola bilər. Dildə normal ümumişlək olan ifadənin əvəzlənməsi ədəbi dilə ağırlıq gətirməkdən başqa bir şey deyil. Müəllimi təhsilverən adlandırırlarsa, şagirdi, tələbəni də təhsilalan adlandırsınlar. Bunun nə mənası var? Bu bəyəm, bizdə inkişafa, əsaslı bir yeniliyə xidmət edir? Təhsilverən geniş anlayışdır. Müəllim isə təkcə təhsil vermir, həm də tərbiyə edir, yol göstərir, istiqamət verir, yeri gələndə nəvaziş və qayğı verir. İfadələri, terminləri dəyişməkdənsə, təhsilin kökündə duran boşluqları doldursunlar”.

Gülyaz Əliyeva: “Təhsilverən” termin kimi işlənir, müəllim sözü təhsilverənlə əvəz olunmayıb” 

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədr müavini Gülyaz Əliyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “təhsilverən” termin kimi işlənir: “Müəllim sözü təhsilverənlə əvəz olunmayıb. Təhsili tək müəllim deyil, usta, bərbərdə verə bilir. Bu mənada təhsilverən böyük məna kəsb edir. “Təhsilverən” və “təhsilalan” termin kimi sənədlərdə, danışıq tərzində istifadə olunur. Şagird, tələbə, istənilən sahədə öyrənmək istəyən şəxs təhsilalan adlanır”.

Cavanşir Əliyev: “Müəllim özünü tərbiyə edib, özündə kamil insani sifətləri aşılayıbsa, demək, müəllim adı ona yaraşır”

Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün Azərbaycan dilinə yeni sözlər, yeni ifadələr daxil olur: “Müəllim sözü artıq təhsilverənlə əvəz olunur. Bəli, müəllim təhsil verir, onun işi təhsil, tərbiyə verməkdir. Ancaq yeni terminin səsləndirilməsi düzgün çıxmır. Şagird, valideyn və ya kimsə müəllimi təhsilverən kimi çağırmır, müraciət etmir. Sadəcə, sənədlərdə müəllim sözü termin olaraq təhsilverən kimi təqdim olunur. Müəllim pedaqoq və psixoloqdur. Müəllim özünü tərbiyə edib, özündə kamil insani sifətləri aşılayıbsa, demək, müəllim adı ona yaraşır. Özünə aşıladığı bu sifətləri mütləq cəmiyyətə də aşılayacaq. Belə bir cəmiyyətdə missiya daşıyıcısı olan müəllimə yetirilən diqqət də yetərincədir”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
baki-xeber.com

1Mənbələr