AZ

Səudiyyə məktəblərində Çin dilini tədris edəcək 175 müəllim çalışacaq

Səudiyyə

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun ortalarından etibarən Səudiyyə Ərəbistanının ibtidai və orta ümumtəhsil məktəblərində 175 nəfər Çin dili müəllimi çalışmağa başlayacaq.

AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, iki ölkə arasında həyata keçirilən təhsil proqramına əsasən, çinli müəllimlər Səudiyyə Ərəbistanında xidmət edəcək ilk qrupu təmsil edəcəklər. Proqram iki ölkə arasında 2023-cü ildə Çin dili təhsili sahəsində əməkdaşlığı genişləndirmək üçün bağlanmış sazişin bir hissəsidir. Müvafiq olaraq, müəllimlər qrupu iyulun 29-dan avqustun 2-dək Tianjin Universitetində hazırlıq kurslarını tamamlayıb.

Təlim Səudiyyə Ərəbistanı və Çin Təhsil nazirliklərinin Pekindəki Dil Təhsili və Əməkdaşlıq Mərkəzi ilə birlikdə təşkil olunub. Sinxua xəbər agentliyinə bağlı “Cankao Xiaoxi” qəzetinin internet saytında da Səudiyyə Ərəbistanının ibtidai məktəblərində Çin dili dərslərinin tədris ediləcəyi bildirilib.

Çin dili tədris proqramları və iş imkanlarının təfərrüatlarını təqdim edən “jiaohanyu.com” saytının məlumatına görə, Çin yaxın illərdə Səudiyyə Ərəbistanına 800 müəllim göndərəcək. Təlimin təşkili üzrə baş nümayəndə, Səudiyyə Ərəbistanının “Tatweer Co” şirkətinin insan resursları üzrə mütəxəssisi Yaqin Talal tədbirin təşkilinə görə mərkəzə və universitetə təşəkkürünü bildirib.

Universitet rəsmisi Qu Kai bildirib ki, əsas məqsəd Çin dili və mədəniyyətini bilən 60 mindən çox beynəlxalq tələbə hazırlamaqdır. Onun sözlərinə görə, Çin gələcəkdə Səudiyyə Ərəbistanı ilə yeni təhsil və mədəniyyət layihələri həyata keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
azertag.az

2Mənbələr